Главная > Maraqlı > QÜRUR MƏNBƏYİMİZ

QÜRUR MƏNBƏYİMİZ


23-06-2022, 14:51. Разместил: admin44

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Belə ki, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq,ölkədə çox böyük işlər görmüşdür.Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir.Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə-əlahiddə korpus yarandı.Bu qerar Şerqin müselman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi.Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi.Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir.Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil,qüdrətli ordu yaratmağa imkan vermiş,onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Azərbaycan Ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Həm xaricdən,həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi.Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd Azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən,müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra,1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi.Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə,eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu.Bu gün C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır.Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci ve İkinci Qarabağ müharibələrində misilsiz igidliklər göstərmişlər.Lakin bu nailiyyətlər asanlıqla əldə edilməmiş,çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçmişdir.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa edərkən artıq Ermənistan Respublikası ilə müharibə vəziyyətində idi. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara havadarlıq edən və ölkəmizi parçalamaq,onun müstəqilliyinə mane olmaq istəyən digər qüvvələrlə birlikdə bir hissəsini işğal etmişdilər.O zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik və iradəsizlik nümayiş etdirərək Silahlı Qüvvələri yarada bilmədilər.1991-ci ilin sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması baradə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq,Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi.SSRİ-nin tərkibində qalmağa,ittifaq orqanlarının himayəsi altında yaşamağa və onun vahid ordusunun saxlanmasına meyli olan Ayaz Mütəllibov Azərbaycanın müstəqil ordusunun formalaşmasında heç də maraqlı deyildi.Ona görə də orduya dövlət səviyyəsində lazımi diqqət yetirilmir,onun təşkilatlanması üçün zəruri tədbirlər görülmürdü.Bu qısa dövrdə dörd müdafiə nazirinin dəyişdirilməsi ordu quruculuğuna mənfi təsir göstərməklə yanaşı,ona olan münasibəti təzahür etdirirdi.

AXC-Müsavat hakimiyyəti dövründə də ölkəmizin ərazi bütövlüyünün qorunması üçün lazımi tədbirlər həyata keçirilmirdi.Daxili qeyri-sabitlik,siyasi çəkişmələrin geniş vüsət alması,cinayətkar mafioz dəstələrin fitnələri,xarici xüsusi xidmət orqanlarının qarşısı alınmayan kəşfiyyat-təxribat fəaliyyətinin ordu quruculuğu prosesinə göstərdiyi dağıdıcı təsiri 1993-cü ilin ortalarında artıq ordunu məhv olmaq təhlükəsi qarşısında qoydu.

Bütün bunların nəticəsində işğalçı Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş,1 milyondan artıq vətəndaşımızı öz yurdlarından didərgin salmış, on minlərlə insanı məhv etmişdi. Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi,respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi,cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı.Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi.Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi,cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi.Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silahlı sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı.Lakin Azərbaycan ordu hissələrinin Füzuli,Beyləqan,Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.

Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir.Güclü ordunu yaratmaq üçün güclü iqtisadiyyatımız olmalıdır.Bütün aparıcı beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan ən qabaqcıl yerlərdədir.Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran əsas məqsədlərin həllinə yönəldirik və onların arasında ordu quruculuğu birinci yerdədir.Ordumuz ən müasir silahlarla,texnika ilə təchiz edilmişdir. Məhz buna görə Azərbaycan Ordusu maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir. Vətən müharibəsi dövründə Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Qalib Sərkərdə olaraq 19 illik - “Güclü ordu - güclü dövlət” strategiyasının və “Dəmir yumruq” siyasətinin siyasətinin doğru olduğunu Azərbaycana və beynəlxalq ictimaiyyətə sübut etdi. Və 44 gündə mümkünsüzü mümkün edən güclü Azərbaycan Ordusudur. Qələbə Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılacaq! Qarabağ Azərbaycandır! Ali Baş Komandan demişdir ki, biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir…

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!


Qəşəm HADIYEV,
Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant, YAP fəalı.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад