Главная > Maraqlı > Azərbaycanın informasiya təhlükəsizliyinə yönələn təhdidlər aradan qaldırılır

Azərbaycanın informasiya təhlükəsizliyinə yönələn təhdidlər aradan qaldırılır


27-06-2022, 08:20. Разместил: admin44

Rusiya Federasiyanın xarici işlər naziri Serqey Lav­rovun Azərbaycana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri tərəfindən 24 iyun 2022-ci il tarixdə imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” informasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının alınması məqsədi daşıyır. Sazişdə informasiya təhlükəsizliyinin təmin olunmasına əsas təhdidlər sırasında dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozul­masına yönəlmiş aktlar, mühüm informasiya infrastruk­turu obyektlərinə kompüter hücumları, terrorçuluğun təbliğatı kimi hallar yer alır.

Hazırda bu sazişin im­zalanması ilə Ermənistanda və faktiki olaraq separatçılar arasında gərginlik yaşanması, narazılıqlar bildirilməsi adı çəkilən sənədin mühüm önəm daşımasından xəbər verir.

Sazişin ən böyük əhəmiyyəti odur ki, bu, cari il fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasi­yasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin xarakterinə uyğundur. Digər tərəfdən, bu sənəd Rusiyadan Azərbaycan məkanına bundan sonra yönəldiləcək təhdidlərin qarşısının alınması niyyəti ilə bağlıdır. Bu fikri bir qədər də konkretləşdirib deyə bilərəm ki, uzun bir dövr ərzində Rusiyada kök atan erməni lobbisinin himayədarlığı ilə bu ölkədə işğalçı ölkənin anti-Azərbaycan təbliğat şəbəkəsi fəaliyyət göstərir və bu şəbəkə daim respublikamı­zın əleyhinə istiqamətlənən, suverenliyimizə, ərazi bütövlüyümüzə təhlükə yara­dan, həmçinin separatçılıq təbliğatına xidmət edən qərəzli informasiyalar yayır. Həmin qrupun Vətən müharibəsindən sonra daha da fəallaşması bu gün də açıq-aydın nəzərə çarpır. Sazişin imzalanması Azərbaycan əleyhinə bu cür fəaliyyətin qarşısının alın­ması istiqamətində iki ölkə tərəfindən atılan mühüm əhəmiyyətə malik addımdır.

Azərbaycan-Rusiya hökumətləri arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında sazişdə yuxarıda vurğulanan hal­lardan əlavə, dövlətin daxili işlərinə qarışmaq, habelə ictimai qaydanın pozulması, millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qı­zışdırılması da münasibətlərin inkişafına əngəl törədən meyillər kimi bildirilir. Şübhəsiz ki, burada separatçılığın, o cümlədən ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofo­biya fikirlərin təbliğ olunması xüsusilə diqqətdə saxlanılır.

Tərəflərin üzərlərinə adı çəkilən sazişlə təhlükəsizlik və sabitliyin qorunub sax­lanılması, suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşı­lıqlı hörmət bəslənilməsi, mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsi, güc və güclə təhdid tətbiq edilməməsi kimi önəmli öhdəliklər qoyulub.

Yeri gəlmişkən, sazişin imzalanmasını zəruri edən bir məqamı da xatırlatmaq istərdim. Bu, Azərbaycanın informasiya təhlükəsizliyinə yönələn təhdidlərə qarşı mübarizəni gücləndirmək məsələsidir. Belə ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı ilə birgə mətbuat konfransında jurna­listin sualını şərh edərkən, bir sıra Azərbaycan media­sının Rusiyada bloklanması mövzusuna toxunaraq, rəsmi Bakı tərəfindən narahatlıq­la qarşılanan bu məqamla bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da müzakirə olunduğunu bildirib. “Son aylarda bir sıra faktlarla bağlı problemli suallar yara­nıb. Azərbaycanın bir neçə özəl media resursları Rusiya Federasiyasında, bu ay isə “RİA Novosti” Azərbaycanda bloklanıb. Bu, təbii olaraq bizi narahat edən mövzudur və bu­günkü görüşlərdə də bu möv­zuya toxunuldu. Əsas diqqət ona yönəldilib ki, biz nəticələri aradan qaldırmaq, belə halla­rın qarşısını almaq üçün daha stimullaşdırıcı mexanizmlər işləməliyik. Onların qarşısı­nı almağa çalışmalıyıq. Bu baxımdan dəyirmi masaların keçirilməsi faydalıdır”, – deyə C.Bayramov bildirib.

Öz növbəsində Rusiya­nın xarici işlər naziri Sergey Lavrov da Bakıda keçirdiyi görüşlərdə bu mövzunun müzakirə edildiyini diqqətə çatdırıb: “Ümumi anlayış var ki, bir-birimizin qanunları­na hörmət və bu qanunlara əsaslanan məlumat azadlığı prinsiplərinə əsaslanaraq, biz hər iki tərəfdən aparıcı KİV rəhbərləri arasında xüsusi silsilə tədbirlər keçirəcəyik. Xarici işlər nazirliklərinin infor­masiya xidmətlərinin himayəsi altında belə məsləhətləşmələri təşkil etmək barədə razılıq var”.

Beləliklə, adı çəkilən saziş, ilk növbədə, informasiya- kommunikasiya texnologiya­larından istifadə edilməklə separatizmə, ekstremizmə qarşı mübarizə, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq üçün mühüm önəm daşıyır. Qara­bağda nizamlanmış münaqişə, regionda sülhün və sabitliyin bərqərar olması ilə əlaqədar Rusiya KİV-lərində yer alan qərəzli informasiyaların qarşı­sının alınması baxımından da böyük əhəmiyyətə malikdir.


Məhərrəm SƏFƏRLİ,
Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад