Главная > Dünya Xəbərləri > Masallıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ikigünlük seminar-müşavirəsi başa çatıb

Masallıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ikigünlük seminar-müşavirəsi başa çatıb


15-12-2018, 18:10. Разместил: yeni321
 
Masallıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ikigünlük seminar-müşavirəsi başa çatıb
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusundakı ikigünlük (13-14 dekabr) seminar-müşavirə başa çatıb.
Dekabrın 13-də, seminar-müşavirənin ilk günü dindarların, ziyalıların, ağsaqqalların, ictimaiyyətin geniş diskusiyası şəraitində keçib.
Seminar-müşavirəni Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ceyhun Bəşirov açıb.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı məruzəsində dini radikalizmlə mübarizə tədbirlərindən geniş danışıb, faktlar göstərib, dindarları, ziyalıları cəmiyyətdə səlahiyyəti olanları bu mübarizədə fəallığa çağırıb, məsləhət və tövsiyələrini verib.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazisi Mirqiyas Təhməzov, Masallı şəhər “Cümə” məscidi dini icmasının sədri Mirqabil Hüseynov, Banbaşı kənd məscidinin imam müavini Əzim Əzimov, Masallı şəhəri “Hacı Mirağa” məscidinin dini icmasının sədri, məscidin imamı Əliqulu Qardaşov, Eminli kənd məscidinin imam, Rəbbi Kərimov çıxışlarında bu sahədə görülən tədbirlərdən danışıblar.
 
Seminar-müşavirə dekabrın 14-də öz işini davam etdirib.
Masallı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə gənclər, uşaq birlikləri təşkilat rəhbərləri, psixoloq, hərbi rəhbərlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş, dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Masallı RİHB-nın müavini Aybəniz Qafarova bildirib ki, dini radikalizm və xurafat bütün cəmiyyət üçün təhlükəlidir. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri eyni zamanda, gənclərin yad dini ideologiyaların təsirindən qorunmasında dini maarifləndirmə tədbirlərinin mühüm rola malik olduğunu deyib. A.Qafarova onların milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında dini radikalizm və onun fəsadları haqqında danışıb. Bildirib ki, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin mövcudluğunu istəməyən bəzi qüvvələr ölkəmizdə xalqımızın milli-mənəvi və dini dəyərlərinə yad olan ideologiyaları təbliğ edərək dini və ictimai sabitliyi pozmağa cəhd edirlər. Onların əsas hədəfinin gənclər olduğunu vurğulayan birinci müavin gənclərin düzgün dini biliklərlə məlumatlandırılmasının və onların elmə-təhsilə yiyələnmələrinin dini radikal qrupların təsirindən qorunmaları baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edib. S.Salahlı bu işdə məktəb müəllimlərinin və valideynlərin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb.
Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə dini radikal qrupların təbliğat metodlarından danışıb. Bildirib ki, dini radikalizm və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin təbliğinin böyük rolu var. Şöbə müdiri eyni zamanda məzhəb ayrı-seçkiliyinə qarşı vəhdət və həmrəyliyin əhəmiyyətindən bəhs edib.
Tədbirdə RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ceyhun Bəşirov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov iştirak edib.
Seminar-müşavirənin ikinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


 

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад