Главная > İqtisadiyyat / Aqrar > Masallıya 3 ton “yaşıl qızıl” toxumu gətirilib

Masallıya 3 ton “yaşıl qızıl” toxumu gətirilib


28-04-2019, 15:12. Разместил: yeni321
Masallıya 3 ton “yaşıl qızıl” toxumu gətirilib
 
Ölkədə aqrar sahədə aparılan islahatların daha da sürətləndirilməsi, torpaq fondunun dəqiq uçotunun aparılması ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas şərtdir. Yeni fermer təsərrüfatlarının yaradılması, bitkiçiliyin ənənəvi sahələrinin inkişaf etdirilməsi dövlətin qarşısında duran hədəflərdəndir. Bu, sonda idxaldan asılılığı azaltmağa, ölkənin yerli məhsullarla təminatına imkan verəcək. Əsas istiqamətlərdən biri də cənub bölgəsində çayçılığın əvvəlki, şöhrətini özünə qaytarmaqdır.
Masallı rayonunda çay əkininə ötən əsrin 40-ci illərindən başlanılıb. 90-cı illərə qədər təkcə Masallıda 4 min hektara yaxın sahədə çay əkilib. Əkilən sahələrdən ildə 11 min ton yaşıl çay yarpağı yığılıb.
Əvvəllər təkcə Lənkəran, Masallı və Astara rayonlarında 15-ə yaxın çay fabriki fəaliyyət göstərirdi. Hazırda həmin fabriklərin az bir qismi işini davam etdirsə də onlar bu gün tam gücü ilə fəaliyyət göstərə bilmir.
Hazırda Masallıda kənd təsərrüfatı yenidən prioritet sahəyə çevrilir. Son bir neçə ildə rayonda çayçılığın inkişaf etdirilməsi ilə bağlı ilk addımlar atılır. Sovetlər dövründə çayçılıqla məşğul olmuş kəndlərdə bu çoxillik bitkinin yenidən dirçəldilməsi istiqamətində torpaq mülkiyyətçiləri ilə aparılan maarifləndirmə işləri, göstərilən səylər uğurla davam edir.
Bu gün Masallıda “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq mühüm tədbirlər həyata keçirilir.
Dağətəyi ərazilərdə, yamaclarda terras şəklində çay plantasiyaları salınır. Kolatan kəndinin "Sığaçola” (Daşlı çala) deyilən ərazisində 100 hektar sahədə yeni çay plantasiyaları salınıb.
Çayçılığın inkişaf etdiyi dünyanın aparıcı ölkələrinin təcrübəsi öyrənilir. Məhsuldarlığı çox yüksək olan çay növlərinin tətbiqinə geniş yer verilir. Bu məqsədlə hazırda Tüklə kəndində fermerlər Təbib Mehdiyev və Əbdül İsmayılovun təşəbbüsü və rəhbərliyi hesabına 30 hektar sahədə çay əkini aparmaq üçün hazırlıq işlərinə başlanılıb. Gürcüstandan 3 ton yüksəkkeyfiyyətli “Kolxida” çay toxumu gətirilib.  Tədarük olunan toxumlar tinglik təsərrüfatında ləklərə əkilib. Qidalı dibçəklərdə və pikirovka yolu ilə yetişdiriləcək çay şitilləri payız aylarında sahələrə köçürüləcək. Hər hektara 22 min şitilin əkilməsi nəzərdə tutulub.

Akif AĞAYEV,
Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад