Главная > İqtisadiyyat / Aqrar > Heyvandarların qış qayğıları

Heyvandarların qış qayğıları


25-01-2022, 14:22. Разместил: admin44
Zəhmətin bəhrəsi şirin olur
 Masallı ölkənin böyük heyvandarlıq rayonlarındandır. Rayon statistika idarəsindən aldığımız məlumata görə, hazırda ərazilərdəki fermer və şəxsi təsərrüfatlarda 168.348 baş mal-qara mövcuddur ki, bunun da 73.341 başı iribuynuzlu, 95007 başı xırdabuynuzlu heyvanlardır. İribuynuzlu mal-qaranın 36.642 başı inək və camışdır.
Artıq qış fəslidir. Qarlı-şaxtalı aylar isə heyvandarlıqda ən məsul dövrdür. Qış mövsümündə heyvandarlıq məhsullarının istehsalını artırmaq üçün bütün səylər birləşməlidir. İLk növbədə mal-qara saxlanıldığı yerlər isti və quru, qaba və qüvvəli yem lazımınca olmalı, heyvanların sağlamlığı təmin edilməlidir. Xüsusilə mal-qaranın müxtəlif xəstəliklərə qarşı peyvəndləri vaxtında həyata keçirilməlidir.
xxx
Mahmudavarlı heyvandar Füzuli Abbasov mal-qaranın qış mövsümündəki çətinliklərindən, bu dövrdə məhsuldarlığın aşağı düşməməsi üçün həyata keçirilən tədbirlərdən söhbət açır:
•Gözümü açandan, ağlım kəsəndən şəxsi təsərrüfatımlzda həmişə mal-qara, qoyun-quzu görmüşəm. Anam qabaqcıl çaybecərən idi. Ancaq mal-qara bəsləməkdə atama yaxından kömək göstərərdi. O vaxtı qapımızda iki inək vardı. Atam yazın ortalarından payıza kimi mal-qara üçün quru və qaba yemlər tədarük edər, qüvvəli yem alardı. İnəklərin hər birindən gündə 12-13 litr süd ala bilərdik. O vaxtlar südü satmaq söhbəti yox idi. Gündə nehrə çalardı. Yağı, şöru, pendiri bazara çıxarardıq. Özümüz də ağartı məhsullarından doyunca istifadə edib, yaxın qonşulara da göndərərdik.
Dövlət təsərrüfatı dağılandan sonra məşğulluğumuz problemə döndü. Evdə 8 uşaq idik. Atam vəziyyətdən çıxış yolunu mal-qaranın artırılmasında gördü. Düyələri satmayıb damazlıq üçün saxladıq. Bir neçə il sonra inəklərimizin sayını 4-ə, daha sonra 6-ya çatdırdıq. Cavan mal-qaranı kökəlməyə bağladıq. Südün satışını da təşkil etdik. Hər gün 15-20 litr süd sata bilirdik.
Valideynlərim həmişə mənə deyırdilər ki, oğul, heyvandarlıq çətin olsa da maraqlı və gəlirli sahədir. 4-5 inəyin olsa ailəni firavan dolandıra bilərsən.
İndi valideynlərim dünyalarını dəyişiblər. Ancaq, onların vəsiyyətini yerinə yetirirəm. Səhhətim ağır işlərdə çalışmağıma imkan vermir. Odur ki, heyvandarlıq mənə əl verən sahədir. İldə 2-3 cavan heyvan satıram. Südü, yağı, qatığı, şoru, pendiri də ailə dolanışığımızı təmin edir.
Bu vacib sahə çox ailənin məşğulluğuna müsbət təsir edir. Ailədə hər kəs mal-qaranın məhsuldarlığı üçün çalışmalıdır. Birlik dirlikdir, deyirlər. Qış fəsli soyuğu, qarı, şaxtası ilə çətinlik yaradır. Ancaq qışa hazırlığı vaxtında görə bilsən istədiyinə nail olarsan.
Mən də vaxtında quru yem tədarükü görmüşəm. Müəyyən qədər yonca, arpa bəlimi yığa bilmişəm. Tövləni də vaxtında təmir etmişəm. Necə deyərlər, qışda mal-qaranın yemi bol, tövləsi isti olsa heç bir problem yaranmaz.                    




 Hazırladı: Həsənağa ƏLİYEV.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад