Главная > Dünya Xəbərləri > Tarixdə bu gün - 22 noyabr

Tarixdə bu gün - 22 noyabr


22-11-2017, 11:53. Разместил: yeni321

Tarixdə bu gün - 22 noyabr


22 noyabr. Azərbaycan Ədliyyə İşçiləri günü. Bu peşə bayramı Azərbaycan Prezidenti Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli fərmanına əsasən qeyd edilir. Bayramın qeyd edildiyi tarix heç də təsadüfi seçilməyib: 1918-ci il noyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Nazirlər Kabineti AXC Ədliyyə Nazirliyi haqqında Əsasnaməni təsdiq edib.

1922-ci il. Görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, professor, SSRİ Xalq Artisti Fikrət Əmirov anadan olub (1922-1984). F.Əmirov simfonik muğam janrının banisidir (“Şur”, “Kürd Ovşarı”, “Gülüstan Bayatı-Şiraz” və s.). Onun əsərləri dünyanın bir sıra məşhur konsert salonlarında böyük uğurla ifa edilir.

1933-cü il. Azərbaycanın tanınmış kinorejissor və operatoru, Azərbaycanın Xalq Artisti Rasim Ocaqov anadan olub (1933-2006). R.Ocaqov gəncliyində geoloq olmaq arzusunda idi. Lakin “Azərbaycanfilm” kinostudiyasının çəkiliş qrupunun Ocaqovun doğma Şəki şəhərinə gəlişi onu peşə seçimini dəyişməyə məcbur etdi. “Onun böyük ürəyi”, “Bir məhəlləli iki oğlan”, “Mən rəqs edəcəyəm”, “Bir cənub şəhərində”, “Əsas müsahibə”, “İstintaq” (bu film SSRİ Dövlət mükafatına layiq görülüb) filmlərini Rasim Ocaqov çəkib.

1938-ci il. Azərbaycanın populyar aktyoru, Azərbaycanın Xalq Artisti Həsən Məmmədov anadan olub (1938-2003). Əsgər (“Arşın mal alan”), Murad (“Bir cənub şəhərində”), Bəxtiyar (“Yeddi oğul istərəm”), Balaş (“Sevil”), Abbasqulu bəy (“Axırıncı aşırım”), Oqtay (“Gün keçdi”), Dədə Qorqud (“Dədə Qorqud”), Murad (“İstintaq”) - Həsən Məmmədovun yaratdığı bu və bir sıra başqa obrazlar Azərbaycan kino tarixində layiqli yer tutur.

1922-ci il. Azərbaycanın Xalq yazıçısı, Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı Hüseyn Abbaszadə (1922-2007) anadan olub.

1949-cu il. Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. Bu şəhərin əsası 1938-ci ildə Xəzər sahilində istilik elektrik stansiyası tikintisindən başlanıb. 1941-ci ildə şəhərin tikintisində fasilə yaranıb və bu işlər yalnız 1944-cü ildə, Böyük Vətən Müharibəsinin sonunda bərpa edilib.

1963-cü il. ABŞ-ın 35-ci Prezidenti Con Kennedi (1917-1963) öldürülüb. Con Kennedi Texas ştatının Dallas şəhərinə səfər vaxtı şəhərin mərkəzi küçələrindən birində özünün açıq limuzinində gedərkən snayper tüfəngindən açılmış atəşlə ölümcül yaralanıb. Prezident dərhal hospitala çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

1890-cı il. General Şarl de Qoll anadan olub (1890-1970). İkinci Dünya Müharibəsi illərində Ş.de Qoll Fransa Müqavimət hərəkatının rəmzi olub. 1959-1969-cu illərdə Fransa Respublikasının prezidenti olub.


шаблоны для dle 11.2
Вернуться назад