Главная > Aqrar > Masallının təsərrüfat xəbərləri
Masallının təsərrüfat xəbərləri23-01-2019, 14:15. Разместил: yeni321 |
Masallının təsərrüfat xəbərləri Masallı rayonunun Qarğalıq ərazisində baramaçılığın inkişafına diqqət və maraq ilbəil artır. Keçən mövsümdə qəbul məntəqəsinə barama təhvil verən kümçülər bu il də nəticələri yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirirlər. Bu məqsədlə ərazidə mövcud olan 1,5 hektar tut bağında bərpa işləri aparılır. Ağaclar budanır, ətrafı şumlanıb hamarlanır. Bağların seyrək yerlərində 1000 ədəd tut tingi əkilmişdir. Bundan başqa, barama qurdlarının zootexniki qaydada bəsləmək üçün əlavə otaqlar hazırlanır. Bu il 80 qram barama toxumu yetişdirilməsi nəzərdə tutulmuşdur. Qarğalıq fermerləri 3 hektar sahəni kartof əkini üçün hazırlayırlar. Bu məqsədlə toxum, polietilen örtük, gübrə, peyin tədarük edilmişdir. Əmək adamları əkin üçün əlverişli məqam gözləyirlər. Ərazidə kartofçuluğun inkişafı üçün əlavə tədbirlər də həyata keçirilir. Ərazidə kələm, pomidor, badımcan, bibər əkininə də hazırlıq işləri görülür. Şitilliklərin hazırlanması üçün peyin, toxum, örtük tədarük olunur. Keyfiyyətli şitil hazırlamaq üçün aqrotexniki qaydalar diqqətlə həyata keçirilir. Fevralın sonunda istixanalara toxum səpiləcək. *** Çaxırlı ərazisi rayonda böyük heyvandarlıq təsərrüfatlarındandır. Hazırda şəxsi və fermer təsərrüfatlarında 2046 baş iribuynuzlu, 3644 baş qoyun-quzu mövcuddur. Ötən il heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində önəmli tədbirlər həyata keçirilmişdir. 35 təsərrüfatda inəklər süni mayalandırılmış, yaxşı nəticə əldə olunmuşdur. Bu zoobaytar tədbir cari ildə də davam etdiriləcəkdir. *** Yeyənkənd ərazisində baramaçılığın inkişafına maraq artır. Sakinlər əvvəllər mövcud olmuş bu gəlirli sahəni yenidən dirçəltmək üçün tut ağaclarının qorunmasına diqqəti artırırlar. Ötən il kənd orta məktəbinin həyətində 300, digər məişət obyektlərin qarşısında 500 ədəd tut tingi əkilmişdir. Ağacların mühafizəsinə, hamı diqqət yetirir. *** Mahmudavar bələdiyyəsinin təşəbbüsü ilə kəndin mərkəzi yolunun gecə işıqları ilə təmin edilməsi işi yarımçıq qalmışdı. Bu günlərdə kəndin 1982-ci il təvəllüdlü gəncləri bu işi davam etdirirlər. Onlar öz vəsaitləri hesabına yolda daha əlli dirək, basdıraraq yolun işıqlandırılmasını başa çatdırıblar. Gənclər enerji sərfiyyatı pulunu da hər ay öz vəsaitləri hesabına ödəyəcəklər. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |