Главная > Maraqlı > 44 günə məhv olan Ermənistan ordusu

44 günə məhv olan Ermənistan ordusu


29-06-2022, 18:43. Разместил: admin44

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Bununla da Vətən müharibəsi başa çatdı. Azərbaycan bu döyüşdə parlaq qələbə qazandı, işğal aldındakı torpaqlarımız yağılardan təmizləndi. Müzəffər ordumuz düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə zəfər yürüşünü son nəticəyə qədər davam etdirdi.

İkinci Qarabağ müharibəsində şanlı ordumuz döyüşlərin getdikcə şiddətli xarakter almasına, düşmənin müqavimət göstərməsinə baxmayaraq, qəhrəmanlıq nümayiş etdirdi. Nəticədə 44 gün ərzində 300-ə yaxın kəndi, 5 şəhər və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri işğalçılardan təmizlədi, qəsbkarın texnikasına, canlı qüvvəsinə ciddi zərbə vurdu. Müharibənin sonunda isə Ermənistan ordusunu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirən, başıpozuq dəstələrə çevirdi. Azərbaycan Ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Beləliklə, sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma müddəalarının ölkəmiz üçün ən sərfəli variantı belə hazırda Azərbaycanın əldə etdiyi üstünlüklə müqayisəyə gələ bilməz. Başqa sözlə, 30 il ərzində aparılan danışıqlar prosesində düşmən dövlət reallaşdırmaq istədiklərinin heç birini həyata keçirə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu bölgədə yeni erməni dövlətinin yaradılması planları isə tamamilə alt-üst oldu. Yaxşı xatırlayırıq, 30 illik sülh danışıqları zamanı hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMVyə, o cümlədən Şuşa şəhərinə girməsinə, ümumiyyətlə, yaxına buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Lakin Böyük Qələbə ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev yeni bir reallıq yaratdı, Şuşa şəhəri də daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdən bəri formalaşdırılan mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyünü gerçəkləşdirdi. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar verilə bilməz. İnzibati ərazisi xeyli böyük olan Kəlbəcərin, Ağdamın və Laçının şəhid vermədən, qan tökülmədən geri qaytarılması da reallaşdı. Şuşa şəhəri, Xocavənd, o cümlədən Hadrut qəsəbəsi, Kəlbəcər, Ağdam və Laçının geri qaytarılması isə Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xəttlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi ilə yekunlaşdı.
 Bunu Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində şəxsi heyət qarşısında çıxışı zamanı da qeyd edib. Müzəffər Ali Baş Komandan həımin vaxt demişdir ki, Vətən müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı öz ordusuna dayaq oldu, arxa oldu, bütün Azərbaycan vətəndaşları birləşdi, bütün dünya azərbaycanlıları birləşdi. Bir yumruq kimi birləşdik və düşmənə elə sarsıdıcı zərbələr endirdik ki, bu günə qədər də özünə gələ bilmir. Ermənistan ordusu 44 gün ərzində tamamilə məhv edilmişdir. Ermənistan ordusunun qalıqları bu gün Bakının mərkəzində, Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Vaxtilə Ermənistan rəhbərliyi bizi yeni müharibə ilə hədələyirdi. Deyirdilər ki, əgər Azərbaycan hərbi yolla bu məsələni həll etmək istəsə, erməni tankları Bakının küçələrində olacaq. Bəli, erməni tankları Bakının küçələrində oldu, biz onları məhv edilmiş vəziyyətdə gətirdik. İndi o tanklar, digər toplar və texnika Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Biz cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi düşmənin əlindən aldıq, döyüş meydanında bu Zəfəri qazandıq, danışıqlar yolu ilə yox, kiminsə güzəşti ilə yox, qan tökərək, şəhidlər verərək. Bizi irəliyə nə aparırdı? Vətən sevgisi, Vətənə sevgi, düşmənə nifrət! Bax, biz gənc nəsli bu əhval-ruhiyyədə yetişdirmişik, bu əhval-ruhiyyədə bizim ordumuz yetişib və ordumuzun ən döyüşkən birləşməsi olan xüsusi təyinatlılar bu amalla, bu ideya ilə irəliyə gedirdi, öz sinəsini qabağa verirdi…



Vurğun Nəbiyulla oğlu Əhmədov,
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının fəal üzvü.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад