Главная > Maraqlı > Vətənə sevgi, Vətənin maraqlarını üstün tutmaq hər bir gəncin borcudur

Vətənə sevgi, Vətənin maraqlarını üstün tutmaq hər bir gəncin borcudur


6-02-2022, 17:11. Разместил: admin44

Gənclər bizim sabahımız, xoş gələcəyimizdir. Ölkəmizdə Gənclər Gününün təsis edilməsindən 25 il ke­çir. Bu münasibətlə paytaxtda və bölgələrdə müxtəlif tədbirlər keçirilir, gənclərlə görüşlər təşkil edilir. Mən Masallı rayon Heydər Əliyev Mərkəzində “2 Fevral – Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə keçirilən tədbirdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi”nin sədri olaraq iştirak və çıxış etdim. Rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir çox gəncə icti­mai birliyimizin adından hədiyyələr təqdim etdim.

Ötən əsrin sonlarında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyu­lan gənclər siyasəti müstəqilliyimizin ilk illərində gənclərin vətənpərvər ruhda formalaşmasına zəmin yarat­dı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda ümummilli lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi. 2003-cü ildən son­rakı dövrdə isə Prezident İlham Əliyev tərəfindən gənclər siyasətinin inkişaf istiqaməti daha da təkmilləşdirildi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik ma­raqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə yetişən gənclər yerinə yetirdilər.

Qürurla vurğulamaq istəyirəm ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərdən sonra gördük ki, bizim necə qorxmaz, cəsur, Vətən yolunda son damla qa­nını, canını əsirgəməyən gəncliyimiz var. Cənab Prezidentin fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Foru­munda səsləndirdiyi fikirlər də bunu sübut edir: “Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir”. Dövlət başçımız xüsusi olaraq, elə bir gənc nəslin yetişdiyini diqqətə çatdırdı ki, hətta Qaraba­ğı görməyən, o acı tarixi bilməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə getdilər və şəhid oldular, qazi oldular və müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Prezident bildirdi ki, əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə alma­saydı, müharibənin nəticələrinin necə olacağını bilməzdik.

Hazırda dünyanın müxtəlif ölkələrində çalışan, təhsil alan gənclərimizi gördükcə, onların xoş sədalarını eşitdikcə, əməlləri ilə fəxr etdikcə görürük ki, bizim nə qədər savadlı, bilikli, gələcəyə açılan gəncliyimiz var. Təbii ki, belə mi­sallardan çox çəkmək olar. Çünki dövlətimizin yürütdüyü siyasət nəticəsində, ulu öndərin siyasi kur­sunu ləyaqətlə davam etdirən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə olan dəstək və qayğısından dolayı görürük ki, bizim necə mükəmməl, parlaq gələcəyimiz, möhtəşəm gəncliyimiz yetişir.

Mən arzu edirəm ki, Azərbaycan gəncliyinin adı hər zaman elmin müxtəlif sahələrində – tibbdə, yüksək texnologiyalar sahəsində ilklər siyahı­sında olsun. Hər zaman gənclərimiz ixtiraları, kəşfləri ilə seçilsin, tanınsın, adları mötəbər tribunalardan ehtiram­la çəkilsin, xoş sədaları gəlsin. Biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə etməliyik. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət ma­raqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.

Bu sətirləri dövlət başçımızın Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Foru­munda səsləndirdiyi fikirlərlə tamamla­maq istəyirəm: “İndiki gənclər üçün im­kanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hal­larda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.




Arzu BAĞIROVA,
Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri.шаблоны для dle 11.2
Вернуться назад