Главная > Maraqlı > Masallıda bostan və tərəvəz bitkilərinin əkininə maraq artıb - Fotoreportaj

Masallıda bostan və tərəvəz bitkilərinin əkininə maraq artıb - Fotoreportaj


4-04-2022, 20:38. Разместил: admin44

Masallı rayonunda bostançılıq və tərəvəzçilik gəlir gətirən sahələrdəndir. Elə bu səbəbdən rayonda bostan və tərəvəz bitkilərinin əkin sahələri genişlənib. Qış mövsümündə istixana şəraitində pomidor və xiyarın əkininə böyük üstünlük verilir.

Rayonun Təklə, Çaxırlı, Göyəçöl, Öncəqala, Sərçuvar, Xırmandalı kəndlərində tərəvəz və bostan bitkilərinin əkininə maraq daha çoxdur. Vaxtında toplanan məhsul yerli bazarla yanaşı, ətraf rayonların bazarlarına da çıxarılır.

Təsərrüfatçı Elçin Səmədovun 60 sot yeri var. 40 sotuna tərəvəz, qalanına da buğda əkib. “Təsərrüfatımda 3 istixana yaratmışam. Burada xiyar becərirəm. Aprelin 20-nə kimi bu istixanalardan 250-300 kiloqram xiyar yığacağıq. Bazarda 1 manat 20 qəpiyə - 1manat 50 qəpiyə satırıq. Yığımdan sonra bu ərazidə yeni bibər sortu əkəcəyəm”, - deyə o əlavə edib.

Masallı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il təsərrüfatlarda bostan və tərəvəz məhsullarının əkini artırılıb. Masallı DAİM-in bitkiçilik sektorunun müdiri Nazim Şahbazov deyib ki, hazırda fermerlər bəyanlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) təqdim edirlər: “Masallı qabaqcıl tərəvəz əkini aparılan rayonlardan biridir. Bu il Masallı rayonunda 180 hektara yaxın sahədə xiyar əkini proqnozlaşdırılıb. 300 hektar sahədə badımcan, 830 hektarda kartof, 70 hektarda bibər və digər tərəvəz məhsullarının əkilməsi qarşıya məqsəd qoyulub. Hazırda isə tərəvəz əkinlərinin bəyanları qəbul olunur. Sənədlərin qəbulu may ayının sonuna kimi davam edəcək”.

Qeyd edək ki, bütün əkinlər əvvəlcədən EKTİS-də bəyan edilməklə qeydiyyatdan keçirilir. Daha sonra hər əkin növünə görə subsidiyalar fermer kartlarına ödənilir.








İsmayıl Cəfərli.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

 шаблоны для dle 11.2
Вернуться назад