Главная > Maraqlı > “Yeni həyat” qəzeti-90 Qəzetimizin dostları

“Yeni həyat” qəzeti-90 Qəzetimizin dostları


26-01-2022, 14:49. Разместил: admin44
Maraqla oxunan “Yeni həyat”
 
Bu il “Yeni həyat” qəzetinin 90 illiyi tamam olur. Masallının salnaməsini yaradan bu qəzetlə 40 ildir ki, dostluq edirəm. Rusiyanın Tümen şəhərində Meşə Texnologiyası Texnikumunu bitirib kəndə gələndə “Çağırış” adıyla çıxan qəzetin rayonun bütün sahələrini işıqlandırdığını görürdüm. Partiya qəzeti olsa da bədii yazıları ilə də oxucularını sevindirirdi. Elə həmin illərdə rayon qəzetinə abunə olundum. O vaxtlar qəzet təxminən 10-12 min tirajla həftədə 3 dəfə çap olunurdu.

1984-cü ildə çayçılıq briqadiri olanda kollektivin demək olar ki, bütün üzvləri “Çağırış”a abunə yazılırdı.
Müstəqillik dövründə də “Yeni həyat”la dostluq edirəm. Tüklə bələdiyyəsinin sədri kimi hər il abunəni vaxtında həyata keçirirəm.
Qəzet rayonun iqtisadi, siyasi, mədəni həyatını geniş işıqlandırır. Əsrin əvvəllərində qəzet rayonda unudulmuş çəltikçiliyin, çayçılığın, sitrusçuluğun, tütünçülüyün, baramaçılığın bərpası istiqamətində müətəmadi sanballı yazılar dərc edirdi.
“Yeni həyat” tərtibinə görə də oxucuları razı salır. Milli-mədəni dəyərlərimiz, erkən nikahlar, narkomaniya, ailə münasibətləri, təhsil, səhiyyə, idman, iqtisadiyyat, təsərrüfat həyatı “Yeni həyat”ın daimi mövzularıdır.

2020-ci ilin sentyabrında Vətən müharibəsi başlananda “Yeni həyat”çılar da qələmini düşmənə qarşı çevirdi. Qarabağda kənd, qəsəbə, rayon mərkəzləri düşməndən təmizlənəndə “Yeni həyat”ın səhifələrində gəncləri səfərbər edən yazılar oxucular tərəfindən maraqla oxunurdu.
Mən bir oxucu kimi həmişə rayon icra hakimiyyətinin orqanı olan “Yeni həyat”ı səbirsizliklə gözləyirəm. Qəzetin yubileyi ilində onu araya-ərsəyə gətirən jurnalistlərə cansağlığı, iti qələm və mübarizlik arzu edirəm.
 



Eyvaz İMAMƏLİYEV,
Tüklə bələdiyyəsinin sədri.



ww.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад