Главная > Maraqlı / Manşet > Masallıda Səfərbərlik Xidmətinin yaranmasının 10 illik yubileyi

Masallıda Səfərbərlik Xidmətinin yaranmasının 10 illik yubileyi


12-02-2022, 22:10. Разместил: admin44
 
 
12 fevral 2022-ci il tarixdə Masallıda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının 10 illik yubileyi qeyd olunub.
     
Masallı Rayon İcra Hakimiyyətinin və SHXÇDX-nin rayon şöbəsinin birgə təşkilatçılığı ilə hazırlanmış tədbir şəhərin Heydər Əliyev Mərkəzində keçirilib.
     
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və məsul işçiləri, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, SHXÇDX-nin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev və şöbənin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, tərxis olunmuş hərbçilər, qazilər, ziyalı və ağsaqqallar, gənclər iştirak ediblər.
     
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
     
Sonra mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   
Sonra Mərkəzin iclas zalında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətini əhatə edən videoçarx nümayiş etdirilib.
     
Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Ş.Məmmədov  Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Milli Ordumuz bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirildiyini, bu sahənin inkişafı istiqamətində lazimi islahatlar aparıldığını qeyd edib. İcra başçısı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimizin Vətən müharibəsinin 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdiyini, işğala son qoyduğunu bildirdi. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.
     
Rayon rəhbəri həmçinin əlamətdar gün münasibətilə SHXÇDX-nin rayon şöbəsinin əməkdaşlarını təbrik edib, Xidmət əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
   
SHXÇDX-nin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev Xidmətin yaranması, inkişafı və fəaliyyəti barədə  məruzə ilə çıxış edib. O, çıxışında güclü iqtisadiyyata malik və sürətlə inkişaf edən ölkəmizdə müasir və qüdrətli Milli Ordunun formalaşdığını, Azərbaycan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən 44 günlük Vətən müharibəsindən, ölkə rəhbərinin diqqət və qayğısı sayəsində həyata keçirilən hərbi islahatların, aparılan ordu quruculuğunun ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət etdiyini söyləyib.
   
Şöbə rəisi Vəli Rzayev bildirib ki, ötən 10 ildə Xidmətdə səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində mühüm nəticələr əldə edilib.
   
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov (fotoqraflar Rəşad Fərəcov və Nurşad Bayramov) xəbər verir ki, Milli Məclisin üzvləri — Professor Anar İsgəndərov və Məşhur Məmmədov, Masallı rayon prokuroru Vəli Mustafayev, Masallı rayon polis rəisi-polis polkovnik leytenatı Azay Ağayev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, şəhidlər anası Ziba Əsgərova, şəhid anası, Masallı şəhər 1 nömrəli tam orta məktəbin direktoru Mehriban Sultanova, Birinci Qarabağ və Vətən müharibəsi iştirakçısı, Masallı şəhər 6 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Cəmaləddin Məmmədov, Masallı RİH yanında İctimai Şuranın sədri, «Tərəqqi» medallı veteran jurnalist Əyyub Mehdiyev və bağqaları vurğulayıblar ki, ordu quruculuğu ilə yanaşı ölkəmizdə sosial yönümlü iri layihələrin tərkib hissəsi kimi Azərbaycanın suverenliyi uğrunda şəhid olanların xatirəsinin yad edilməsi, onların ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərilən dövlət qayğısı çərçivəsində Masallıda da mütəmadi tədbirlər həyata keçirilir, rayonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam inkişafı, asudə vaxtlarının səmərəli keçirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır.
     
Tədbirin axırında bir qrup fəal şəxsə Masallı RİH-nin, SHXÇDX-nin rayon şöbəsinin Fəxri fərmanları, Birinci Qarabağ və Vətən müharibəsi iştirakçısı, Masallı şəhər 6 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Cəmaləddin Məmmədova Azərbaycan Prezidentinin Sərəncamına əsasən «Qubadlının azad olunmasına görə» və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin «Vətən naminə» medalları təqdim olunub.


























www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад