Главная > Maraqlı > Azərbaycanın dövlət-din modeli tolerant ənənələrimizə əsaslanır

Azərbaycanın dövlət-din modeli tolerant ənənələrimizə əsaslanır


23-06-2022, 16:42. Разместил: admin44

Bu gün Azərbaycanda məscidlərin, dini məbədlərin bərpası, cənab Prezidentin mütəmadi olaraq müqəddəs Məkkəyə ziyarəti, işğaldan azad olunmuş ərazilərdə dini məbədlərimizin bərpasına xüsusi diqqət göstərməsi, dövlət başçısı və birinci xanım tərəfindən Ağdam, Şuşa məscidlərinin ziyarət edilməsi, ora Quran gətirilməsi, bundan öncə qədim Şamaxı Cümə məscidinin, Bibiheybət, İmamzadə ziyarətgahlarının bərpa edilməsi, pir və övliya məzar və türbələrinin təmir olunması danılmaz həqiqətdir. 2022-ci il aprelin 11-də Azərbaycanda İlahiyyat İnstitutunun yeni inzibati binasının açılışında cənab Prezidentin iştirak etməsi, din sahəsində milli kadrların hazırlanmasına xüsusi önəm verilməsi və s. işlər dövlət-din münasibətlərinin nizamlı gedişatından xəbər verir.

Ölkəmizdə tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin və etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, dostluq şəraitində bir ailə kimi yaşamış və bu ənənə günümüzə qədər davam edir. Azərbaycan dünyəvi dövlət ol­maqla yanaşı, hər zaman öz milli-mənəvi dəyərlərinə sadiq qalmışdır. Ölkəmizdə tarixən mövcud olan dini dözümlülük ənənələrinin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği dövlətin əsas siyasi prioritetlərindən biri olmuşdur. Bu baxış, bu yanaşma həm də bizim dinimizin əsas prinsiplərindən biridir. Yəni, tolerantlığın əsas mənbəyi ola­raq İslam dini ali məramlara söykənir.

Ümumiyyətlə, Allah tərəfindən göndərilmiş səmavi dinlərin ru­hunda məcburiyyət yoxdur. Çünki məcburiyyət, başqasına zorla hansısa dini əqidəni qəbul etdirmək səmavi dinlərin əsas prinsiplərinə ziddir. Bunu biz “Tövrat”, “İncil” və “Qurani-Kərim”in ayələrində də görməkdəyik. Bəlkə də İslam dini digər dinlərə nisbətən bu məsələni daha da qa­barıq şəkildə ifadə etməkdədir. Uca Rəbbimiz belə bəyan etməkdədir: “Dində məcburiyyət yoxdur” (Bəqərə, 256). Bu ayəyə əsasən deyə bilərik ki, dinimiz öz ayinlərini başqalarına məcburi şəkildə qəbul etdirməyə qətiyyən yox deyir. Dinimiz qarşısın­dakını əqidə baxımından tamamilə sərbəst buraxır. Qurani-Kərimin ayəsi ilə sübut olunmuşdur ki, İslam dini bu iki din mənsublarının ibadət mərkəzləri olan sineqoq və kilsələrə tolerantlıq nümayiş elətdirib. “Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan sinaqoq­lar (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi (darma­dağın edilərdi)” (Həcc, 40). Gördü­yünüz kimi, İslam dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. Qurani-Kərimin müxtəlif ayələrində Uca Rəbbimiz belə buyurur: “Sizin di­niniz sizə, mənim dinim mənə aiddir” (Kafirun, 6). Bu ayədən də insanların müxtəlif inamda və fikirdə ola biləcəyi və həmin insanlara qarşı münasibətin necə formalaşacağı aydın görünür.

Şübhəsiz ki, Azərbaycanın dövlət-din modeli də zəngin tariximizə, eləcə də tolerant ənənələrimizə əsaslanır. Bu model hazırda ölkəmizdə sabit­liyin, tolerantlığın, dinamik inkişafın başlıca qarantıdır desək, yanılmarıq. Bu gün Azərbaycan dünyada müxtəlif dinlərin mədəni irsinin qorunub saxlanıldığı məkanlardan biri kimi tanınır. Təsadüfi deyil ki, Azərbaycan dini tolerantlığın ən uğurlu modelini yaratmış, ərazisində fərqli mədəniyyət və sivilizasiyaların harmoniyasına nail olmuşdur.

Tarixə nəzər yetirsək aydın şəkildə görərik ki, bizim ölkəmizdə daima xristian və yəhudilər olmuşlar. Qərblilərin bu mövzudakı etirafla­rına görə, xristian və yəhudilər öz dövlətlərində belə, bizim içimizdə yaşadıqları qədər firavan yaşamamış­lar. Müsəlmanlar onları təminat altına alıb qorumuşlar. Fəqət heç bir zaman onları İslam dinini qəbul etməyə məcbur etməmişlər. Onların xüsusi məktəbləri olmuş və özlərinə aid xüsusiyyətlərinin hamısını, dini ayin və bayramlarını mühafizə edirdilər. Xalqımız Qurani-Kərimdən gələn bu inanca son dərəcə diqqət göstərmiş və bütün səmavi dinlərin ardıcılla­rına xoş münasibət göstərmişdir. Son dövrlərdə Qafqaz Müsəlmanları İdarəsinin xüsusilə də onun rəhbəri Şeyxülislam həzrətlərinin bu sahədə atdığı addımları da qiymətləndirmək hər birimizin mənəvi borcudur. Onun bu sahədə gördüyü işlər təkcə ölkəmizdə deyil, eyni zamanda, dün­yanın müxtəlif ölkələrində də təqdir edilməkdədir.

Bu gün Azərbaycanın ən bö­yük qazanclarından biri çoxmillətli, çoxkonfessiyalı mühitdə sağlam, mehriban təməllər üzərində qu­rulmuş münasibətlər sisteminin olmasıdır. Hətta 2018-ci ildə ABŞ-a səfərimizdə amerikalı ekspertlər, ruhanilər, jurnalistlər təəccüblə mənə Azərbaycanda hər bir din nümayəndəsinin yaşadığı ideal tole­rantlığı necə yaratmısınız? Əlbəttə, bu sual məni sevindirdi. Təbii ki, mən onlara Azərbaycanda yəhudilərin, xristianların, müsəlmanların çox sağlam münasibətlərə malik olma­sı həqiqətini çatdırdım. Bir müddət sonra onlar Azərbaycana səfər etdilər. Onlar burada olan ideal toleratlıq mühitinin şahidi oldular və Heydər məscidində olduq. Onlar Heydər məscidinin memarlıq xüsusiyyətlərinə heyran olmaqdan savayı, orada olan vəhdət mühitinə də məətəl qaldılar. Bildiyimiz kimi, sünni və şiə məzhəblərinin nümayəndələrinin hər biri Heydər məscidində vəhdət şəraitində namaz qılırlar. Yəni, bu gün Azərbaycanın bu mühitini tanıtmaq lazımdır.

Həmin jurnalist Qubada ravvinlə axundun necə mehriban münasibətlərə malik olmasından o qədər sevinmişdi ki, Azərbaycana olan münasibəti, sevgisi əyani müşahidədən sonra daha da yüksəldi. Bu gün Azərbaycanda xalq­ların, dinlərin vəhdəti, birliyi ölkəmizin dəyəridir. Bu dəyərin nəticəsində 44 günlük Vətən müharibəsində biz nələr etmədik? Həmin vəhdət erməni quldurlarının başları üzərində dəmir yumruğa çevrilərək onların irqçi, şovinist, işğalçı siyasətinə böyük zərbə vurdu. Yəni, budur Azərbaycan reallığı, budur Azərbaycan xalqının, dövlətinin dini-mənəvi dəyərlərə münasibəti, sevgisi.



Hacı Fuad NURULLAYEV,
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini,
ilahiyyat üzrə fəlsəfə doktoru.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад