Главная > Maraqlı > Devizimiz uğurlu fəaliyyət, peşəkarlıq və sədaqətdir
Devizimiz uğurlu fəaliyyət, peşəkarlıq və sədaqətdir10-03-2022, 14:41. Разместил: admin44 |
Ölkə ictimaiyyətinə yaxşı məlumdur ki, bu gün cəmiyyətdə qeyri – hökumət təşkilatlarının (QHT) fəaliyyəti layiqincə dəyərləndirilir, onlara dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Fəaliyyəti göz önündə olan QHT-lər arasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİM İB) rolu və fəaliyyəti xüsusi diqqət çəkir. Birliyin sədri Arzu Bağırovanın şəhidlərin anım günlərində bölgələrdə, ailə üzvlərinin yanında olub onlara təskinlik verməsi, mənəvi və maddi dəstəyi təqdirəlayiqdir. “Martın 5-də “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi 4 yaşını qeyd etdi. Həyata keçirilən layihələri ənənəvi olaraq hər il hesabat şəklində ictimaiyyətə təqdim edirik. İllər keçdikcə, üzərimizə götürdüyümüz missiya ilə vətəndaşlarımıza, özəlliklə əhalinin həssas qruplarına faydalı olmaq, dövlətçiliyimizə, bir sözlə, ölkəmizin inkişafına töhfələr verməyə çalışırıq. Xidmət meyarımız: peşəkarlıq və sədaqətdir. RHİM İB bu meyara uyğun olaraq öz fəaliyyət istiqamətlərini müəyyənləşdirib”. Bu fikirləri 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində söhbət əsnasında təşkilatın rəhbəri Arzu Bağırova bildirdi. O, birliyin dördillik fəaliyyətindən söz açaraq fikirlərinə əlavə etdi: – Qarabağ (ümumən Azərbaycan) həqiqətlərinin və ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurların beynəlxalq aləmdə tanıdılması, həmçinin Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinin xaricdə təbliği, gənclərin maarifləndirilməsi, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, şəhid ailələrinə, qazilərə, fiziki imkanları məhdud insanlara qayğı və belə qayğının təşviqi fəaliyyətimizdə aparıcı yer tutur. RHİM İB, öz adına da uyğun olaraq, müxtəlif mətbuat orqanlarında ardıcıl olaraq maarifləndirici çıxışlar, çoxsaylı kitabların nəşri və yaddaqalan tədbirlərin təşkili, ali dövlət rəhbərliyinin inkişaf strategiyasına dəstək məzmunlu aktual layihələrin həyata keçirilməsi və ya bu kimi layihələrə dəstək verilməsi istiqamətində fəal iş aparıb. Vətən müharibəsindəki möhtəşəm Qələbənin sevincini yaşayan, cənab Prezidentin və birinci xanımın əhalinin həssas qruplarına olan münasibətindən söz açan Arzu Bağırova dedi: – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi ölkəmizin şanlı qələbəsi ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində bizim torpaqlarda möhkəmləndirdiyi silahlı qüvvələrini darmadağın edib, böyük Zəfərə imza atdı. “Dəmir yumruq” kimi birləşib və düşmənin başını əzərək, işğaldan azad etdiyimiz torpaqlarımıza insaniyyət, mədəniyyət, quruculuq, abadlıq gətiririk. İndi qalib xalq kimi beynəlxalq aləmə üzüağ çıxırıq. Azərbaycanın Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərə münasibətini xüsusi vurğulamaq istərdim. Mehriban xanım şəhid ailələrinə, qazilərimizə xüsusi sevgi ilə yanaşır, onların problemlərinin operativ şəkildə həll olunmasını təmin edir, şəhidlərimizin xatirələrinin yaşadılması üçün çoxşaxəli fəaliyyət göstərir. Birinci xanımın fəaliyyəti ölkəmizin hərtərəfli inkişafı ilə yanaşı, dünyada sülhün, mədəniyyətlərarası dialoqun dəstəklənməsinə mühüm töhfə verir. Arzu Bağırova vətəndaş cəmiyyətinin fəal üzvü olaraq, cənab Prezdentimizin və Mehriban xanımın bütün çağırışlarına qoşulub, Vətənə ləyaqətlə xidmət etməyi bundan sonra da davam etdirəcəyini bildirdi: – Ötən 2021-ci ili pandemiya ortamında yaşasaq da, bir çox tədbirlər planı hazırlayıb, karantin şərtlərinə uyğun olaraq reallaşdırmışıq. Tədbirlərimizin əksəriyyəti onlayn şəkildə olsa da, şəhid ailələrimiz, qazilərimiz və ziyalılarımızla canlı görüşlər keçirmişik. Tədbirlərdə bizə yaxından kömək göstərən və dəstək olan Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevaya və onun rəhbərlik etdiyi, sıx əməkdaşlıq etdiyimiz “Avrasiya Beynəlxalq Araşdırmalar İnistutu” İctimai Birliyinə öz dərin minnətdarlığımızı bildiririk. Hər zaman yanımızda olan dostlara, KİV nümayəndələrinə gördüyümüz işləri dəyərləndirdikləri üçün sonsuz təşəkkür edirik. Biz birlikdə güclüyük! – deyir A.Bağırova. Bayram günlərində ailə üzvlərinin deyil, həssas kateqoriyadan olan insanların yanında olmağı seçən Arzu xanıma və kollektivinə yorulmaz, işıqlı fəaliyyətlərində uğurlar arzu edirik. Zərifə BƏŞİRQIZI, "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |