Главная > Aqrar > Torpaqların Elektron Kadastr Uçotu Masallıda istifadəyə verildi

Torpaqların Elektron Kadastr Uçotu Masallıda istifadəyə verildi


25-12-2018, 15:58. Разместил: yeni321

Torpaqların Elektron Kadastr Uçotu Masallıda istifadəyə verildi

Dekabrın 25-də Masallı rayonunda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Masallı rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” mövzusunda ictimai təqdimat keçirilib.
Masallı RİH-nin akt zalında təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, komitənin tabeli qurumlarının nümayəndələri, kənd ərazi nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.
Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açıb. Rayon rəhbəri qeyd edib ki, Masallıda torpaq islahatı zamanı ciddi yanlışlıqlara yol verilmişdir. Bu da vətəndaşlarla bələdiyyələr arasında narazılığa səbəb olub. Torpaqların elektron xəritə sisteminə keçirilməsi isə mövcud nöqsanları aradan qaldırmağa imkan verəcəkdir.
Kadastr Ünvan Reyestr Xidmətinin rəis müavini Ramiz Quliyev çıxışında bildirib ki, Masallı rayonunda yekunlaşan torpaqların elektron kadastr uçotunun həyata keçirilməsi ilə bələdiyyələrin mülkiyyətində olan torpaqların dəqiq sərhədləri, miqyası, istifadə təyinatı müəyyənləşir. Eyni zamanda torpaqların ümumi həcmində dövlət və özəl torpaqların xüsusi payı təyin edilir. Layihənin həyata keçirilməsi bölgədə bələdiyyə, relyef, meyillilik xəritələrinin də tərtib edilməsini mümkün edib. Eyni zamanda, torpaqların müqayisəli qiymətləndirilməsini, bonitirovkasını həyata keçirməyə imkan verən xəritələr də mütəxəssislər tərəfindən hazırlanıb.
Hazırlanmış uçot işləri nəticəsində Masallı rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 51,3 min hektar torpaq sahəsinin mövcudluğu öyrənilib. Bəlli olub ki, 32 min hektar bələdiyyə, 5,7 min hektar dövlət, 24,6 min hektar özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 32,5 min hektara yaxını (63,3 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 27,1 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 26,7 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər müxtəlif uqodiyaların hesabına artaraq 27,1 min hektar olub. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 32,2 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin kənd təsərrüfatına yararlı olan sahələrdə (mülkiyyət növünə görə) yerləşən tikili və qurğular barədə müfəssəl məlumatlar da əldə edilmişdir. Belə ki, həmin ərazilərdə 4552 tikili və qurğuların (bundan 250-sinin dövlət, 2105 bələdiyyə, 2197-nin xüsusi mülkiyyətində) olduğu aşkar edilmişdir.
Görülən işlərlə paralel olaraq rayonun torpaq xəritəsi, yay otlaqlarının geobotaniki xəritəsi, eləcə də eroziya xəritələri tərtib edilib. Bununla hansı ərazilərin münbit olduğunu, hansı torpaqların şorlaşmaya məruz qaldığını müəyyən etmək olur. Fermer isə torpaqda hansı növ fermer təsərrüfatı ilə məşğul olacağını planlaşdıra bilir, torpağın aqrar sahədəki yararlılıq dərəcəsi mülkiyyətçiyə bəlli olur.
Təqdimatın sonunda layihənin praktiki nəticələri və istifadəsi ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.
Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı R.Hüseynov yekunlaşdıraraq tövsiyələr verib.
 

 

“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад