Главная > Maraqlı > “Hişkədərə: Tarix və müasirlik “

“Hişkədərə: Tarix və müasirlik “


29-03-2022, 09:37. Разместил: admin44

Yeni kitab haqqında düşüncələrim                                                                                                                              
Hişkədərə kəndi qonşu Türkoba kəndində doğulmağıma baxmayaraq, mənə ruhən doğma və əziz yerdir. Məhz bu kənddə 1980-1983-cü illərdə orta təhsilimi başa vurmuşam. Mənə təhsilin enişli-yoxuşlu yollarının sirli-sehirli dünyasının pünhan yollarını göstərən, sağlam düşüncəli, cəmiyyətə və xalqına yararlı olmağın insan həyatının və yaşayışının əsas qanunu olmasını aşılayan nurlu simalı müəllimlərimi xatırlayıram. Hişkədərə kəndinin  ziyalı ağsaqqallarının, mayası halal tikə ilə yoğrulmuş zəhmətkeş insanlarının çöhrələri gözumun önündən zaman oxu kimi ötüb keçir, xatirələr aləminin cilovsuz atı xəyalımı keçmiş illərin müxtəlif dövrlərinə sürətlə qaytarır.    

Əlbəttə, Hişkədərə kənd tam orta məktəbinin istedadlı tarix müəllimi, dərin məfkurəli maarifərvər ziyalı Bahadır Abdullayevin qətrə-qətrə araşdırıcılıq zəhməti hesabına ərsəyə gəlmiş bu kitab cələcək nəsillərə böyük hədiyyədir. Kitabı mütaliə etdikcə, ayrı –ayrı dövrlərdə yaşayıb yaradan, müxtəlif tarixi hadisələrin canlı iştirakçıları olan insanların sanki həm ulu keçmişlə, həm də bu günümüzlə  canlı dialoqlarının  şahidinə çevrilirsən. Eyni zamanda tədqiqatçılıq xarakteri daşıyan bu kitaba hüquq üzrə elmlər doktoru, sanballı ziyalı Nazim Əliyevin yazdığı ön sözdə hər bir xalqın, elin, obanın həyatında tarixilik prinsipinə əsaslanan faktların və onların dərindən analiz və təhlil olunmasının gərəkliyi və zəruriliyi dəqiq müqayisəli təhlil metodu ilə obyektiv olaraq  oxucunun diqqətinə çatdırılır.                                                                                                                      
“Hişkədərə: Tarix və müasirlik” kitabının araşdırıcılıq gücü hansı amillərə bağlıdır?                                

Ilk növbədə kəndin ulu keçmişini işıqlandıran arxeoloji artefaktların, maddi-mədəni abidələrinin, etnoqrafiyasının, milli dəyərlərinin,yerli canlı danışıq dilinə məxsus coğrafi toponimlərinı, məişət, təsərrüfat həyatının müxtəlif sahələrini əhatə və izah edən tarixi terminlərin keçmişimizlə və bu günümüzlə əlaqələndirilməsindən. İkincisi, kitabda Hişkədərə kəndində yaşayan ulu əcdadlarımızın tarixən və zaman-zaman bəşər sivilizasiyasının əldə etdiyi maddi-mədəniyyət nailiyyətlərindən heç də geri qalmadıqlarını və Qədim Şərqdə yaranmış sivilizasiya mərkəzləri ilə sıx əlaqədə olmasından xəbər verən real tarixi faktların üzə çıxarılmasından. Məsələn, 1963-cü ildə kəndin Əhlioba məhəlləsində ağac qabığından hazırlanmış zənbilin  aşkarlanması. Görkəmli tarixçi-arxeoloq  Məmmədəli Hüseynov  həmin zənbilin yerli əhalinin Bağdada gedərkən gətirildiyini ehtimal etmişdir (Bu cür tarixi faktlar, eyni zamanda bütün Azərbaycan ərazisində, həmçinin, Masallı rayonunun Təzə Alvadı, Çaxırlı, Qızılağac,Ərkivan, Mahmudavar və s.yaşayış məskənlərində də üzə çıxarılmışdır).                                                      
Üçüncüsü, kitabda regionomuzun qədim arxeoloji abidələrinin dərindən və hərtərəfli araşdırılmasına  və bu istiqamətdə peşəkar mütəxəssislərin elmi fikirlərinə və fəaliyyətlərinə ciddi ehtiyacın olmasına obyektiv olaraq toxunulur və cələcək tədqiqatçıların diqqətləri də bu istiqamətə yönəldilir.                                                                                                                                                                    
Həmçinin kitab  qədim Hişkədərə kəndinin keçmişini, bu gününü və gələcəyini qurub-yaradan nəsillərin sanki mənəvi görüş meydanıdır. Müxtəlif çətin tarixi dövrlərdə doğma  Azərbaycanımıza işğalçılıq məqsədilə qədəm qoyan yadellilərə qarşı mübarizə aparan ulu babaların ruhları da,  müstəqil Azərbaycanımızın ərazi bütövlüyünə qəsd edən erməni cəlladlarına qarşı sinə gərən, Vətən uğrunda canlarını fəda edən Hişkədərə kəndinin igid şəhidlərinin -Elşad Ağayevin, Vüqar Əliyevin, Natiq Həşimovun, Şahin Hüseynovun, Zaur Hüseynovun, İbrahim Lələyevin, Rahid Sadıqovun, Vüsal Məhərrəmovun əbədiyyət dünyalarına qovuşur. Əlbəttə, canlarını  Vətən uğrunda fəda edən belə qorxmaz və qəhrəman oğulların boya-başa çatmalarında Hişkədərə kəndinin ağsaqqallarının, ziyalılarının, din xadimlərinin və xüsusən müəllimlərinin həm keçmişdə, həm də indi böyük əməyi və zəhmətləri vardır. Haqlı olaraq kitabda Masallı Tarix-Diyarşünaslıq muzeyinin yaradıcısı  Rəhim Tağıyevin, respublika miqyasında tanınan pedaqoqların-Firudin Mirzəyevin, Şamil Ağayevin, Fərman Cabbarovun, Şahhüseyn Eynullayevin, Aydın Kərimzadənin, Səfərəli Əliyevin, Şahbala Sadıqovun, Bəxtiyar İzzətovun və digər pedaqoqların gənc nəsillərin təlim-tərbiyələrinə ömürlərini və enerjilərini zərrə-zərrə xırdalamalarına  yüksək dəyərlə yanaşılır. Məhz bu saf və halal zəhmətin nəticəsi olaraq, bu gün də müstəqil Azərbaycanımızın çiçəklənməsi və şöhrətlənməsi üçün yeni ziyalı nəsli ərsəyə gəlmiş, onların yaradıcılıq fəaliyyətləri həm respublikamızda, həm də keçmiş Sovetlər Birliyi məkanında, hətta uzaq Amerika qitəsində belə xalqımıza başıucalığı və qürur gətirir. Moskva şəhərinin ziyalı və ictimai siyasi mühitində layiqli yer tutan Hişkədərə kəndinin ilk akademik oğlu Əlirza Nəriman oğlu Qafarov, Rafiq Paşa oğlu Ağayev, yaxud Ukrayna Kənd Təsərrüfatı Elmlər Akademiyasının məzunu, elmlər doktoru Camal Bəhlul oğlu Rəhmətov, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun elmi işçisi, fizika –riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Bəxtiyar Mirzəkişi oğlu İzzətov, gənc yaşından möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının etimadını qazanan və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan, respublikamızda siyasi elmlər üzrə ən gənc fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülən Elmir Məmməd oğlu Bağırov, hüquq üzrə elmlər doktoru, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin “Elm,innovasiya və əməkdaşlıq şöbəsi”nin rəisi Nazim Kazım oğlu Əliyev, hazırda İstanbulun böyük elm mərkəzlərinin birində çalışan, riyaziyyat elmləri doktoru Nazim Sərraf oğlu Ağayev və adlarını saya bilmədiyim neçə -neçə ziyalı məhz qədim Hişkədərə kəndinin maarifçilik  bulağından su içmiş və  zəkaları hesabına pərvazlanmışlar. İndi 12 ildir ki, həmin maarifçilik ocağına Ağayev İlham Abidin oğlu ləyaqətlə rəhbərlik edir. Onun rəhbərliyi ilə Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin pedaqoji kollektivi  əvvəlki  nəsillərdən yadigar qalan zəngin təcrübəni daha da ziynətləndirir, xalqımız və Vətənimiz üçün ləyaqətli vətəndaşların yetişdirilməsindən ötrü var qüvvələrini əsirgəmirlər.                                                                                                                                                              Həmçinin Hişkədərə kəndinin gözəl şairi,filoloqu mərhum Akif Soltanın ruha qida verən şeirlərindən kitabda iqtibas kimi istifadə olunması, kitabın bədii tutumunu xeyli qüvvətləndirir, mütaliəni daha da maraqlı edir.                                                                                                                                                          
Yazımın sonunda kitabın müəllifi Bahadır müəllimə minnətdarlığımızı və ehtiramımızı bildiririk. Yeni-yeni tədqiqat uğurları diləyirik.                                                                                                                      
                                                 
Nazim ƏLIYEV,
Masallı Dövlət Regional Kollecinin müəllimi,
AJB-nin üzvü.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад