Главная > İdman > Masallı məktəbliləri voleybol üzrə respublika çempionatının finalına vəsiqə qazanıblar

Masallı məktəbliləri voleybol üzrə respublika çempionatının finalına vəsiqə qazanıblar


14-12-2018, 21:05. Разместил: yeni321
 
Masallı məktəbliləri voleybol üzrə respublika çempionatının finalına vəsiqə qazanıblar

Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq qızlardan ibarət məktəb komandaları arasında voleybol idman növü üzrə növbəti zona yarışı keçirilib.
Masallı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubovdan aldığımız məlumata görə bildiririk ki, 2018-2019-cu tədris ili ərzində keçirilən çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları mübarizə aparır.
Dekabrın 14-də Cəlilabad Olimpiya İdman Kompleksində keçirilən oyunlarda Cəbrayıl, Səlyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarının məktəb komandaları yarışlara qatılıb.
Mərhələ yarışlarının nəticəsi olaraq I yeri Masallı rayonu E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin qızlardan (7-9-cu siniflər) ibarət komandası, II yeri Lənkəran, III yeri isə Astara rayonlarının məktəbliləri tutub.
Qaliblərə diplomlar təqdim olunub.
Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan komandalar martın 6-da Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, keçirilən turnirlər məktəblərarası beynəlxalq yarışlara seçim xarakteri daşıyır. Belə ki, qalib komanda 2019-cu ildə Xorvatiyanın Poreç şəhərində keçiriləcək voleybol üzrə məktəblilərin dünya çempionatında ölkəmizi təmsil edəcək.
Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. Çempionatın keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviliyinin daha da artırılması, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi, ümumtəhsil müəssisələrində şagirdlərin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, Olimpiya İdman komplekslərindən və bazalarından səmərəli istifadənin təmin edilməsindən ibarətdir.

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад