Главная > Maraqlı > Akademik Mirməmməd Cavadzadənin 95 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib

Akademik Mirməmməd Cavadzadənin 95 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib


18-05-2022, 19:59. Разместил: admin44

Urologiya sahəsində olan bir çox yeniliklər onun adı ilə bağlıdır: ölkəmizdə ilk dəfə hemodializ əməliyyatının, Cənubi Qafqazda ilk dəfə terminal böyrək köçürülməsi əməliyyatlarının aparılması, keçmiş ittifaqda ilk dəfə Bakıda uroloji xəstəxana açılması…

Məşhur uroloq-cərrah Mirməmməd Cavadzadə 60 ilə yaxın tibbi fəaliyyətinin 34 ilində gördüyü işlər onun adının Azərbaycan səhiyyəsinə əbədi olaraq həkk edib. Akademikin rəhbərliyi altında 51 nəfər elmlər doktoru və 152 nəfər isə elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib, çoxlu monoqrafiya, dərslik, metodiki tövsiyə və 700-dən artıq elmi məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 18-də M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında dünyaşöhrətli alimin 95 illik yubileyinə həsr olunmuş elmi-praktik toplantıda danışılıb.

Əvvəlcə xəstəxananın işçiləri Fəxri xiyabana gedərək dünyaşöhrətli cərrah-uroloq, keçmiş SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, professor Mirməmməd Cavadzadənin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Fariz Babayev akademikin keçdiyi həyat yolundan, ölkəmizin urologiyanın inkişafı sahəsindəki xidmətlərindən, gənc tibbi kadrların hazırlığına göstərdiyi qayğıdan bəhs edərək deyib: “Görkəmli alim ötən əsrin 50-ci illərindən urologiyanın qlobal və təxirəsalınmaz problemlərinin həlli yollarının axtarışına çıxan gənc alim bu sahənin inkişafını anesteziologiya-reanimotologiya ilə əlaqələndirirdi. O, urologiya təcrübəsində ilk dəfə olaraq prostat vəzi və sidik kisəsində cərrahi əməliyyat zamanı çanaq sümükdaxili anesteziya tətbiq edib. Akademik böyrək köçürülməsi üzrə 30 cərrahiyyə əməliyyatı aparıb. Minlərlə valideyn öz övladının həyatını ona etibar edir və heç vaxt ümidsiz geri qayıtmırdı”.

Elmi-praktik konfransda xəstəxananın urologiya şöbəsinin müdiri Elçin Mustafayev “Mərcanvari daşların müalicəsində bizim təcrübə”, uşaq şöbəsinin həkimi Murad Hüseynov “Hipospadiya: müasir cərrahi metodlar” və uşaq şöbəsinin həkimi Vüqar Fiqarov “Miniperkutan əməliyyatlar” mövzusunda təqdimatlarla çıxış ediblər.

Konfrans iştirakçıları dünyaşöhrəti alimə həsr olunan “Bir adamın akademiyası” filmini izləyiblər.

Əziz Əliyeva dına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nefrologiya kafedrasının müdiri Fuad Sərdarov akademikin ölkəmizdə uroloq və nefroloq kadrlarının yetişməsində oynadığı roldan danışıb, görkəmli alimlə əlaqədar ürək sözlərini söyləyib.

Akademikin oğlu, professor Samir Cavadzadə çıxış edərək atasına göstərilən hörmət və ehtiram üçün xəstəxananın kollektivinə minnətdarlığını bildirib, xatirələrini danışıb.






"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад