Главная > İdman > “Tokio-2020” Yay Paralimpiya Oyunlarının çempionu Vəli İsrafilov Masallıda

“Tokio-2020” Yay Paralimpiya Oyunlarının çempionu Vəli İsrafilov Masallıda


25-10-2021, 20:17. Разместил: yeni321
Tokio-2020” Yay Paralimpiya Oyunlarının çempionu Vəli İsrafilov Masallıda
 
Masallı Rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsi, Masallı Regional Mədəniyyət İdarəsi, “Gənclər evi” sosial xidmət müəssisəsinin nümayəndələrinin iştirakı ilə “Tokio-2020” Yay Paralimpiya Oyunlarının çempionu Vəli İsrafilov böyük coşqu ilə qarşılanıb.

 
Oktyabrın 25-də şəhərin “Bayraq Meydanı” adlanan ərazisində rayon ictimaiyyəti tərəfindən gül-çiçək və hədiyyələrlə, eləcə də incəsənət ustalarının, “Halay” folklor ansamblının qələbə müjdəli nəğmələri ilə qarşılanan çempion Masallı Olimpiya-İdman Komleksində olub, burada idmançılar üçün yaradılmış şəraitlə tanış olub.
 
Rayonun Heydər Əliyev parkında Ulu Öndərin abidəsi ziyarət edilib.
Çempion Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatını və siyasi fəaliyyətini əks etdirən tarixi materiallarla tanış olub.
Sonra Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çempion və onun valideynləri ilə görüşüb.
 
Görüş zamanı rayon rəhbəri bildirib ki, təməli Ulu Öndər tərəfindən qoyulan və bu gün Möhtərəm Prezidentimiz, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu siyasət nəticəsində Azərbaycan hazırda dünyanın qabaqcıl idman ölkələrindən biridir.
 
XVI Yay Paralimpiya Oyunlarının qızıl medalçısına Masallı sakinləri adından xoş sözlərini çatdıran RİH başçısı Şahin Məmmədov bundan sonra da Vəlinin ən mötəbər beynəlxalq yarışlarda üçrəngli bayrağımızı yüksəklərə qaldıracağına, himnimizin səsləndirilməsinə nail olacğına əminliyini ifadə edib: ”Arzu edirəm ki, daha yeni nominasiyalar üzrə rekordlara imza atasan, 19 yaşında layiq olduğun 1-ci dərəcəli ”Vətənə xidmətə görə” ordenini tezliklə “Şöhrət” ordeninə çevirəsən...”
 
Çempionun qayğıları ilə maraqlanan İcra başçısı ona bəzi tövsiyələrini verib, növbəti yarışlarda uğurlar arzulayıb.
Çempion Vəli İsrafilov və  atası Rəşadət İsrafilov ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
                                                               
Sonra Masallı şəhər 4 saylı S.Tağıyev adına tam orta məktəbində Masallı Rayon Gənclər və İdman İdarəsinin, rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə layihəsi olan "Çempionumuz" adlı sosial idman layihəsi çərçivəsində “Tokio-2020” Yay Paralimpiya Oyunlarının çempionu Vəli İsrafilov ilə məktəblilərin görüşü keçirilib.
 
Pandemiya qaydaları gözlənilməklə məktəbin akt zalında təşkil olunan görüşdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi və əməkdaşları, rayon təhsil şöbəsinin məsul işçiləri, XVI Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Vəli İsrafilov və məktəblilər iştirak ediblər.
Tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov çıxış edərək Vəli İsrafilova yeni uğurlar arzulayıblar. 
Ən gənc paralimpiya çempionu kimi ölkənin tarixinə düşən 19 yaşlı 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli Vəli İsrafilov idmanda qazandığı uğurlar barədə tədbir iştirakçılarına məlumat verib, məktəbliləri maraqlandıran sualları cavablandırıb.
Sonda çempion görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib

                                                                    
    Məlumat üçün bildirək ki, Vəli Rəşadət oğlu İsrafilov 18 oktyabr 2002-ci ildə Rusiya Federasiyasının Tumen vilayətində anadan olub. 2006-cı ildə ailəsi ilə birlikdə doğma yurdu Masallı rayonunun Köhnə Alvadı kəndinə  qayıdıb. 2008-ci il ildə Masallı şəhər “Dəfinə” məktəb-liseyinin 1-ci sinifinə daxil olub, orta  təhsilini B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbində davam etdirərək 11-ci sinfi  bitirib. 2019-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin Elektrotexnika və Energetika fakültəsinə daxil olub, hazırda üçüncü kurs tələbəsidir.
    Vəli İsrafilov uşaqlıq illərindən idmanın üzgüçülük növü ilə məşğul olmağa başlayıb. 10 yaşında ikən dəfələrlə Bakı şəhərində keçirilən birinciliklərin qalibi adına layiq görülüb və Milli komanda məşqçilərinin rəğbətini qazanıb. 12 yaşında artıq idman ustalığına namizəd olan Vəli Milli komandaya cəlb edilib. Vəlinin yaşının az olmasına baxmayaraq dəfələrlə Beynəlxalq yarışlarda uğurla çıxış edib. Serbiya, Slovakiya, Macarıstan, Türkiyə, Gürcüstan, İsrail və s. ölkələrdə  keçirilən yarışlarda Azərbaycan Respublikasının  üçrəngli bayrağını dəfələrlə uca zirvələrdə  dalğalandırıb.
     Sloveniyanın Kranj şəhərində kecirilən üzgüçülük üzrə Beynəlxalq turnirdə (25-26 mart, 2017) Vəli İsrafilov yeniyetmələr arasında 200 metr brass üzrə qızıl, böyüklər arasında 200 və 100 metr brass üzrə bürünc medallara layiq görülüb. O, bu təsnifat yarışlarında şəxsi rekordlarını təzələyib. Bununla da 614 bal toplayaraq 4-cü İslam Həmrəyliyi Oyunlarına, eləcə də kecirilən yeniyetmələrin Avropa festivalına (27 iyun-2 iyul, 2017), İsraildə düzənlənən Avropa çempionatına (23 iyul-28 iyul, 2017) vəsiqəni təmin edib. Vəli IV İslam Həmrəylik Oyunlarında iştrak edən ən kiçik yaşlı idmançı olub. Bu yarışlarda yarımfinala qədər yüksəlib  və sonda 11-ci yerdə qərarlaşıb.
Ötən il Birləşmiş Krallığın paytaxtı London şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanan idmançımız brass üsulu ilə mübarizə apararaq 100 metr məsafəni 1 dəqiqə 6 saniyəyə qət edərək üçüncü yeri tutmuşdu. Bununla da idmançımız lisenziya xalları toplayaraq “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına qatılma şansını artırmışdı.
Bundan əlavə, Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında üzgüçülük idman növü üzrə Avropa çempionatının (2021) qızıl medalına sahib olan Vəli 100 metr məsafədə “brass” növündə 1:04.80 nəticə göstərərək bütün rəqiblərini geridə qoymuşdu.
     Vəli Rəşadət oğlu 15 yaşında idman ustası normativini doldurub. O, Milli Olimpiya komandası ilə yanaşı həm də Milli Paralimpiya  komandasının üzvüdür.
     V.İsrafilov “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. O, 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1 dəqiqə 04.86 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb və paralimpiya rekorduna imza atıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Vəli İsrafilov XVI Tokio Yay Paralimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə və Azərbaycan idmanının inkişafında xidmətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
19 yaşlı Vəli ölkəmizin ən gənc paralimpiya çempionudur.
             
Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад