Главная > Maraqlı > Heydər Əliyev – müstəqil Azərbaycan tariximizin memarı
Heydər Əliyev – müstəqil Azərbaycan tariximizin memarı6-05-2022, 18:07. Разместил: admin44 |
Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır. Corc BUŞ, Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Hər bir xalq yaratdıqlarına görə tarixə düşür. Hər bir tarixi şəxsiyyət də xidmətlərinə görə tanınır və dillər əzbəri olur. Azərbaycan xalqı da tarix boyu ədalətinə və tolerantlığına görə dünya xalqları içərisində seçilib və böyük nüfuz qazanıb. Dünyanın qədim dövlətləri sırasında yer alan Manna, Albaniya, Atropatena öz müstəqilliklərini qorumaq üçün düşmənə hər cür müqavimət göstərmiş və bu gün xalqımızın öyünməsi üçün şərəfli bir tarix miras qoymuşlar. Orta əsrlərin Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu və nəhayət, Səfəvilər dövləti Şərqin ən qüdrətli dövlətləri sırasında sayılıb-seçilmişlər. Səfəvilər bir az da irəli gedərək, imperiya yaratmağa nail oldu. Azərbaycan xalqı bu dövlətin yaradıcısı Şah İsmayıl Xətaini min illərdir ki, tariximizin qəhrəmanı kimi anır və müstəqilliyimiz dövründə onun şərəfinə abidələr ucaldır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olan milli-demokratik ziyalılarımız Müsəlman Şərqində ilk parlamentli respublikanın qurucuları kimi tarixə düşdülər. İyirmi üç ay yaşayan bu dövlət 350 ilkə imza atmağa müvəffəq oldu. 1920-ci ilin aprelindən sonra Azərbaycan müstəqil dövlət kimi yox, müttəfiq respublika kimi fəaliyyət göstərdi. Hər bir müttəfiq respublika nəhəng Sovet İttifaqına yararlanmaq istəyirdi. Bu daha çox müttəfiq respublikanın rəhbərindən asılı idi. Heydər Əlirza oğlu Əliyev 1969-cu il iyulun 14-dən Azərbaycana rəhbərlik etməyə başladı. Həmin ilin martında rəsmi Moskvanın tapşırığı ilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti dörd min kvadrat kilometr Azərbaycan torpağının Ermənistana verilməsi haqqında qərar çıxardı. Heydər Əliyev bütün hakimiyyəti dövründə bu qərarın icra olunmasına imkan vermədi. 1919-cu ildə əsası qoyulan Bakı Dövlət Universitetinin 50 illik yubileyi 1969-cu ildə keçirildi. Yubiley toplantısına rəhbərlik edən Heydər Əliyev öz nitqinə Azərbaycan dilində başladı. Bu, o dövr üçün çox böyük siyasi hadisə idi. Azərbaycanı aqrar ölkədən sənaye-aqrar ölkəsinə çevirən respublika rəhbəri ölkədə hərbi məktəb yaratmaq üçün uzun illər mübarizə apardı və 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasına nail oldu. Azərbaycanda keyfiyyətli ziyalı ordusu yaratmaq üçün hər il minlərlə Azərbaycan gəncini ölkənin ən nüfuzlu ali məktəblərinə göndərməyə nail oldu. 1977-ci ildə SSRİ-nin növbəti Konstitusiyası qəbul edildi. Məqsəd ondan ibarət idi ki, müttəfiq dövlətlər milli dil məsələsində israr etməsinlər. Heydər Əliyev Moskvanın bütün təzyiqlərinə baxmayaraq, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail oldu. Ulu öndərə qədər Azərbaycan xalqının milli sərvəti olan neft və qaz qonşu respublikalara onların ata malı kimi verilirdi. Heydər Əliyev Mərkəzin bu siyasətini respublikanın xeyrinə dəyişməyə nail oldu. Heydər Əliyevə qədər hərbi xidmətə çağrılan azərbaycanlı gənclərin, demək olar ki, əksəriyyəti tikinti batalyonlarına göndərilirdi. Heydər Əliyev bu sahədə də dönüş yarada bildi. Azərbaycanlı gənclər də ali hərbi təhsil almağa, müasir silahlarla təchiz edilən hərbi hissələrdə xidmət etməyə başladılar. Azərbaycan neftinin gələcək taleyini uzaqgörən siyasəti ilə müəyyən edən Heydər Əliyev Dərin Özüllər Zavodunun tikilməsinə nail oldu. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin bu sahədə uzaqgörən siyasətinə heyran olmamaq mümkün deyil. Müdrik siyasəti ilə müttəfiq respublika liderləri arasında birincilərdən edən Heydər Əliyevin sovet dövlətinin idarəçiliyində də müstəsna xidmətlər göstərmişdir. Heydər Əliyev yeganə müsəlman türkdür ki, 70 ildən çox fəaliyyət göstərən bu dövləti idarə edənlərdən biri olmuşdur. Əgər imkan versəydilər, bu dövləti idarə edən birinci şəxs də ola bilərdi. Lakin Sovet İttifaqının süqutundan sonra Heydər Əliyev Moskvada yox, Azərbaycanda öz xalqının yanında olmaq istəyirdi.1990-cı il 20 Yanvar qırğını göstərdi ki, Azərbaycan xalqı köməksiz vəziyyətdədir. Xalqın tələbi ilə hakimiyyətin istəyi üst-üstə düşmürdü. Düşmən tərəf öz havadarlarının gücündən istifadə edərək Azərbaycanın tarixi torpaqlarına sahib olmaq istəyirdi. Hakimiyyət bunları fikirləşə bilmir, Heydər Əliyevin Azərbaycana dönüşünü əngəlləmək üçün planlar qururdu. Azərbaycandan uzaq düşən Naxçıvan ağır blokada həyatı yaşamaqda idi. Heydər Əliyev Naxçıvanın harayına çatdı, bütün çətinliklərə baxmayaraq, əhalini ağır vəziyyətdən qurtara bildi. Qısa müddət ərzində qonşu dövlətlərlə səmimi münasibətlər qurmağa nail oldu. Muxtar respublikanın əhalisini inandıra bildi ki, Naxçıvanın bir qarış torpağını da düşmənə güzəştə getməyəcək. Bakıda hakimiyyət uğrunda mübarizə qızışan vaxtda Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərinin bərpası haqqında Naxçıvan Ali Məclisinin qərarını qəbul etdi. 1991-ci ilin oktyabrında Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edən Azərbaycan xalqı 1993-cü ilin yayınadək çətin günlərini yaşayırdı. Düşmən Şuşanı, Laçını, Kəlbəcəri işğal etdi, Qarabağ və ətraf rayonlar üçün böyük təhlükə yarandı. 20 Yanvar qırğını barədə həqiqətləri dünyaya çatdırmamış, Xocalı soyqırımını yaşamağa məcbur edildik. Vətəndaş müharibəsinin ilk işartıları Azərbaycanı təhdid etməyə başladı. Hakimiyyət hərisləri ölkəni parçalanmaq və işğal təhlükəsi ilə üz-üzə qoydular. Hamı, hətta siyasi hakimiyyət də ümidini Naxçıvana bağlayır və nicat yolunu orada axtarırdı. Heydər Əliyev xalqın təkidi ilə Azərbaycanı qurtarmaq üçün Bakıya gəldi. Azərbaycanın, onun bölgələrinin parçalanmaq təhlükəsindən qurtarmaq üçün Bakıya köməyə çağırıldı. Düşmən yeni torpaqlar işğal edə bilməsin deyə, güclü liderə, Ali Baş Komandana ehtiyac var idi. Cümhuriyyətin acı taleyini yaşamamaq üçün qüdrətli dövlət başçısına ehtiyac var idi. Naxçıvanda yenidən qaldırılan və bütün Azərbaycana şərəf gətirən üçrəngli bayrağı əbədi etmək üçün Heydər Əliyevə hava – su qədər ehtiyac var idi. Heydər Əliyev də gəldi. İllərlə rəhbərlik etdiyi xalqının ən çətin günlərində onun yanında oldu. Heç bir təhlükə və heç bir təhdid onu yolundan döndərə bilmədi. Heydər Əliyev dağılmaq təhlükəsi ilə üz-üzə qalan dövlətimizin sükanı arxasına keçdi və bu yolda əngəl olan bütün maneələri öz zəngin təcrübəsi və bacarığı ilə aradan qaldırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə yazırdı: “Əgər o vaxt, 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycana hakimiyyətə qayıtmasaydı, ölkə parçalana bilərdi. Demək olar ki, ölkə dünyada gedən bütün proseslərdən təcrid olunmuş vəziyyətdə idi. O çətin dövrdə, çətin vəziyyətdə onun nə silahı, nə ordusu, nə də dəstəsi var idi. Yalnız siyasi iradəsi, bir də xalqın inamı, dəstəyi var idi. O, bu dəstəyə arxalanaraq, on il ərzində Azərbaycanı böhrandan tərəqqiyə gətirdi. Bu gün Azərbaycan inamla irəliləyir, Azərbaycanın bütün sahələri inkişaf edir.” Heydər Əliyev 1993-cü ilin 15 iyununa gələn yolu qət etdiyi kimi, Qutruluş Günündən sonra da şərəfli bir tarixin əsasını qoydu. Ölkədə daxili sabitliyə nail oldu, dövlət çevrilişlərinə cəhdləri zərərsizləşdirdi, təcavüzkar Ermənistanla atəşkəsə, Bakı neftini dünya bazarına çıxarmaq üçün “Əsrin müqaviləsi”ni imzalamağa nail oldu, Azərbaycanı müəyyən təhdidlərdən qorumaq üçün Müstəqil Dövlətlər Birliyinə üzv qəbul etdirdi. 1990-cı il 20 Yanvar və Xocalı soyqırımına siyasi qiymət verilməsinə nail oldu. 31 Martın Azərbaycanlıların Soyqırım Günü kimi təsbit olunmasına, azərbaycanlıların Ermənistan SSR-dən deportasiya olunması haqqında fərmanların verilməsinə, Azərbaycanda ölüm hökmünün və senzuranın ləğv edilməsinə nail oldu. ATƏT-in Lissabon Sammitində bu beynəlxalq təşkilatın 54 üzvündən 53-nün (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli maraqlarına uyğun prinsiplərin açıq şəkildə müdafiə olunmasını, Azərbaycanın Avropa Parlament Şurasına üzv qəbul edilməsini, müstəqil dövlətin ilk Konstitusiyasının yaradılmasını və ilk parlament seçkilərinin keçirilməsini reallaşdırdı. Aqrar islahat həyata keçirməklə torpağın təmənnasız olaraq kəndlilərə verilməsinə, qonşu dövlətlər, o cümlədən dünyanın nüfuzlu dövlətləri ilə balanslaşdırılmış siyasətin həyata keçirilməsinə, dünyanın, o cümlədən BMT-nin ali tribunasından Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsini, ordu quruculuğu sahəsində uğurlar qazanmaq və düşməni öz torpaqlarımızdan çıxarmaq üçün ali hərbi məktəblərin yaradılmasına, azərbaycançılıq ideologiyasının və “bir millət, iki dövlət” konsepsiyasının həyata vəsiqə almasına nail oldu. Azərbaycanın müstəqilliyini əbədi etmək üçün bütün gücünü və bacarığını bu işə səfərbər edə bildi. Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı mübarizə Heydər Əliyev siyasətinin ardıcıl davamçısı, Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ermənistanın təcavüzkar siyasətinin kəskin tənqidi, Azərbaycanın haqq işinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunması, güclü orduya və müasir silahlara malik olmağımız, xalq tərəfindən dövlətin siyasətinə hərtərəfli dəstək 2020-ci il sentyabrın sonlarında Azərbaycanı öz ərazi bütövlüyünün təminatı üçün Vətən müharibəsini başlamağa məcbur etdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Müzəffər Azərbaycan Ordusu düşməni diz çökdürərək, onu qeyd-şərtsiz bəyanata imza atmağa məcbur etdi. Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə öz tarixi nəticəsini verdi. Bu gün ümummilli lider Heydər Əliyevin böyük dövlətçilik siyasəti dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarabağ Azərbaycandır!” Anar İSGƏNDƏROV, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |