Главная > Maraqlı > 26 iyun Ordu günü

26 iyun Ordu günü


26-06-2022, 09:07. Разместил: admin44

Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilməsi ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Azərbaycan ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Xaricdən və eləcə də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi.
           
Sovet vaxtı çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar, amma onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Bunların məqsədi azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi. Lakin ulu öndər Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldikdən sonra 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. Bu məktəblərdə yetişən cəsur Azərbaycan hərbçiləri Birinci Qarabağ və Vətən müharibələrində misilsiz igidliklər göstərmişlər. Əlbəttə ki, bu nailiyyətlər asanlıqla əldə edilməmiş, çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçmişdir.
           
Uıu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi. H.Əliyev Azərbaycanda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi və cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan olunması, tarixi həqiqətin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpa edilməsi baxımından böyük əhəmiyyətə malik bir hadisədir. Azərbaycan Respublikası Silahlı Qüvvələrimizin şəxsi heyəti sələflərimiz tərəfindən başlanan müqəddəs işi layiqincə davam etdirir və müstəqil ölkəmizin ordu quruculuğu tarixinə yeni-yeni parlaq səhifələr yazır.
             
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır.
           
Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır və Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.


Abdullayev Nemət Əlizaman oğlu,
Masallı r. Bambaşı kəndi,
Cavanşir Qasımov adına tam orta məktəbi.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад