Главная > Maraqlı > Böyük oftomologiya alimi, gözəl ana, unudulmaz şəxsiyyət

Böyük oftomologiya alimi, gözəl ana, unudulmaz şəxsiyyət


26-04-2022, 11:34. Разместил: admin44

Qeyri-adi peşəkarlığı ilə şöhrətlənən, dünya oftamologiya elminə töhfələrini verən, böyük qəlbli insan, nəcib qadın Zərifə xanım Əliyeva öz əməli fəaliyyəti ilə minlərlə insanın gözünə nur verərək, onlara bu dünyanın gözəlliyini görmək kimi böyük xoşbəxlik bəxş etmişdir. Azərbaycan və Rusiya alimləri arasında əməkdaşlığın təməlini qoyan, oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan və bütövlükdə, elmin bu sahəsinin inkişafına qiymətli töhfələr verən Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi çoxcəhətli və zəngindir.
 
Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açıb. Uşaqlığı bu kənddə keçsə də, sonradan onlar ailəliklə Bakıya köçüblər. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və institutu əla qiymətlərlə bitirir. Bu elə bir zaman idi ki, Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Bu xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar əldə edir. Zərifə xanım Əliyevanın bu istiqamətdə apardığı tədqiqatlar 1960-cı ildə uğurla müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edir. Traxoma xəstəliyinin müayinəsi və müalicəsi işləri ilə yanaşı, Zərifə xanım oftalmologiya elminin bir sıra aktual məsələlərinə də böyük əhəmiyyət verirdi.

"Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiyası dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində, H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Onun dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Öz həyatını tibb elminə bağlayan Zərifə xanım mərhələ-mərhələ buna nail olub. Onun elmi nailiyyətlərinə nəzər saldıqda nə qədər böyük əhəmiyyətə malik olduğunu görürük.

Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Onun arzularından biri də yeni oftalmoloji kompleksin yaradılması olmuşdur. Onun təşəbüssündən sonra Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə həmin kompleksin tikintisinə başlanılmış və istəyi müasir dövrümüzdə gerçəkləşmişdir.

1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilən Zərifə xanım ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. Onun çoxcəhətli elmi fəaliyyətinin nəticələri 130 əsərdə, o cümlədən, 5 monoqrafiyada, həkimlər üçün bir sıra dərs vəsaitlərində, sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodik tövsiyələrdə öz əksini tapmışdır. Çox alimlər, ziyalılar onun ünvanına – şəxsiyyətinə, elmi uğurlarına, tədqiqatlarına yüksək fikirlərini bildiriblər. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun direktoru, professor Nazim Əfəndiyevin, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, dövlət mükafatı laureatı A.Nesterovun, tibb elmləri doktoru, professor Z.Skripinçenkonun, Sankt-Peterburq Gigiyena İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri, professor A.N.Dobromislovun və başqalarının yazılarında alimin şərəfli və zəngin elmi fəaliyyətinin nailiyyətlərindən danışılır. Zərifə Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi "Oftalmologiyanın aktual məsələləri" monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapıb. Moskva Oftalmoloji Məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi, professor A.Brovkina Onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü M.M.Krasnov isə yazırdı ki, Zərifə xanım Əliyeva haqqında xatirələrimi bir sözlə ifadə etməli olsaydım, deyərdim: O, həm xeyirxah idi, həm ağıllı idi, həm də qüdrətli idi!

Zərifə xanımın zəngin daxili aləminin formalaşmasında ailəsinin, valideynlərinin çox böyük rolu olmuşdu. Tanınmış alim və həkim, keçmiş SSRİ-də böyük nüfuz qazanmış bir dövlət xadimi Əziz Əliyevin qızı məhz Zərifə xanım kimi olmalı idi. Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə xanım Əliyeva Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin Memarı və Qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olmuşdur. Zərifə xanım Ulu Öndər Heydər Əliyev kimi bir dahi üçün təkcə sədaqətli ömür-gün yoldaşı olmamışdı, həm də mənəvi dayağa, əsl dosta çevrilmişdi. Həyatının sonunadək onu qorumuşdu. Prezident İlham Əliyevin bildirdiyi kimi, Zərifə xanım Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. Əlbəttə, 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının əlbəttə ki, müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi...

Zərifə xanım qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olaraq iki övlad böyüdüb - ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar kimi. Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində Ulu Öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük. Bizə Zəfər yaşadan cənab İlham Əliyevi bu xalqa bəxş edib.

Zərifə xanımın bir qadın olaraq ətrafında nə qədər məsuliyyət cəmləşib: ana, həyat yoldaşı, övlad, Vətən keşiyində duran elmli-zəkalı ziyalı. Elm, ədalət, səxavət, səbr, həya və ismət kimi keyfiyyətlər Onun həyat simvoluna çevirilib. Bu dəyərlər içərisində güclü və fədakar oldu. Azərbaycan tarixinə məxsusi dəyərləri ilə iz saldı. Yaşanılan ömür yolunun sərlövhələri Onu zamanımızın seçilən xanımı etməklə yanaşı, gələcək nəsillər üçün örnək olacaq bir simaya çevirdi.


Mətanət PAŞAYEVA,
Bədəlan bələdiyyəsinin sədri.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад