| 1922-ci il. Cənubi Qafqazın üç respublikasının nümayəndələrinin iştirakı ilə birinci Zaqafqaziya Sovetlər Qurultayı işə başlayıb. Azərbaycandan 175 deputatın qatıldığı qurultayda Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının yaradıldığı elan olunub.
|
| 1924-cü il. Xalq Şairi, dramaturq, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin doğum günü (1924-2007). Nəbi Xəzri müxtəlif vaxtlarda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri olub, Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinə rəhbərlik edib. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilən şairin şeir və poemaları bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. Nəbi Xəzrinin dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulub. Sözlərinə yazılmış mahnılar bu gün də sevilə-sevilə dinlənilir.
|
| 1948-ci il. BMT Baş Assambleyası "İnsan hüquqları Bəyannaməsi"ni qəbul edib. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda da insan hüquq və azadlıqlarının təminatı istiqamətində mühüm işlər görülüb. Artıq doqquz ildir ölkəmizdə 18 iyun - Milli İnsan Hüquqları günü kimi qeyd olunur.
|
| 1933-cü il. Mir Cəfər Bağırov (1895-1956) Azərbaycan Kommunist (bolşevik) Partiyasının birinci katibi seçilib. 1953-cü ildə vəzifəsindən azad olunub. 1954-cü il martın 13-də kommunist partiyası sıralarından çıxarılıb və Azərbaycandan kənara təsərrüfat xarakterli işə göndərilib. 1955-ci ildə həbs olunaraq istintaqa cəlb edilib. 1956-cı ilin aprelində Bakıda keçirilmiş məhkəmənin hökmü ilə güllələnmə cəzasına məhkum olunub.
|
| 1901-ci il. İlk dəfə Nobel mükafatları təqdim edilib. Bu mükafat Norveç Nobel Komitəsi tərəfindən verilir. İndiyədək ümumilikdə 95 şəxs və 23 təşkilat Nobel sülh mükafatına layiq görülüb. Mükafatın təntənəli təqdimetmə mərasimi Alfred Nobelin anım günündə - dekabrın 10-da Oslonun Mərkəzi Zalında təşkil edilir. Mükafatın məbləği 10 milyon İsveç kronuna (təqribən 1 milyon avro) bərabərdir.
|
| 1991-ci il. Avropanın 12 dövləti arasında Maastrixt sazişi imzalanıb. 1992-ci il yanvarın 1-də qüvvəyə minən saziş Avropa İttifaqının qanuni əsasını qoyub. |