Главная > Maraqlı > Müzəffər Ordu
Müzəffər Ordu27-06-2022, 08:16. Разместил: admin44 |
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması prosesi, əslində, ölkəmizin müstəqilliyinin tarixidir. Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilməsi ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. H.Əliyev Azərbaycanda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi və cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan olunması, tarixi həqiqətin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpa edilməsi baxımından böyük əhəmiyyətə malik bir hadisədir. Azərbaycan Respublikası Silahlı Qüvvələrimizin şəxsi heyəti sələflərimiz tərəfindən başlanan müqəddəs işi layiqincə davam etdirir və müstəqil ölkəmizin ordu quruculuğu tarixinə yeni-yeni parlaq səhifələr yazır. O ordu yenilməz və güclüdür ki, əsgəri düşünmədən Vətən naminə ölümə hazırdır. Ən böyük hakim olan zaman da bu deyimin nə qədər həqiqət olduğunu tarixin qanla yazılmış səhifələrində dəfələrlə sınaqdan çıxarıb. Bu mənada təsadüfi deyil ki, hər bir ölkənin qüdrətini göstərən əsas cəhətlərdən biri onun ordusu, əsgərinin vətənpərvərlik ruhudur. Əgər bu ruh yoxdursa, qüdrətdən, Vətənin etibarlı müdafiəsindən danışmağa dəyməz. Qəlbində vətənpərvərlik ruhu hakim olan əsgərin, döyüşçünün qarşısında isə ən müasir silahlara sarılmış düşmən belə tab gətirə bilməz. Bu ruhu daşıyanlar üçün Vətən sadəcə sözdən ibarət deyil! Vətən adı gələndə belələrini hər zaman qəribə bir hiss bürüyür, qəlblərinin dərinliklərində bir daha Vətənlə yaşadıqlarını, Vətənlə nəfəs aldıqlarını, Vətənlə var olduqlarını yenidən duyurlar! Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Azərbaycan – Ermənistan – Rusiya bəyanatını imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu. Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir. Mülki əhaliyə atəş açmayan ordu məsuliyyətli, eyni zamanda, humanist prinsipləri və dəyərləri qoruyub saxlayan ölkənin ordusudur. Bölgəyə sülh gətirən Azərbaycan regionun inkişafının təminatçısıdır. Prezident İlham Əliyev tarix yazan ordunun yanındadır. Qazilərlə görüşdə “Mən hər zaman sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, hər bir hərbçinin Ali Baş Komandanı olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu. Azərbaycan Ordusu Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdi. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib. Azərbaycanın müzəffər ordusu Köçəryan–Sarkisyan ordusunu da məhv etdi. Azərbaycan xalqının cəlladları öz haqlı cəzalarını yaşayırlar. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olmuşdur. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etmiş və düşmən üzərində tarixi zəfər çalmışdır. Şükürova Aytən Nadir qızı, Dəmirçi kəndi. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |