Главная > Manşet / Aqrar > Bədəlanda səyyar qəbul

Bədəlanda səyyar qəbul


18-11-2017, 08:53. Разместил: yeni321
 

Bədəlanda səyyar qəbul 
 
Torpaq əkilməli, problemlər aradan qaldırılmalıdır
 
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbulu Bədəlan ərazisində keçirildi. Rayon rəhbərinin sakinlərlə görüşünün Bədəlan bələdiyyəsi sədrinin hesabatı ilə üst-üstə düşməsi ərazidə təsərrüfat sahəsinin və quruculuq işlərinin vəziyyətinə aydınlıq gətirdi. Bir sıra problemlərin həlli yolundan ətraflı danışıldı.
Bədəlan tam orta məktəbində keçirilən tədbirdə əvvəlcə kənd bələdiyyəsinin sədri İdris Tağıyevin hesabatı dinlənildi. Bədəlan, Dəmirçi, Aşurlu və Çayqıraq kəndlərini əhatə edən ərazidə son illər bir sıra quruculuq işləri görülüb. Odur ki, bu kəndlərdə bəzi problemlər həllini tapmışdır.
Hesabat məruzəsində göstərildi ki, ümumi sahəsi 1271 hektar olan ərazidə əhalinin sayı 8436 nəfərdir. Ərazinin  35 hektarı dövlət, 366-sı xüsusi, 608-i bələdiyyə, 20 hektarı ehtiyat fondu, 8 hektarı kəndin gələcək perspektiv inkişafı fondu torpaqlardır.
Bələdiyyə iş planına uyğun olaraq ərazi nümayəndəliyi, ağsaqqallar, ziyalılar, iş adamları və bələdiyyə üzvlərinin köməyi ilə ərazidə  torpaq sahələrinin zəbt olunmasına, ağacların kəsilməsinə yol verilməməsi sahəsində fəaliyyətini gücləndirir.
Qeyd edildi ki, bələdiyyənin büdcəsi əsasən torpaq və əmlak vergisi, torpağın icarəsi və alqı-satqısı hesabına formalaşır. Ötən dövr ərzində bələdiyyənin gəlir və xərcləri aşağıdakı kimi sadalandı:
Torpaq vergisi 620 manat, əmlak 895 manat, torpaq icarəsi 370 manat, alqı-satqısı 2573 manat olmuşdur. Dövlətin ayırdığı dotasiya 2620, büdcə gəliri 7078 manat təşkil etmişdir. Hesabat dövründə səliqə-sahman və quruculuq işləri də görülmüşdür: kəndarası yollar təmir olunmuş, kanallar, arxlar, yol kənarları kol-kosdan, məişət tullantılarından təmizlənmişdir. Bayramlarda imkansız, şəhid ailələrinə, müharibə əlil və iştirakçılarına yardımlar edilmişdir.
Ölkədə və rayonda gedən quruculuq işlərinə görə bələdiyyə sədri kənd sakinləri adından Prezident İlham Əliyevə və rayon rəhbəri Rafil Hüseynova minnətdarlıq etdi.
Tüklə və Qodman bələdiyyələrinin  sədrləri Eyvaz İmaməliyev, Sirus Səfərov qurumun fəaliyyəti, gördüyü işlər barədə danışdılar.
Kənd sakinlərindən Mürşid Əhmədov, Allahverən Babayev, Sultanəli Qulamov, Sədrəddin Məlikov, Eldar Ağayev, Kərim Əkbərov, Şadulla Rzayev, Sabir Əsədov, Məhərrəməli Əbilov, Xıdır Allahverdiyev və başqaları qazın zəif nəql edilməsi, işıq xətlərində nasazlığın olması, sitrus bitkilərinin əkilməsi, torpağa ögey münasibət bəslənməsi, pay torpaqlarının hazırkı vəziyyətinə diqqət çəkdilər.
Hesabat məruzəsini və sakinlərin müraciətlərini dinləyən RİH başçısı Rafil Hüseynov dedi:
-Rayonun böyük kəndlərindən olan Bədəlanda bələdiyyəsi qonşu Kolatandakı həmkarından nümunə götürməlidir. Yaşıllığı, yolu, işığı, yeni obyektlərin yaradılması və s. məsələlər gənc bələdiyyə sədrinin fəaliyyəti ilə rəvac tapır.
Kəndinizdəki yeniliklər dövlət vəsaiti ilə yaradılır. Bədəlan kimi böyük bir kənddə əmlak və torpaq vergisi kifayət qədər yığılmır. Məktəbinizin yolu bərbaddır. Qaz, işıq pullarının yığılmasında nöqsanlar böyükdür.
Rayon rəhbəri görüş iştirakçılarına ölkə Prezidenti cənab İlham Əliyevin Lənkərandakı müşavirədə toxunduğu sahələri xatırlatdı. Dedi ki, torpaqlarınızda taxıl deyil, çəltik, sitrus bitkiləri yetişdirmək məqsədə uyğundur.
Ancaq Bədəlanda bu sahədə az iş görülür. Xırmandalıda bir hektar əkilməmiş torpaq yoxdur. Bu da adamların məşğulluğuna, rifahına müsbət təsir göstərir.  İndi ölkədə pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılığa önəm verilir. Yüz hektar taxılda bir iş yeri varsa 100 hektar çayda 300-400 adam işləyəcək.
Azərbaycanda yetişdirilən məhsullar xarici bazarda əl-əl gəzir. Xüsusilə düyümüz artıq özünə yer tapıb. Məhv edilmiş çay plantasiyaları bərpa edilməlidir.
                                                                           Həsənağa ƏLİYEV,
                                                                                    Vəkil AĞAYEV (foto).шаблоны для dle 11.2
Вернуться назад