Главная > Maraqlı > “Çempionumuz” layihəsi çərçivəsində növbəti tədbir

“Çempionumuz” layihəsi çərçivəsində növbəti tədbir


21-04-2022, 20:48. Разместил: admin44

Gənclər və İdman, Təhsil nazirlikləri və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə həyata keçirdiyi “Çempionumuz” sosial idman layihəsi çərçivəsində Masallıda növbəti tədbir keçirilib.

Layihənin qonağı Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvü və kapitanı, ikiqat Azərbaycan çempionu, dəfələrlə beynəlxalq səviyyəli yarışların – açıq regional turnir, açıq çempionat və qitələrarası çempionatın qızıl medal sahibi və 2018-ci ildə boccia üzrə ilin ən yaxşı paralimpiyaçısı adına layiq görülmüş Bəhruz Mirzəyev olub.
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl şəhərdəki Qəhrəmanlar Parkındakı “Şəhidlər” abidə-kompleksi ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla anılıb.
Tədbir Masallı şəhər Heydər Əliyev Mərkəzində davam edib.

Görüş iştirakçıları Mərkəzin foyesində Ulu Öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən fotostendlərlə tanış olublar, onlara dahi şəxsiyyətin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətləri barədə məlumat verilib.

Müəllim və şagirdlərlə yanaşı rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin əməkdaşları, idmançılar və media nümayəndələrinin qatıldığı görüş Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, dövlət himnimizin səslənməsilə başlayıb.
Sonra idmançının mötəbər yarışlardakı qazandığı uğurlardan bəhs edən videoçarx izlənilib.

Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyilə idmana göstərilən diqqət və qayğıdan söz açıb, “Çempionumuz” layihəsinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğ olunmasında xüsusi önəmini vurğulayıb. Dəvət olunan idmançı barədə məlumat verən S.Cahangirov Bəhruz Mirzəyevə növbəti yarışlarda uğurlar arzulayıb.

“Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, Viləş kənd tam orta məktəbinin direktor müavini Nazilə Tahirova, rayon təhsil şöbəsinin əməkdaşı Əyyar Burhanov, “Asiya.az” saytının rəhbəri Cəfər Cəfərov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, bu sahənin inkişafı istiqamətində görülən işlərdən, Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılarla bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Növbəti yarışların Finlandiya, Polşa, İtaliya və Braziliyada keçiriləcəyini diqqətə çatdıran Bəhruz Mirzəyev məşqləri intensiv şəkildə, əzmlə davam etdirdiyini deyib: “Beynəlxalq yarışların çox çətin mübarizə şəraitində keçməsinə baxmayaraq, qarşımıza qoyulan vəzifənin öhdəsindən layiqincə gəlir, Azərbaycan bayrağını zirvələrə ucaldaraq himnimizi səsləndiririk. Əldə edilmiş nəticələr ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana olan dəstəyi və bizim bu dəstəyə uyğun olaraq əziyyətimizin bəhrəsidir. Məqsədim həmkarlarımla birgə Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında ilk dəfə olaraq iştirak etmək və yüksək nəticə əldə etməkdir...”

Məktəblilərin suallarını cavablandıran Bəhruz Mirzəyev tədbirin təşkilatçılarına, o cümlədən qazandığı uğurlara görə Boccia İdman Federasiyasının rəhbərliyinə, eləcə də federasiyanın Baş katibi və baş məşqçisi İlham Məhərrəmova, məşqçilərdən Elşən Məhərrəmov, Taleh Zeynalov və digərlərinə minnətdarlıq ifadə edib.

Sonda xatirə şəkilləri çəkilib, idmançıya Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri fərman və hədiyyələr təqdim olunub.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад