Главная > Maraqlı > Təbrik edirik!

Təbrik edirik!


4-04-2022, 14:17. Разместил: admin44


Ədalət Nemətov – 70
Yetmiş ilin işığında

Ömrünün yarım əsrə yaxınını xalqın maariflənməsinə, gələcək nəslin təlim-tərbiyəsinə həsr edən Ədalət müəllimin 70 yaşı tamam oldu. Bu günlər onu təbrik edib cansağlığı ilə 100 il yaşamağı arzulayanların  sayı-hesabı yoxdur. Hər zaman gülərüzlü, mehriban simalı, keşməkeşli ömründə işinin fədaisi olan, həyatda hər an özünə dost qazanan, bir insan kimi hər yerdə ürək xoşluğu ilə qarşılanan Ədalət müəllimin adı gələndə hər kəsin çöhrəsinə xoş ifadə yayılır, hörmət hissi duyulur. Həyatının belə görüntülərini isə yaşamaq xoşbəxtlikdir.
Təhsil sahəsində rayonda ən uca məqama yetişən Ədalət müəllim bu gün də Masallı ictimaiyyətinin, həmkarlarının  arasında alnıaçıq, üzüağ gəzir. Ola bilməz ki, kimsə yanından keçəndə onunla salamlaşa, yaxınlaşıb görüşməsin, hal-ənval tutmasın.
Axı təhsil şöbəsinin müdiri kimi müəllimlərin həmişə dostu, sirdaşı, pasibanı olub.

Bir gün Ədalət müəllimlə həmsöhbət olanda boylanıb ötən ömrün şirinli-acılı xatirələrinə səyahət etdik, yaşanan ömür kitabını vərəqlədik. O, danışdıqca mən bloknotumda qeydlər aparıram.

Ədalət Əlövsət oğlu Nemətov 1952-ci ildə Masallı rayonunun Əhmədli kəndində ziyalı ailəsində dünyaya göz açıb. Onda dünyanın gözəl, təravətli Bahar çağı idi. Aprel çiçəkləri hər tərəfi al-əlvan bəzəyib ətir saçırdı. Bu gözəl ab-hava insanlara xoş ovqat bəxş edirdi. İllər keçdi. Yeddi yaşlı Ədalət Əhmədli məktəbinin 1-ci sinfində elmin sirlərini öyrənməyə başladı. Atası Əlövsət rayonun sayılıb-seçilən pedaqoqlarından  idi. O, 50 ilə yaxın doğma Əhmədli əsas məktəbində çalışıb və qüsursuz rəhbərliyi ilə rayonda tanınıb. Əlövsət müəllim Ədalətdə elmə, təhsilə həvəsi görüb arxayınlaşdı.

1967-ci ildə kənd məktəbinin VIII sinfini bitirəndə təhsilini qonşu Təklə kənd orta məktəbində  davam etdirmək qərarına gəldi. Burada da çalışqanlığı, əxlaqı, şagird dostlarına xoş münasibəti ilə müəllimlərin hörmət və etimadını qazandı.

1969-cu ildə məktəbi bitirəndə tələbə olacağına hamı inanırdı. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil oldu. Unudulmaz tələbəlik illərini diplom almaq xatirinə keçirmədi. Gələçəkdə savadlı, hərtərfli  dünyagörüşünə malik müəllim olmaq üçün bütün səylərini birləşdirdi. Tələbə elmi cəmiyyətinin ən savadlı, fəal üzvü kimi tanındı.

İlk dəfə pedaqoji fəaliyyətə Təklə orta məktəbində, vaxtilə elm, savad öyrəndiyi müəllimləri ilə çiyin-çiyinə başlayıb.

1991-ci ildə Bakıda PİT-də çalışıb, iki il sonra doğma rayonuna qayıdıb, təhsil şöbəsində metodist işləyib. Yeddi il bu sahədə çalışan Ədalət müəllim bu gün də onu tanıyanların yadında əsil pedaqoq kimi qalıb. SSR-nin Maarif əlaçısı olmaqla respublika və xarici ölkə mətbuatında 20-dən çox metodiki məqalənin müəllifi kimi tanındı. 1997-ci ildə “Tək bir alətlə qurma məsələləri” metodiki vəsaiti  ölkə riyaziyyatçılarının marağına səbəb oldu. Bu mövzuda bir çox kitablar yazılsa da Ədalət müəllimin qurma alətlərinin yalnız biri ilə həll olunan məsələyə heç kim nüfuz etməmişdi.

Pedaqoji  elmlər doktoru, professor  A.Adıgözəlov kitabın  ön sözündə Ədalət müəllim haqqında, onun yaradıcılığı barədə çox önəmli məqamlara toxunmuşdur. Müəllif yazır ki, riyazi dünyagörüşünə, savad və mühakimələrinə, pedaqoji və metodiki  işə həvəsinə, marağına hələ tələbə olduğu dövrdən bələd olduğum Ədalət Nemətovun  səriştəli, qabaqcıl, novator müəllim olacağına inanırdım. Onun “Fizika və riyaziyyat tədrisi”  məcmuəsindəki elmi və metodiki məqalələrindəki məntiqi fikirlər pedaqoji ictimaiyyət arasında böyük əks-təsirə səbəb oldu. Bu uğurları onu tez bir zamanda təkcə ölkəmizdə deyil, hətta keçmiş SSRİ məkanında sayılıb-seçilən pedaqoqlar sırasında çıxardı.
1981-1988-ci illərdə Moskva şəhərində M.V.Lomonosov adına MDU-da ixtisasartırma kursunda respublikamızı müvəffəqiyyətlə təmsil edən yubilyar bir-birinin ardınca “Baş müəllim”, “Metodist müəllim”, “Sosializm yarışının qalibi”, “Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi”, “SSRİ-nin Maarif əlaçısı”, “Ən gənc müəllim”, “Ali kateqoriyalı müəllim”, “Ali kateqoriyalı metodist”, “SSRİ Pedaqoji Elmlər Akademiyasının Təlim Metodlarının Təkmilləşdirilməsi Laboratoriyaçısı” kimi yüksək adlara layiq görülüb. Yetirmələri arasında onlarca elmlər namizədi və doktoru vardır. Keçirilən elmi görüşlərdə  və təhsillə bağlı tədbirlərdə ağıllı təklifləri, mülahizələri, təşəbbüsləri ilə diqqəti cəlb edir.

Yeddi il Masallı təhsilinə rəhbərlik  edən Ədalət müəllim ərizəsinə əsasən işdən xaric edilərək şəhərdəki “Dəfinə” məktəb-liseyinə direktor təyin olunmuş və burada da 3 ildən çox çalışmışdır. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyevanın “Dəfinə” məktəb-liseyində olması Ədalət müəllimin xatirində əbədi qalacaqdır.

2009-cu ildə isə rayonda ilk dəfə məktəb-liseyinin respublika üzrə “İlin məktəbi” müsaiqəsinin qalibi olması Ədalət Nemətovun təhsildəki idarəetmədə püxtələşdiyini nümayiş etdirdi.

Dövlətə, xalqa, həmişə xidmətdə olan Ədalət müəllim Yeni Azərbaycan Partiyasının üzvüdür. Bu keşməkeşli ömrün  ən unudulmaz, yaddaqalan hansı məqamlarını əziz tutursunuz sualın yublyar belə cavablandırdı:

Axırıncı  respublika Müəllimlər qurultayında Ulu Öndər Heydər Əliyevlə, 2005-ci ildə Təzəkənd və I Yeddioymaq orta məktəblərinin açılışında Mehriban xanım Əliyeva, 2007-ci ilin oktyabrında Prezident cənab İlham Əliyev və xanımı Mehriban Əıliyeva ilə görüşlərini həyatımın ən nurlu, sevincli anlarıdır – deyə cavab verdi, – zəhmətimə verilən “Tərəqqi” medalı isə 2009-cu ildə ömrümün unudulmaz tarixinə yazdı.

Ədalət müəllim el-obasının Vətənini sevən sevimli  oğlu, övladlarına vətənpərvərlik hissi, böyük –kiçik meyarını aşılayan ata, gözəl ailə başçısı kimi də səciyyələndirilir.

Ağsaqqal pedaqoqun üzündə bu gün də sevinc cilvələnir, gənclik həvəsi ilə həyata, dünyaya baxır, hamının yanında xətir-hörmətlidir.
Bu gün rayonun təkcə pedaqoji işçiləri deyil, bütün ictimaiyyət Ədalət Nemətovu təbrik edir, ona həyatın ən gözəl neməti olan cansağlığı, uzun ömür, yaradıcılıq uğurları arzulayır.

HƏSƏNAĞA.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад