Главная > Maraqlı > Gözəl şeirlər ustası...

Gözəl şeirlər ustası...


25-04-2022, 21:16. Разместил: admin44


İstedadlı şair Əli Nəcəfxanlıdan poeziya buketi...

Vergül-vergül yaşayırıq günləri,                                                    
Üç nöqtəyə daşıyırıq günləri...

VƏFALI DƏRD

Necə gizlənpaçdı axı bu oyun,
Dərd elə tək məni axtarıb tapır.    
Gündə yəhərini belimə qoyub,
Kor at kimi minir, köndələn çapır.  
Sarmaşıq sayağı sarılıb mənə,
Toxdamır qəddimi qatlatmayınca.
Vurğun vurmuşa bax, vurulub mənə,
Əl çəkmir bağrımı çatlatmayınca.
Sanki bilərəkdən düşüb acığa,  
Olmur ki, yazığı gəlsin bir kərə.
Oyanmır da barı bəxt, qaraçuxa,
Bu dərdin gözünü dəlsin bir kərə.
Amma bu da var ki, vəfalıdı dərd,  
Bir an tərk eləmir mənim tərkimi.
Çəkib faniliklə aramıza sədd,
Qırdı-qaçdı deyil kimsələr kimi...

25.04.22.


Bu ömür islanmış kağızmış, demə…
Hər gün ürəyimdən durnalar uçur-
Mənim də canımda payızmış, demə.
Məni bu dünyanın yadına salan,
Çoxdan unutduğum o qızmış, demə.
Bu yol hara belə köçünü çəkir?
Ölüm də kəfənin ucunu çəkir…
Baxdım ki, bir söyüd içini çəkir,
O da mənim kimi yalqızmış, demə.
Udduğum havanın içində dadın,
Yanım- bir az isin, üşüyən qadın.
… Çərpələng düzəltdim, o da uçmadı-
Bu ömür islanmış kağızmış, demə…


YOLDA

Görəsən, bu hansı dayanacaqdı,
Axırdan əvvəlki, ya axırıncı?
Ruhum söndüyünü duyan ocaqdı,
Qocalıq başıma çaxır qılıncı.
Cavanlıq başıma qaxır ağ günü,
İndi də ağ bayraq qaldırıb gedir.
Ömür dedikləri dartıb özünü,
Canıma nə otlar yoldurub gedir...
Yarıda bilmədim arzularımı,
Görün, yol xurcunum yüngüldü necə!
Heç vaxt çin olmayan yuxularımın
Dərd-səri üstümə töküldü necə!
Bəlkə bu bəduğur sürət qatarı
Qəfil yerə salıb itirə məni?
Ya gedə Şuşaya, Laçına sarı,  
Son kəz o dağlara yetirə məni?    
Həsrətdə qovrulur bağrımın içi,
Həzin duyğulara oluram əsir.
Bir də baxıram ki, zaman-bələdçi
Bileti ver deyib sözümü kəsir...
Görəsən, bu hansı dayanacaqdı?
Gözlərim qırpıla-qırpıla qalıb.
Barsız budaqsa da taleyim, baxtım,  
Tut kimi çırpıla-çırpıla qalıb,      
Ürəyim çırpına-çırpına qalıb...

06.04.22.


Lalələr

Gördüm dağ döşünü qanlara qəltan-
Xəta eləmişdi xallı lalələr.
Dəli bir sevdaya öz canlarını
Fəda eləmişdi xallı lalələr.
Məni öz yolumdan edən bu xalı
Vüsal çeşnisiydi yaşılla alın.
Dağların aglını başından alıb
Əda eləmişdi xallı lalələr.
İbrət gülləriymiş bu güllər əslən,
Qanında batırdı qürurla, şəstlə.
Beşgünlük dünyaya özünə qəsdlə
Vida eləmişdi xallı lalələr.


TEZ QAYIDASAN

Çıxıb gedirsənsə, di, yubanma, get,
Nə davan uzansın, nə səsin qalsın.
Çıxıb gedirsənsə, qapını tez ört,
Barı otağımda nəfəsin qalsın.
Araya girənlər istəməz qəti
Təzədən yanıma qaçıb gələsən.
Hər halda açarın birini götür,
Qapını ürəklə açıb gələsən.
Hava qaralmamış get, olmasın gec,
Sanma bunu demək asandı, asan...
Mən səni qovmuram, qovmaram da heç,
Deyirəm, tez gedib, tez qayıdasan.
Bir kənddə bir yaz günü  
Adlayıb arxlardan, aşır çəpərdən
Həyan istəyənlər, həmdəm gəzənlər.
Sərçələr çimişir gölməçələrdə,
Ləçəkdə xallanır parabüzənlər.
Günəşlə baxışıb xətirlənir hey
Parıltılı şehlər, mirvari zərlər.
Güllərlə bəhsəbəhs ətirlənir hey    
Vəsməli xanımlar, əsmər gözəllər.
Şanapipik telli oğlanlar gündə  
Cəh-cəh vurub deyir təzə qəzəllər.
Qırğına çıxmırlar növbə üstündə
Bulaqlar başında ürək üzənlər.
Cilvəli bir qızın bir baxışıyla
Dönüb gerçək olur ötəri zənnlər.
Sərgi düzənləyib min naxışıyla
Gülür nəğmə-nəğmə çöllər, düzənlər...

*
Körpüsən, keçə bilmirəm.
Körpəsən, keçə bilmirəm.
Qaralır, seçə bilmirəm,
Gözüm, günə baxan kimi.
Xam zəvvaram, bələdçim ol,    
İnsaf eylə, mürvətcil ol.
Qoyma bağlı qalsın bu yol
Sinən kimi, yaxan kimi.    
Öp, üzüm çiçəkli qalsın,
Gözlərimdə şəklin qalsın.
Ruhum göyə çəkili qalsın,
Ölüm sənə baxan kimi.

*
Dünyanı çox gəzdim, dolaşdım, bəsdi,
Yol çəkdim, düz keçdim, yal aşdım, bəsdi,
Artıq ipliyimə dolaşdım, bəsdi,
Artıq lövbərimi burda salıram.
Daha ayağımın feili azalıb,
Könlümün gəzməyə meyli azalıb,
Gözümün nuru da xeyli azalıb,
Mehri, məhəbbəti yurda salıram.
Sözdən sevə-sevə həsir hörərdim,    
Kİmsəyə nə macal, nə sirr verərdim.
Beşlikdən, onluqdan nəzir verərdim,
İndi qutulara xırda salıram.
Azaldı o təpər, getdi o taqət,
Canı hədər yerə üzmüşəm əlbət.
Camaat zirvədə iz salır, fəqət
Mən izi əriyən qarda salıram.
Yox olub şadlığım, itib şənliyim,
Köhnə dəyirmanam, boşdu dənliyim.
Həddən ziyadadı deyingənliyim,
Evdə arvadı da dərdə salıram.

13.12.21.


SÖZÜM

Sözü qüsullaram, çirkə çıxmasın,
İçindən iddia, hikkə çıxmasın.
Elə ona görə, yekə çıxmasın,
Sözlərin içində sədəfdi sözüm.
Çoxları arada toz  eyləyirlər,
Söz desəm, sözümü söz eyləyirlər.
Nə bilim, bəlkə də düz eyləyirlər,
Köntöy həmlələrə hədəfdi sözüm.
Yazdığım hər sözün öz cilası var,
Bəlkə beş mənası, beş cinası var.
Anlayan kəslərə etinası var,
Duyan könüllərə tərəfdi sözüm.
Canı bir qadına qurban demişəm,
Ömrü söz adına qurban  demişəm,
Sözün azadına qurban demişəm,
Gözəllik adına məsrəfdi sözüm.

04.12.21.









"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад