Главная > Maraqlı > FHN və DİN yanğın təhlükəsizliyi mövzusunda birgə maarifləndirmə tədbiri keçirib
FHN və DİN yanğın təhlükəsizliyi mövzusunda birgə maarifləndirmə tədbiri keçirib1-07-2022, 23:00. Разместил: admin44 |
Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən Masallı rayonunun Göyəçöl kəndində taxıl sahəsində “Yay mövsümündə dənli və texniki bitkilərin tədarükü zamanı, eləcə də biçilmiş ərazilərdə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib. Tədbirdə, həmçinin cənub regionunun aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak ediblər. Nazirliyin Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışaraq, yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, kövşən sahələrinin yandırılmamasının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyini vurğulayıb. FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynov, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov çıxışlarında meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar. Sonra Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi polis mayoru Xəzər Şahbazov çıxışında mövzunun aktuallığını diqqətə çatdıraraq bildirib ki, biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Sonda tədbir iştirakçılarına texnika vasitəsilə əkin sahəsinin biçilməsi, biçilmiş əkin sahəsi ilə meşə sahəsi arasında şumlama yolu təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |