Главная > İdman > Masallıdan olan 14 yaşlı qız olimpiadanın qızıl medalını qazanıb
Masallıdan olan 14 yaşlı qız olimpiadanın qızıl medalını qazanıb24-10-2022, 23:30. Разместил: admin44 |
Masallı rayonundan olan Nərmin Abdinova Naxçıvan şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının qızıl medalına sahiblənib. Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE), Azərbaycan Şahmat Federasiyası və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən olimpiadada 23 ölkədən 34 komanda tərkibində 200-ə yaxın şahmatçı mübarizə aparıb. Naxçıvan Şahmat Mərkəzində keçirilən bu mötəbər yarışın (1-11 oktyabr) iştirakçıları arasında 50 titullu şahmatçı yer alıb. İsveçrə sistemi ilə keçirilən olimpiada 9 turdan ibarət olub. “Azərbaycan - 1” yığması tərkibində FİDE-16 Ümumdünya Şahmat Olimpiadasının (komanda üçüncü yer, dördüncü stolda qızıl medal) qızıl medalçısı Nərmin Yusif qızı Abdinova Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Bakı şəhər 308 saylı tam orta məktəbində təhsil alır. Nərmin bu vaxtacan bir sıra idman uğurlarına nail olub. Müxtəlif vaxtlarda Bakı şəhər (2018, 2019) və Azərbaycan (2018, 2019, 2021, 2022) birinciliklərinin qalibi, 14 yaşadək qızlar arasında Avropa çempionatının (2021) birincisi, dünya çempionatının (2022) beşincisi, bu il Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB ölkələri arasında dünya çempionu Mixail Botvinnik kuboku uğrunda keçirilən şahmat yarışında Azərbaycan yığması tərkibində gümüş medal mükafatçısı olub. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |