Главная > İdman > Masallılı güləşçi dünya ikincisi oldu

Masallılı güləşçi dünya ikincisi oldu


26-07-2021, 15:42. Разместил: yeni321
Ruzanna Məmmədova dünya çempionatının gümüş medalına sahib olub
 
Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən yeniyetmə güləşçilər arasında dünya çempionatında (19-25 iyul) qızlar arasında sərbəst güləş idman növü üzrə yarışlara yekun vurulub. Mundialda ölkəmizi 3 qız güləşçi təmsil edib.
Ruzanna Məmmədova 46 kiloqram çəki dərəcəsində dünya çempionatının gümüş medalına sahib olub.
Ruzanna Məmmədova təsnifat mərhələsində qazax güləşçiyə tam üstünlüklə (10:0) qalib gəlib. O, rumıniyalı rəqibindən də güclü olduğunu sübut edərək (4:0) yarımfinala yüksəlib. Daha sonra Türkiyə güləşçisini 2:0 hesabı ilə məğlub (2:0) edən pəhləvanımız finala vəsiqə qazanıb.
Həlledici görüşdən, hindistanlı rəqibi ilə qarşılaşmadan qalib ayrıla bilməyən Məmmədova (2:7) fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
Məlumat üçün bildirək ki, Ruzanna Səxavət qızı Məmmədova 22 iyun 2006-cı ildə Masallı rayonunun Mişkəmi kəndində anadan olub. Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 76 saylı tam orta məktəbində təhsil alıb. 2012-ci ilin mayından Bakı şəhəri Hövsan Olimpiya İdman kompleksində idmanın sərbəst güləş növü üzrə məşqlərə başlayıb. İlk qələbəsi 2013-ci ildə Şağan Olimpiya İdman kompleksində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında keçirilən yarışda olub – 23 kiloqram çəki dərəcəsində mübarizə apararaq birinci yerə layiq görülüb.
R. Məmmədova respublika yeniyetmələri arasında keçirilən yarışlarda 15 dəfə birinci, 3 dəfə ikinci, 2 dəfə üçüncü yerə sahib olub. Azərbaycan Güləş Federasiyasının qadınlardan ibarət olan milli yığma komandasının fəal üzvlərindəndir. Məşqlərini milli yığma komandasında davam etdirir.
Ruzanna Məmmədova 9 dekabr 2019-cu il tarixində Sərhədçi Olimpiya İdman Kompleksində Greppling idman növü üzrə keçirilən Dünya çempionatında 12-13 yaşlılar arasında, 42 kiloqram çəki dərəcəsində ikinci yerə layiq görülüb.
24 dekabr 2019-cu il tarixində yeniyetmələr arasında Şağan Olimpiya İdman Kompleksində keçirilən Azərbaycan çempionatında Ruzanna Məmmədova 43 kiloqram çəki dərəcəsində Azərbaycan çempionu adını qazanıb.
Ruzana Məmmədova 2020-ci ildə keçirilən yeniyetmələr arasında Avropa və Dünya çempionatlarında 42 kiloqram çəki dərəcəsində Azərbaycan Respublikasını təmsil edib.
 
Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад