Главная > Maraqlı > Tütündən asılılıq və ondan qurtulmağın yolları

Tütündən asılılıq və ondan qurtulmağın yolları


14-03-2022, 10:10. Разместил: admin44

Siqaretdən asılılıq ən öldürücü kütləvi zəhərlənmə yoludur

Hər bir siqaretdə orqanizm üçün zəhərli, bir başa xərçəngə səbəb olan və ya xərçəngin yaranmasını sürətləndirən 4000-dən çox kimyəvi maddə aşkarlanıb. Bunlardan ən az 50-sinin bir başa xərçəng xəstəliyi yaratdığı elmi əsaslarla sübut olunub. Bir insanda siqaretdən asılılıq yaradan maddə nikotindir. Nikotin ürək döyüntülərini artırır, arterial təzyiqi yüksəldir, qanı qatılaşdırır. Siqaret tüstüsündəki karbonmonooksit qazı qanda oksigenin qatılığını azaldır, toxumalara kifayət qədər oksigen çatdırılmasını əngəlləyir, bu səbəbdən siqaret çəkən insanlar əhəmiyyətsiz sayıla biləcək fiziki aktivliklər zamanı siqaret çəkməyənlərlə müqayisədə daha tez yorulurlar. Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmalara görə, bu il ərzində 4.8 milyon insan siqaretin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişəcək. 2025-ci ildə bu rəqəmin 10 milyon olacağı təxmin edilir. Bunun 7 milyonunun bizim kimi inkişaf etməkdə olan ölkələrdə olacağı gözlənilir. Siqaretdən asılı insanların 25-30%-i daha gənc yaşda dünyasını dəyişir.

Kişilərdə bütün xərçəng növlərinə bağlı ölümlərin 35%-i, qadınlarda isə 15%-i siqaretə bağlıdır. Ağciyər xərçənginə bağlı ölümlərin 90%-i siqaretin payına düşür. Ağciyər xərçəngi, xərçəng səbəbli ölümlərin siyahısında birinci yerdədir. Siqaret çəkənlərdə ağciyər xərçəngi riski çəkməyənlərlə müqayisədə 20 dəfə çoxdur. Passiv siqaret çəkənlərdə isə risk çəkməyənlərə görə 3 dəfə artıqdır. Siqaret çəkənlərdə ağciyər xərçəngindən başqa, ağız boşluğu, dil, dodaq, qırtlaq, qida borusu, mədəaltı vəz, böyrək, prostat vəz, uşaqlıq boynu xərçənginin yaranma riski yüksəkdir. Passiv siqaret çəkən qadınlarda süd vəzi xərçəngi yaranma riski artır. Siqaret bronxit, emfizema kimi təngnəfəslik yaradan tənəffüs yolu xəstəliklərinin bir başa səbəbkarıdır. Bu xəstəliklər səbəbilə ölüm riski siqaret çəkməyənlərlə müqayisədə 40 dəfə artıqdır. Siqaret çəkənlərdə miokard infarktı yaranma riski 3 dəfə çoxdur. Siqaret, qan dövranına və damarlara olan mənfi təsiri ilə əlaqədar olaraq, beyin qan dövranı pozulmalarına, iflic, aşağı ətraf qanqrenalarına səbəb olur. Siqaret çəkən qadınlarda spontan abort, vaxtından əvvəl doğuş, az çəkili uşaqlar, sonsuzluq, oral kontraseptiv istifadəçilərində miokard infarktı keçirmək riski yüksəkdir. Siqaret kişilərdə sonsuzluq və impotensiyaya səbəb olur. Siqaret çəkənlərdə mədə xorası yaranma riski yüksək, sağalma prosesi daha gec baş verir. Siqaret dəridə qurumaya səbəb olur, katarakta yaranmasında rol oynayır.

Siqaretin tərkibindəki nikotin çox güclü asılılıq yaradan maddədir. Siqaret çəkərkən, hər aldığınız tüstüdəki nikotin 7 saniyə ərzində beyinə çatır, insanda xoş hisslər və daha çox nikotin tələbatı yaradır. Siqaret çəkənlərdə, əl və ağız vərdişləri yaranır. Çəkilən siqaret sayına bağlı bu vərdişlər daha da arta bilər.

Asılılıq yaradan maddədən uzaqlaşmaq çətindir. Ancaq mümkünsüz deyil. Bir çox nikotindən asılı olan şəxslərdə siqaret çəkmədiyi müddətdə yaşadığı xoşagəlməz hisslər müvəqqətidir. Ən çətin müddət 2-3 həftədir. Bu müddət ərzində gözlənilməyən hadisələr sizdə siqaret çəkmək ehtiyacı yarada bilər. Siqaretin sadəcə bir adət etdiyiniz zərərli vərdiş olduğunu, bu asılılığın öhdəsindən gələ biləcəyinizi və ən əsası siqaretin içində olduğunuz çətin vəziyyətdə sizə kömək etməyəcəyini unutmayın. Yenidən siqaretə başlamaq heç bir probleminizi həll etməməklə bərabər, özünüzə olan güvəninizi itirməyinizə səbəb olacaq.

Rəhman MUXTAROV,
Masallı Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад