Главная > Maraqlı > Əvvəlki illərdə bağlı qalmış daha bir cinayətin üstü açılıb

Əvvəlki illərdə bağlı qalmış daha bir cinayətin üstü açılıb


13-04-2022, 16:34. Разместил: admin44

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir cinayətin üstü açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, 2015-ci il iyulun 5-də Masallı rayon sakini Səidə Cəfərovanın evdən çıxaraq bir daha geri qayıtmaması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, Səidə Cəfərovanın tapılması mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Lakin sonradan Səidə Cəfərovanın öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyi üçün 2022-ci il fevralın 8-də iş üzrə icraatın dayandırılması haqqında qərar rayon prokurorluğu tərəfindən ləğv edilməklə iş üzrə icraat təzələnib.

Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Masallı rayonunun Təklə kənd sakini Əfrail Məmmədov qeyd edilən tarixdə əmisi qızı Səidə Cəfərovanı idarə etdiyi avtomobillə Təklə kənd ərazisində yerləşən əkin sahəsinə apararaq orada şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Səidə Cəfərovanın boğaz nahiyəsinə bir dəfə qəsdən vurmaqla onu öldürüb sonuncunun meyitini çayın kənarındakı qamışlıq ərazidə gizlədib, təxminən 25-30 gün sonra cəsədi gizlətdiyi yerə gedərək sümüklərin göründüyünü görüb cinayətini gizlətmək məqsədilə balta vasitəsilə meyitin baş hissəsini ayıraraq torpaq sahəsinə basdırıb, digər sümükləri isə təxminən 500-600 metr kənarda tullantılar olan ərazidə üzərinə benzin tökməklə tam yandırıb.

Əfrail Məmmədov iş üzrə dindirilərkən törətdiyi əməli etiraf edib, ifadəsində qeyd etdiyi meyitin basdırıldığı yerə baxış keçirilib, aşkarlanmış insan sümük fraqmentlərinə bənzər qalıqlar müvafiq qaydada qablaşdırılaraq götürülüb.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Əfrail Məmmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад