Главная > İqtisadiyyat > Yeni sahələr bəhrə verir

Yeni sahələr bəhrə verir


20-12-2017, 16:44. Разместил: yeni321
Yeni sahələr bəhrə verir


Xırmandalıda son vaxtlar torpağa qayıdış böyük maraq doğurur. İndi ərazini əhatə edən Hacıtəpə və Ərəb kəndlərində də torpaq sakinlərin məşğulluğunu təmin edən vasitəyə dönüb. Xırmandalıya gedən yolla irəlilədikcə tərəvəz, bostan, tütün sahələri göz oxşayır. Son vaxtlar on hektarlarla sahədə yeni əkin növləri ünvan tapıb. Tərəvəz məhsullarına etibarlı bazar tapa bilməyən əmək adamları bostançılığa üstünlük veriblər. Hər il 300-350 hektar sahədə polietilen örtük altında faraş yemiş yetişdirilir. Bu, adamların gəlirinə müsbət təsir göstərir. Kiloqramını 50-60 qəpiyə satan əkinçi ailəsinin maddi durumunu xeyli yaxşılaşdırır. 
Muğan torpaqlarında nə əksən səni sevindirər. Son illərdə bu torpaq taxıl, tərəvəzlə birlikdə kartof, çiyələk, tütün üçün də əlverişli olmasını göstərib. 
Ölkə rəhbərinin tütünçülüyə önəm verməsi xırmandalılar da bu sahədə uğurlar qazanacaqlarına əminlik yaradıb. İndi tütünçülük təsərrüfatı əsas sahəyə dönməkdədir. Bu sahəni dirçəldənlərdən biri də kənd ərazi nümayəndəsi Məhərrəm İbrahimovdur .
Kənd rəhbəri ilə söhbətimiz otağında təsərrüfatın əsas sahələrini inkişaf etdirmək haqqındadır. 
Bu il ərazidə 240 hektar buğda, 80 hektar arpa, 300 hektar bostan, 70 hektar kartof, 300 hektar tərəvəz, 10 hektar tütün yetişdirilib. Ərazi nümayəndəsi deyir ki, indi Xırmandalıda torpaqla ünsiyyətdə olmayan yoxdur. Xüsusilə örtük altında yemiş yetişdirən çoxdur. Xeyli hektarda badımcan əkilir. Taxılçılar da yaxşı işləyir. 
 Məhərrəm İbrahimov deyir ki, rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun rayonda tütün yetişdirilməsi ilə əlaqədar tövsiyə və göstərişləri bizi bu ənənəvi sahəyə qayıtmağa həvəsləndirdi. Axı ötən əsrin 40-cı illərində tütünçülük rayona yüksək gəlir gətirmişdir. Həmin illərdə müharibənin od-alovu ilə çarpışan əsgərlərin tütün məmulatına tələbatı çox olub. Elə həmin illərdə rayonda onlarca əmək adamı Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülüb. Bu gün xaricdən ölkəmizə milyon manatlarla tütün məmulatları ixrac olunur. Tütün torpaqlarımızda yüksək məhsul verirsə niyə bu bitki əkilməsin. 
Ərazi nümayəndəsi məlumat verir ki, bu il 10 hektarda tütün əkilib. Sahələrdən yaşıl kütlə dərilib, qurudulur. Şəkidəki tütün kombinatı MMC-yə 21 ton məhsul təhvil verilib. 
Sahələrdə hələ məhsul var. Böyük zəhmətlə başa gələn yaşıl yarpaqlar son kiloqramına kimi yığılacaq. Bəzi ərazilərdə tütünçülüyün bərpasına barmaqarası baxılır, onu dəyərləndirə bilmirlər. – deyir M. İbrahimov. 
Öyrənirik ki, havalar soyusa da təsərrüfat işləri səngimir. Mal-qaranın qış qayğıları var. Bostan sahələri əkinə hazırlanır, şitil üçün material peyin tədarük edilir. Taxıl sahələri də unudulmur.
Xırmandalıların torpağa mehr-məhəbbəti günbəgün yüksəlməkdədir Bu bağlılıq onların rifahına işıq salacaq, kəndin inkişafına rəvac verəcəkdir. 

                                                                                                                              “Yeni həyat”,
                                                                                                                        www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад