Главная > Maraqlı > Erkən nikahlar faciədir

Erkən nikahlar faciədir


28-03-2022, 14:43. Разместил: admin44
Səbəb laqeydlik, arxayınçılıqdır!

Bu yaxınlarda telekanallardan aldığımız məlumata görə bölgəmizdən olan 15 yaşlı qızın hamilə vaxtı dünyasını dəyişməsi hamı kimi məni də sarsıtdı. Bu yaşda qızını nəyin müqabilində ərə verməsi valideynə nifrətimi artırdı. Xoşbəxtlikdən  ötrü erkən ərə verilən zavallı həyatın şirinliyini dadmadan dünyadan köçdü. Bütün arzu və xəyallarını da ösü ilə apardı. Valideynləri isə dizinə-başına döyə-döyə hələ də qovrulurlar.

Böyük şairimiz Müşfiqin təbirincə desək, “İnsanın üzündə həya gərəkdir”.

Bu, yeganə olay deyil, eşidib-eşitmədiyimiz onlarca,   yüzlərcə belə faktlarla rastlaşırıq. Ancaq, nədənsə bu nadanlığa son qoyulmur.
Erkən nikah. Bu termin son illərdə  daha çox işlədilir və eşidilir. Ancaq bu, söz olaraq qalır. Erkən nikahlar bir millətin, cəmiyyətin faciəsidir. Çünkü vaxtsız, vədəsiz ərə verilən qızın arzuları puç olub gedir. Ya xəstələnir, ya boşanır, ya da dünyaya xəstə uşaq gətirib cəmiyyəti xəstələndirir. Görürsən ki, cəmiyyətdə axsaq, ağıldankəm uşaqlar ildən-ilə çoxdur. Bu zaman boşanmalar da çox olur. Yeniyetmə qız ər evindəkilərlə  dil tapa bilmir, yemək bişirməyi bacarmır, baldız, qayınata ilə yola getmir. Beləliklə, vaxtsız küçələrə atılır. Bir də görürsən əliuşaqlı ana idarə qapılarına düşür, dolana bilmədiyini, pasibanı olmadığını deyib  şivən qoparır.
Erkən nikahlar haqqında hamı narahatçılıqla danışır: Sakinlər, valideynlər, məmurlar. Bəs bu gizli əl harda işləyir ki, erkən nikahlar öz qaydası ilə davam etməkdədir.

Erkən nikahlara ilkin ailədə yol verilir. Ana qonşuların acığına qızını tez ərə verir ki, bundan qürurlansın. Bəzən imkanlı, Rusiyada yaşayan 30-40 yaşlı oğlanlar  yaşadığı kəndə gəlib valideynlərə evlənmək istəyirəm, deyə israr edir. Ana da qızını qonşuda filənkəsin qızını göstərib nə olsun ki, hələ məktəbi bitirməyib, deyir. Alarıq, gedib Rusiyada kef edəcək. Qız anasının da ürəyincə olur ki, qızım gedib Rusiyada yaşayacaq, kəndin bu yeknəsək həyatından canı qurtaracaq – deyə fikirləşir. Bir müddət sonra qızın küçələrə atıldığı, sərgərdan qaldığı məlum olur. Əri eyş-işrətlə gün keçirir, həftələrlə evə gəlmir, ailəsinə yemək almır. Nabələd qız çaşıb qalır. Bəzən isə belə qızlar bir və ya bir neçə uşaqla baxımsız qalırlar. Bütün bunlar  faciə deyilmi?

Qızlar belə taleyə bəzən də məktəbdən köklənir. Müəllimlər qızların məktəbdən ayrılıb erkən ərə verilməsinə biganə qalırlar. Çox vaxt yeniyetmələrin təhsildən yayınmalarına müəllimlər soyuqqanlılıqla yanaşırlar.

Dövlətin erkən nikahlarla əlaqədar sərt qanunları var. Ancaq bu qanunlar məqamında işləmir. Hamımızın gözü qarşısında erkən nikah baş verəndə yerli icra strukturu, polis bu məsələlərə  reaksiya vermir. Bir neçə erkən nikaha  səbəb olan valideyn cəzasını alsa, digərlərinə də görk olar.

Bəzən belə valideynə bunun ziyanlı, faciəli olduğunu başa salmaq istəyəndə, elə qışqırır ki, doğrunun bağrı yarılır.  Özünü günahkar da sayırsan ki, ananın xətrinə dəydim. İnanın ki, qonşudan eşidən-bilən də səni qınayır: qızını verib, Allah xeyir versin, başı götürmür.
El qınağı olmasa, hər kəs “mənə nə” deyib yaxasını kənarə çəksə, kəndin başbilənləri laqeydlik göstərsə, sahə müvəkkili özünü görməzliyə vursa erkən nikahlar davam edib artacaq. Bu sahədə faciələr, narahatlıqlar davam edəcək. Valideyn-məktəb, ağsaqqal-ziyalı, polis-yerli icra nümayəndə-bələdiyyə birliyi olsa, erkən nikahlara son qoyulacaq.

Südabə MƏMMƏDOVA,
AJB-nin üzvü.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад