Главная > Maraqlı > Mənim ilk müəllimim...

Mənim ilk müəllimim...


26-01-2022, 14:40. Разместил: admin44
                                                                                                 
                                          İlk dəfə məktəbə getdiyim gündən,
                                          Oxuyub, yazmağı öyrətdi bizə.
                                          Elmin sirlərini öyrənən gündən,
                                          Nur, işıq gəlmişdi gözlərimizə.

         Hər bir insan anadan doğulduqdan sonra valideynlərinin himayəsi altında böyüyür, onların köməyi ilə ilk addımlarını atmağı, ayağa durmağı və ən sonda isə danışmağı öyrənir. Bundan sonra isə təhsil alması ortaya çıxır. Bu missiyanı isə ilk müəllimlər yerinə yetirir. Bu isə çox çətin və məsuliyyətli işdir. Çünkü hər bir şagird müəllim üçün övlad sayılır. Bu övladları böyütmək valideynlərin üzərinə düşsə də onlara təhsil vermək, həyat məktəbi keçmək isə müəllim işidir. Müəllim sözü ən uca və ən təmiz duyğulardan qaynaqlanır. Ona dahi insan və sirli dünya kimi baxırsan. Biz ondan çox şey öyrənirik, çünkü beynimizin ağ vərəqlərini o qayğıkeş insanın öyrətdiyi bilik və savadla yazıb doldururuq və öyrənirik. Onların qələmlərindən süzülüb tökülənləri biz bircə-bircə toplayıb savad və bilik, sonra isə elm sahibi oluruq. Belə uca məqama yetişən və mənə ilk dəfə qələm tutmağı, hərflərin adlarını və yazılışını öyrədən və həyat dərsi keçən Kazım Mirzəcan oğlundan və onun ailəsində böyüyən, ali təhsil alan övladları barəsində danışacağam.
         Kazım müəllim deyəndə 1-ci sinifə getdiyim yadıma düşür. İlk dəfə gördüyümüz və oturduğumuz əşyanın parta olduğunu, qarşında açılan və içərisi bəzəkli şəkillər və hərflərlə dolu sirli dünyanın isə kitab olduğunu, əlimizə alıb yazı yazdığımız adi əşyanın qələm olduğunu bizə öyrədən insan.  
         Kazım Hüseynov 1912-ci ildə Masallı rayonu Dadva kəndində (indiki Dadva məhəlləsində) ziyalı ailəsində anadan olmuş, hamı kimi o, da əlinə çanta alaraq birinci sinifə getmiş, sonralar Lənkəran Pedaqoji məktəbində təhsil almış, ibtidai sinif müəllimi ixtisasına yiyələnmişdir. Böyük Vətən müharibəsi başlananda isə təhsilini yarımçıq qoyaraq cəbhəyə getmiş, yüzlərlə şəhər və kəndin azad olunmasında igidliklə döyüşmüş, 1945-ci ildə müharibədən yaralı qayıtmış, Böyük Vətən müharibəsi əlili kimi yarımçıq qalmış təhsilini davam etdirmişdir. Lənkəran Pedaqoji Məktəbini bitirərək ilk dəfə Masallı rayonunun Təzəkənd kəndində məktəb direktoru kimi pedaqoji fəaliyyətə başlamışdır. Bir müddət orada direktor işlədikdən sonra 1951-ci ildə Masallı şəhərindəki 4 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi dərs demişdir. Bu məktəbdə o, 60 yaşında təqaüdə çıxmış, yaşadığı evin həyətindəki bağında təsərrüfat işləri ilə məşğul olmuşdur. Bu gözəl pedaqoq dərs dediyi hər bir şagirdə görə narahat olmuş, bir şagird dərsdən qalardısa evinə gedib məktəbə gəlməməsinin səbəbini öyrənər, problemi olarsa həll etməyə çalışırdı. Yaşadığı kəndin ən savadlı ziyalılarından və ağsaqqallarından biri sayılırdı, kəndin xeyir-şərində yaxından iştirak edərdi. Kazım Hüseynov yaşadığı kəndin küçələrinin asfaltlaşdırılmasında da iştirak etmiş, 120 maşın daşı küçəyə tökdürməyi təmin etmişdir.
   Müəllimin ailəsində 3 qız və 3 oğlan uşağı böyüyürdü. Onların hər birinin yaxşı oxumaları və savadlı böyümələri üçün həyat yoldaşı Gülsümlə birlikdə bir ömür çalışmışlar. Oğlanları Asəf, Fərrux və Nadir, qızları Rəna, Mahirə və Fiqumə ali təhsil almış, atalarının vəsiyyətlərini həyata keçirmişlər.
Bir haşiyə çıxmaq istəyirəm, çünkü mən də Kazım müəllimin dərs dediyi 4 nömrəli məktəbdə onun sinifində oxumuşam. Burada 2 il oxusam da onun gözəl müəllim və gözəl insan olduğunu görmüşəm. Verdiyi tapşırıqlarını dorğu-dürüst həll etmişəm. Çalışqan və dərsə marağımı görən Kazım müəllim məni diqqətində saxlamış, məktəbi əla qiymətlərlə başa vurmağıma kömək etmişdir. 2-ci sinifdə oxuduğum zaman səhər vaxtı məktəbə gələndə oturduğum partanın üstündə üzərində SSSRİ yazılmış qırmızı bayrağın sancıldığını gördüm. Müəllimim Şirinxanım Ağayevadan bu barədə soruşdum. O dedi ki, dünən yazdığım yazıya və xəttimin gözəl olmasına görə Kazım müəllim tərəfindən həmin bayraq partama sancılmışdır. Bundan çox sevindim və bundan sonra da yaxşı və əla oxumağa söz verdim.
Xatirələr çoxdur. Bu gösəl insan, qayğıkeş ata və ailə başçısı, eləcə də gözəl pedaqoq barəsində nə qədər istəsən deməyə söz taparsan.

                                       Dünyanın sirrini öyrəndim ondan,
                                       Nə tez ötdü günlər, zaman yetişdi,
                                       Son dəfə görüşüb ayrıldım ondan,
                                       Bax, “son zəng” çalındı, məqam yetişdi.

Kazım Hüseynov
1989-cu ilin 22 aprelində dünyasını dəyişmiş, özündən sonra xoş xatirələr və yadda qalan hadisələrlə dolu iz qoymuşdur onu sevənləri üçün. Məkanın cənnət olsun, əziz ilk müəllimim.
Sülhiyyə Tağızadə
Masallı şəhəri,
AJB-nin üzvü.




www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад