Главная > Dünya Xəbərləri > Tarixdə bu gün - 25 noyabr

Tarixdə bu gün - 25 noyabr


25-11-2017, 12:48. Разместил: yeni321
Tarixdə bu gün - 25 noyabr


25 noyabr Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günüdür. Bu gün 1999-cu ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə qeyd olunmağa başlayıb. Tarixin seçilməsi isə 1960-cı il noyabrın 25-də Dominikanda diktator rejiminə qarşı mübarizə aparan Mirabal bacılarının edam olunması ilə bağlıdır.

1901-ci il. Azərbaycanın və SSRİ-nin Xalq Artisti, aktrisa Mərziyyə Davudova anadan olub (1901-1962). Azərbaycan səhnəsinin ən qüdrətli aktrisası sayılan M.Davudovanın ilk rolu 16 yaşında Həştərxanın İqbal məktəbində “Birinci teatr” adlı ikipərdəli tamaşada oynadığı Əfifə obrazı olub. Aktrisanı ilk dəfə görüb istedadını kəşf edən unudulmaz Hüseyn Ərəblinski olub. M.Davudova Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və mürəkkəb qadın obrazları yaradıb. Geniş yaradıcılıq diapazonuna malik aktrisa Azərbaycan kinosunun inkişafında da müəyyən xidmətlər göstərib. O, “Hacı Qara” (1929), “Bir ailə” (1943), “Bakının işıqları” (1950) kimi bir sıra filmlərdə çəkilib. 1956-cı ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edən M.Davudova əslində qaranlıq bir mühitdə parlayan ulduz idi. O, Xalq Artisti Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub.
 
1918-ci ildə Azərbaycanın Xalq Yazıçısı, Dövlət Mükafatı laureatı, dramaturq və kinossenarist İmran Qasımov anadan olub (1918-1981). Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədibin yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı “Uzaq sahillərdə” romanı dövrünün ən populyar əsərlərindəndir. İ.Qasımovun yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var. Buna “Xəzər neftçiləri haqqında dastan”, “Dəniz cəsurları sevir” (H.Seyidbəyli ilə birlikdə), “İnsan məskən salır“ , “Arzu”, “Xəzər üzərində şəfəq” kimi bir sıra əsərlərini misal göstərmək olar. O, “Yeni horizont”, “Sovqat”, “Əbədi odlar ölkəsi”, “Bakıdan Göygölədək” və digər filmlərin ssenari müəllifi olub.
 
1994-cü il.  Xalq Artisti, aktyor Məmməd Bürcəliyev vəfat edib (1914-1994). Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayan M.Bürcəliyev 1935-ci ilədək burada çalışıb. 1935-ci ildən ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. M.Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qalereyası yaradıb, 11 pyesə quruluşçu rejissor kimi səhnə həyatı bəxş edib. O, “Dəli Kür”, “Qəm pəncərəsi”, “O dünyadan salam” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. 1944-1945-ci illərdə M.Bürcəliyev Fikrət Əmirovla birgə ilk dəfə Gəncə Dövlət Filarmoniyasını yaradıb və həmin illərdə bu müəssisəyə rəhbərlik edib. M.Bürcəliyev Xalq Artisti Sədayə Mustafayevanın həyat yoldaşı olub.

1889-cu il.  Türkiyə yazıçısı, dramaturq Rəşad Nuri Güntəkin anadan olub (1889-1956). R.N.Güntəkinin oxucular tərəfindən çox sevilən “Çalıquşu” (1921), “Dodaqdan qəlbə” (1924), “Yarpaq tökümü” (1939), “Kavak yelləri” (1961) kimi bir sıra əsərləri əsasında tamaşalar hazırlanıb, filmlər çəkilib.шаблоны для dle 11.2
Вернуться назад