Главная > Aqrar > Masallıda tütün əkininə başlanıb
Masallıda tütün əkininə başlanıb27-04-2021, 17:01. Разместил: yeni321 |
Masallıda tütün əkininə başlanıb Bu il Masallıda 52 hektardan çox sahədə tütün yetişdirilməsi proqnozlaşdırılıb. Belə ki, rayonun əksər yaşayış məntəqələrində tütün əkiləcək. Artıq fermerlər və məhsul istehsalçıları parniklərdə yetişdirdikləri şitilləri sahəyə köçürməyə başlamışlar. Banbaşı kəndinin fermerləri əkinə daha erkən başlayblar. İlk gün 3 hektar sahəyə şitil köçürülmüşdür. Masallıda ilk dəfə 2015-ci ildə 14 hektarda tütün əkilib. 2019-cu ildə Masallı rayonunda tütün əkin sahələri genişləndirilərək 35 hektara çatdırılıb. Məhsul istehsalçıları Şəki şəhərində fəaliyyət göstərən tədarük məntəqəsinə 57,2 ton qurudulmuş tütün təhvil veriblər. Keçən il tütün əkin sahələri daha 16 hektar genişləndirilib. Torpaq mülkiyyətçiləri ötən il mövsümün əvvəlindən tütün məntəqələrinə 87.1 ton tütün təhvil veriblər. Ölkəmizdə ənənəvi sahələrdən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması Masallı fermerlərin də tütünçülüyə marağının artmasına səbəb olub. Masallı rayonunda da gəlirli istehsal sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq öz müsbət nəticəsini göstərir. Rayonda tütünçülüklə məşğul olan fermerləri narahat edən əsas problemlərdən biri məhsulun tədarükü və emalı ilə bağlıdır. “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda istehsal olunmuş tütün məhsullarının tədarükü, saxlanması və emalının, həmçinin Masallı rayonunda tütünqurutma məntəqələrinin yaradılması nəzərdə tutulub. Problemin həlli rayonda tütünçülüyün inkişafı üçün geniş imkanlar yaradar. Ötən illərdə məhsul istehsalçıları əkin zamanı daha çox “İmmunium” növlü ətirli tütünə üstünlük veriblər. Bu il də həmin sortdan istifadə ediləcək. www.yeniheyet.az Вернуться назад |