Главная > İdman / Manşet > “Yeni həyat”ın əməkdaşı qalib mediaçılar arasında

“Yeni həyat”ın əməkdaşı qalib mediaçılar arasında


30-12-2017, 19:12. Разместил: yeni321
 

 
Təbrik edirik!


“Yeni həyat”ın əməkdaşı Akif Ağayev qalib mediaçılar arasında
 
Dekabrın 29-da Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq, 2017-ci ilin idman laureatlarını mükafatlandırıb.

Tədbirdə çıxış edən AİJA-nın prezidenti Eldar İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat verib. 2017-ci ilin Azərbaycanın idman həyatında mühüm uğurlarla yadda qaldığını diqqətə çatdıran E.İsmayılov ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına, Formula-1 Azərbaycan Qran-Prisinə, qadın voleybol komandaları arasında Avropa çempionatına, eləcə də idmanın müxtəlif növləri üzrə dünya, Avropa çempionatlarına, beynəlxalq turnirlərə müvəffəqiyyətlə ev sahibliyi etdiyini vurğulayıb. O, milli komandamızın İslamiadada birinci pillədə qərarlaşmasını, həmçinin idmançılarımızın bu ili 851 medalla başa vurmalarını Azərbaycanın idman ölkəsi olmasının sübutu kimi dəyərləndirib.


 
AİJA-nın fəaliyyətindən söz açan E.İsmayılov bildirib ki, 1995-ci ildə yaradılan qurum Beynəlxalq İdman Mətbuatı Assosiasiyasında (AIPS) ölkəmizi uğurla təmsil edir. Assosiasiya 1996-cı ildən başlayaraq, idman mətbuatı və jurnalistləri arasında fərqlənənləri təltif edir.

Sonra qaliblərə mükafatlar təqdim olunub.

 

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edilib.
Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov ilin idman xadimi seçilib.
Azərbaycan Dövlət İnformasiya Agentliyi ( AZƏRTAC ) ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan olunub.

Anar Əhmədov (“Olimpiya dünyası”), Həbib Aslanov (“Futbol+”), Oqtay Bayramov (“Xalq qəzeti”) və Vüqar Xeyrullayev (Apasport), Akif Ağayev (“Yeni həyat”, Masallı) ilin idman jurnalistləri, Leyla Nağıbəyova (“Neftçi” futbol klubu) isə ilin fotoreportyoru nominasiyalarında mükafatlandırılıblar.


 
“Futbol+” ilin idman qəzet, “CBC Sport” isə telekanallar sırasında fərqlənib. İlin idman nəşri nominasiyasında Əbülqasım Novruzovun müəllifi olduğu “Şuşada voleybolu sevirdilər...” kitabı qalib seçilib.

Laureatlar sırasında Azərbaycan Velosiped İdman Federasiyasının mətbuat xidməti, həmçinin “sport24.az” və “1news.az” portalları da var.

“Rio-2016”nın gümüş mükafatçısı, güləşçi Mariya Stadnik, IV İslam Həmrəyliyi Oyunlarının üçqat qalibi, bədii gimnast Marina Durunda, “Bakı-2017”nin qalibi, taekvandoçu Patimat Abakarova, üçqat dünya çempionu, güləşçi Hacı Əliyev, üçqat dünya çempionu, bokçsu Məhəmmədrəsul Məcidov və dünya çempionu, taekvandoçu Milad Beigi Hərçəqani ilin idmançıları adına layiq görülüblər.

 
İlin komandası nominasiyasının qalibi “Qarabağ” futbol klubu, şahmat və cüdo üzrə millilər olub.
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin çalışdırıcısı Faiq Qarayev və gənclərdən ibarət cüdo üzrə millimizin baş məşqçisi Elçin İsmayılov ilin baş məşqçiləri elan ediliblər.

İlin idman hakimi Hicran Şərifov (güləş), idman azarkeşi isə Elşən Məmmədov olublar.
Sonra bir qrup şəxsə AİJA-nın 2018-2019-cu il üçün vəsiqələri təqdim olunub.

  
“Yeni həyat”,
  
www.yeniheyet.az 


шаблоны для dle 11.2
Вернуться назад