Главная > Dünya Xəbərləri > Tarixdə bu gün – 15 dekabr
Tarixdə bu gün – 15 dekabr15-12-2017, 15:50. Разместил: yeni321 |
Tarixdə bu gün – 15 dekabr 1907-ci il. Görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, akademik, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Həsən Əliyevin doğum günüdür (1907-1993). Əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edir. Keçmiş SSRİ-də ümumi əkinçilik və təbiəti mühafizə sahəsində görkəmli alim sayılırdı. O, Cənubi Qafqaz torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasına böyük əmək sərf edib. Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili Həsən Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil edir. Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində onun xidmətləri əvəzsizdir. O, cəmiyyətin ekoloji maarifləndirilməsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verirdi. 1910-cu il. Tanınmış geoloq, akademik Şəfayət Mehdiyevin doğum günüdür (1910 - 1993). O, Azərbaycanda neft və qazın geologiyası və geokimyası sahəsində böyük alim və neftçi-geoloqlar məktəbinin əsasını qoyanlardan biridir. Ş.Mehdiyevin yarım əsrdən çox neft və qaz sahəsində apardığı çoxşaxəli elmi-tədqiqat işləri bu elmin nəzəri və təcrübi problemlərinin ən aktual sahələrini əhatə edir. Onun rəhbərliyi altında yüksək dərinliklərdə yatan çöküntü qatlarının neft-qazlılığının elmi əsaslandırılması və proqnozlaşdırılması üzrə apardığı tədqiqat işləri böyük elmi və praktiki əhəmiyyətə malikdir. Şəfayət Mehdiyev Abşeron yarımadasından şimalda yerləşən akvatoriyanı diqqətlə öyrənməyi tövsiyə etmiş və bunu Xəzər dənizinin bu hissəsinin neft-qazlılıq perspektivliyi ilə əlaqələndirmişdi. Görkəmli alim Abşeron yarımadasına bitişik dəniz sahələrinin və bütövlükdə Abşeron arxipelaqının yeni zəngin neft və qaz yataqları aşkar etmək üçün ən yüksək perspektivliyə malik olduğunu qeyd etmişdir. 1055-ci il. Sultan Toğrul bəyin başçılıq etdiyi Səlcuq qoşunları Xilafətin paytaxtı Bağdada daxil olublar, indiki İraqın bütün ərazisi Səlcuqların nəzarətinə keçib. Xilafət (Abbasilər sülaləsi) oğuz-türk dövləti olan Səlcuq imperatorluğundan asılılığı qəbul edib. 2001-ci il. ABŞ-ın müdafiə naziri Donald Ramsfeld Cənubi Qafqaza səfəri çərçivəsində Bakıya gəlib. Bu, Pentaqonun şefinin regiona ilk səfəri idi. Ramsfeld Azərbaycanın beynəlxalq antiterror kampaniyasında fəal iştirakına görə ölkə rəhbərliyinə təşəkkür edib, Prezident Heydər Əliyevlə ABŞ-Azərbaycan hərbi əməkdaşlığını müzakirə edib. Вернуться назад |