Главная > Maraqlı > Heç vaxt unudulmayacaq tarix...
Heç vaxt unudulmayacaq tarix...30-03-2022, 10:02. Разместил: admin44 |
31 Mart soyqırımı-qan yaddaşımız Azərbaycan xalqına qarşı erməni millətçilərinin törətdiyi soyqırım siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası bu məqsədlə ermənilərdən oyuncaq vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 10 noyabr 1724-cü il tarixdə birinci Pyotrun adından verilmiş fərmanda işğal edilmiş torpaqlarda — Azərbaycan ərazilərində olmaqla əsasən Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdur. Bu fürsətdən istifadə edən ermənilər, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar,soyqırımlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırım siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət və talan olunmuşdur. Bu siyasətin davamı olaraq 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan mənfur erməni silahlı quldur dəstələri azərbaycanlılara qarşı vəhşicəsinə qırğın törədərək, kütləvi soyqırım həyata keçirmişlər. Rəsmi mənbələrə əsasən Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı quldur dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğın-soyqırım nəticəsində 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüş,minlərlə yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır və həmin tarixdən 31 mart azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi, bu sahədə ciddi işlərin aparılması ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planını təsdiq etmişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən Fərmanın imzalanması və Tədbirlər Planının təsdiq olunması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, xeyli əsərlər yazılmış və xarici dillərə tərcümə olunmuşdur. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Ulu Öndərimiz Heydər Əliyev demişdir: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.” Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə ölkəmizdə deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 104 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə tədbirlər davam etdirilir. Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, Uca Allahdan onlara rəhmət diləyirik! Seyfəddin ƏLİYEV, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |