Главная > Maraqlı > 30 illik həsrətdən sonra Qarabağımız Novruz tonqalına qovuşdu

30 illik həsrətdən sonra Qarabağımız Novruz tonqalına qovuşdu


15-03-2022, 17:43. Разместил: admin44

Prezident İlham Əliyev: "Hər il Novruz bayramı ərəfəsində deyirdik inşallah, gələn il Şuşada qeyd edək və bu gün gəldi"

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır. Tarix boyu zəhmət və halallıqla yaşayan xalqımız Novruzun gəlişini ruzi-bərəkət qapısının açılması kimi intizarla gözləmişdir. Novruzun milli taleyimizdəki yerini, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirmişdir: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.

Ancaq mənfur erməni işğalçıları öz xəstə ruhlarına uyğun olaraq ötən 30 il ərzində bütün işğal olunmuş ərazilərimizdə olduğu kimi qədim Şuşa şəhərində də erməniləşdirmə, tarixi-mədəni təmizləmə siyasəti yürütməyə çalışırdılar. Ancaq 2020-ci ilin 8 noyabrındakı möhtəşəm qələbə ilə Azərbaycan xalqının tarixinə son üç əsrdə ilk dəfə Prezident, Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruq" siyasəti ilə tarixi Zəfər gününü həkk edən şanlı Azərbaycan Ordusu və Azərbaycan dövləti düşmənə öz yerini bir daha göstərdi.

Artıq alqımız ikinci ildir ki, Novruzu daha fərqli qeyd edir. Heç olmadığı kimi fərqli. Nəhayət, 30 ildən sonra Azərbaycan xalqının Novruz hədiyyəsi doğma Qarabağımızdır. Bu hədiyyəni, bu sonsuz sevinci isə Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbəri olduğu Azərbaycanın zəfər çalan yenilməz ordusu, dünya siyasi masasında öz arqumentləri ilə bütün oyunçulara haqq mövqeyimizi qəbul etdirməyi bacaran üstün Azərbaycan diplomatiyası və cənab Prezidentin ətrafında dəmir yumruq kimi birləşən mətin və həmrəy Azərbaycan xalqının özüdür.

CIDIR DÜZÜNDƏ ALOVLANDIRILAN NOVRUZ TONQALI İLƏ DOĞMA QARABAĞA SAHİBLƏRİNİN BURADA OLDUĞUNU GÖSTƏRƏN BİR NUR, DÜŞMƏNƏ İSƏ GÖZDAĞI VERİLDİ

Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev martın 16-da Şuşa şəhərinə növbəti tarixi səfəri Vətən müharibəsində şanlı Qələbəmizlə, 30 illik ayrılıqdan sonra doğma Qarabağımıza qovuşmağımızla, ədalətin zəfər çalması ilə əlamətdar idi. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycapn Prezidenti xalqına öz Novruz təbrikini dağlar qoynundakı Şuşadan - ecazkar Cıdır düzündən çatdırdı. Prezident İlham Əliyevin Birinci vetse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla xanım Əliyeva ilə birgə Azərbaycan xalqının ən əziz bayramı olan, xalqın birliyinin, həmrəyliyinin simvollarından biri Novruz bayramını Şuşada qeyd etməsi eyni zamanda bütün dünyaya qəti bir siyasi mesaj idi. Cıdır düzündə alovlandırılan Novruz tonqalı ilə doğma Qarabağa sahiblərinin burada olduğunu göstərən bir nur, düşmənə isə gözdağı verildi. Və bu tonqalın önündən Qalib Liderimiz, Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət etdi: "Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”.

"TONQALLARI YANDIRIN! BUNDAN SONRA MƏSKƏNİMİZ KÜLLİ – QARABAĞDIR!"

Müzəffər Ali Baş Komandan öz xalqına müraciətində bu böyük həqiqətə toxunaraq demişdir: "Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq – həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq".

"MƏN DEMİŞƏM Kİ, ŞUŞA NƏİNKİ AZƏRBAYCANIN, DÜNYANIN ƏN GÖZƏL ŞƏHƏRLƏRİNDƏN BİRİNƏ ÇEVRİLƏCƏKDİR VƏ BUNA NAİL OLACAĞIQ, 100 FAİZ"

Bəli, bugün 30 il idi ki, bu tonqallara həsrət qalmış Qarabağ torpaylarında tonqallarımız yandırılır. Qalib Liderimiz Qələbə sevinclərinin Novruz şənliklərinə qovuşduğu müqəddəs bir məqamda bir daha dünyaya bəyan etdi ki. Qarabağın, onun tacı olan bu şəhərin əzəli sahibləri buraya əbədi qayıdıblar: “Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Halbuki, Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar yaşayıb. Yaxşı, erməni şəhəri idisə, niyə əl gəzdirməmisiniz? Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir. Azərbaycanlıların evlərini dağıdıblar və hesab edirdilər ki, bu işğal əbədi olacaq. Biz işğala son qoyduq. Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz. Bura Azərbaycan torpağıdır, Qarabağ torpağıdır. Bundan sonra Azərbaycan xalqı burada əbədi yaşayacaq”.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ALİ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNDƏ MEHRİBAN XANIM ƏLİYEVANIN XİDMƏTLƏRİ

Bu gün Heydər Əliyevin ali ideyalarının gerçəkləşməsində Azərbaycan Prezitdenti İlham Əliyevlə birgə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin bütün dünyada təbliğində, qədim ənənələrimizin yenidən həyat qazanmasında və beynəlxalq ictimaiyyətə təqdim olunmasında Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Təsadüfi deyil ki, məhz Mehriban xanımın əməyi sayəsində Novruz bayramı çərşənbə günü dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilmişdir. 2010-cu il 23 fevral tarixində isə martın 21-i BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Novruz Günü elan edilmişdir.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti tarixinin ən böyük yüksəliş dövrünü yaşayır. Aparılan məqsədyönlü daxili və xarici siyasət hesabına əldə edilmiş sosial-iqtisadi, mədəni nailiyyətlər xalqımızın bayram sevincini daha da artırır, bizləri gələcəyə ruhlandırır. Bizim hamımızın ümummilli, ümumxalq arzumuz vardır: “Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənsin, güclənsin. Xalqımız sülh və əmin-amanlıq şəraitində, xoşbəxt və firavan yaşasın!”

SEYFƏDDİN ƏLİYEV,
YAP Masallı rayon təşkilatının sədri

"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад