Главная > Maraqlı > MƏNİM ANA DİLİM...

MƏNİM ANA DİLİM...


27-07-2022, 10:46. Разместил: admin44

Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
       
Mənim ana dilim Azərbaycan dilidir, doğma respublikamızın dövlət dilidir. Mənim ana dilim poeziya dilidir, şirin layla dilidir, ecazkar mahnı dilidir. Mənim ana dilim dosta məhəbbət, düşmənə nifrət dilidir.
       
Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Təşəkkülü miladdan əvvəlki dövrlərə gedib çıxan bu dilin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanıtmış, şöhrətləndirmişdir.
 Əlamətdar gün Ümummilli  Lider, Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə təsis edilib. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, Ulu Öndərin Ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu. Milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir millət kimi milli varlığın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində bu günə qədər çox mühüm addımlar atıb. Ölkədə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.Azərbaycan dilinin və əlifbasının qorunub saxlanılması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələsidir.

Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli-mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.
Ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanıb və bü gün istifadə etdiyimiz Azərbaycanın yeni müstəqil əlifbasının müəllifi kimi böyük xidmətləri olub. İstedadlı dilçi-alim, bacarıqlı təşkilatçı olan akademik Afad Qurbanov bütün qüvvə və bacarığını xalqın arzu və istəyini əks etdirən bu mühüm işə – Azərbaycan üçün yeni müstəqil əlifbanın hazırlanması işinə həsr edib. Ümumxalq sərvəti olan bügünkü əlifba bu yorulmaz insanın, xalqını dərindən sevən fəal vətəndaşın, görkəmli dilçi akademik Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir.

Günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dili 50 milyondan artıq soydaşımızı bir-biriylə birləşdirən və onları biri-biriylə doğmalaşdıran atributdur.

Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmağa, dili yad ünsürlərdən qorumağa borcludur. Biz başqa dillərə ehtiramla yanaşmaqla       bərabər ana dilimizə xüsusi diqqət yetirməli, onu yaşatmalıyıq.
Dilimiz varsa, biz də varıq…



Aytən  Nadir qızı Şükürova,
YAP Masallı Rayon Təşkilatının fəal üzvü.
шаблоны для dle 11.2
Вернуться назад