Главная > İqtisadiyyat > Kiçik çillə, vay çillə...
Kiçik çillə, vay çillə...31-01-2022, 14:51. Разместил: admin44 |
Bu axşamdan etibarən ölkəmizə qışın daha sərt dövrü qədəm qoyur. Belə ki, qışın nisbətən mülayim dövrü sayılan Böyük çillə bitir, Kiçik çilləyə daxil oluruq. Xalq təqvimi ilə 40 gün davam edən Böyük çillə yerini yanvarın 31-də gecə Kiçik çilləyə ötürür. Kiçik çillənin ömrü 20 gün olur. Bununla da qışın ən sərt günləri başlayır. Qazax sakini Cavanşir Rüstəmov deyir ki, “çillə” sözünün mənası “qırx” anlamını verir: “Ata-babalarımız deyərdilər ki, əgər Böyük çillə insanları ocağın ətrafına toplayırsa, Kiçik çillə vurub onları ocağın içərisinə salır. Yəni, xalq deyiminə görə, Kiçik çillə daha sərt keçir, soyuq və şaxtalı olur. Bu məlumatlar sayəsində insanlar qış ehtiyatlarını vaxtında görürlər”. Xalq təqviminə əsasən, qış fəsli, ümumilikdə, üç hissəyə bölünür. “Böyük çillə”, “Kiçik çillə” və “Boz ay”. Böyük çillə dekabrın 21-dən daxil olur və yanvarın 30-dək davam edir. Kiçik çillə yanvarın 31-dən fevralın 19-dək, Boz ay isə fevralın 20-dən martın 20-dək olan dövrə aiddir. “Kiçik çillə dövründə havalar sərt və şaxtalı keçsə də, insanlar torpaq işlərini görürlər. Bu dövrdə təsərrüfatlarda yaza hazırlıq işləri başlayır. Sahələrdə təmizlik işləri aparılır, bağlarda budama işlərinə start verilir” – deyə Cavanşir Rüstəmov əlavə edir. Qırx gün davam edən Böyük çillə dövründə havalar çox sərt keçməməklə yanaşı, həm də az küləkli olması ilə seçilir. İyirmi gün ömrü olan Kiçik çillədə isə havalar daha da soyuyur, yağış və qar daha çox yağır. Bəzən elə olur ki, yanvarın sonunda mülayim havada bəzi ağaclar tumurcuqlayır, amma fevralda kəskin soyuq onların hamısını məhv edir. Böyük çillədən Kiçik çilləyə keçəndə müəyyən mərasimlər də keçirilir. Bunlardan biri də yaydan saxlanılan qarpızın bu dövrdə kəsilməsidir. Bu mərasim “çillə qarpızı” adlanır. Kiçik çillə daha çox şaxtalı keçdiyinə görə bu müddətə “qışın oğlan çağı” da deyilir. Kiçik çillənin şaxtalı, boranlı olmasını “kiçik çillənin soyuğu, təndirə qatar toyuğu” və ya “kiçik qardaş xovlu olar” kimi el deyimlərində də görürük. Kiçik çillə, vay çillə, Qarlı dumanlı çillə, Gəbə, kilim toxuduq, Cəhrəmizdə var çillə Ruslan Novruzoğlu, AZƏRTAC . Вернуться назад |