Главная > Maraqlı > Torpaq zəbtinin qarşısı qətiyyətlə alınmalıdır
Torpaq zəbtinin qarşısı qətiyyətlə alınmalıdır28-07-2022, 09:06. Разместил: admin44 |
Belə qanunsuz hərəkətlər nəticədə kənd təsərrüfatı təyinatlı torpaqların sahəsi azalır, torpağın məqsədli istifadəsinə maneələr ortaya çıxır, qanunsuz tikililərin sayı artır. Müvafiq qurumlar tərəfindən torpaq sahələri özbaşına olaraq təyinatı nəzərə alınmadan istifadəyə, icarəyə və ya mülkiyyətə verilir. Zəbt olunmuş sahələrdə qanuna zidd olaraq tikintilər aparılır, özbaşına istifadə hallarına yol verilir. Belə qanunsuzluqlar sonda narazılıqlara səbəb olur və mülkiyyət barədə hüquqi mübahisələrə yol açır. Analoji hadisələrin qarşısını almaq məqsədilə aşkar olunmuş belə hüquq pozuntuları ilə bağlı müvafiq qanunvericiliyə, eləcə də qeyd olunan Sərəncama əsasən tədbirlər görülür. İnzibati sanksiyalar tətbiq olunur, konkret məsuliyyətə cəlb olunma və ya sərt cəza tədbirlərinin tətbiqi ilə bağlı qərar verilir. Xatırladaq ki, belə işlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin torpaq sahələrinə nəzarət üzrə torpaq müfəttişləri tərəfindən həyata keçirilir. Komitənin yeni Əsasnaməsinin təsdiqindən sonra start verilən belə torpaq monitorinqləri dövlət başçısının Cinayət Məcəlləsinə dəyişikləri nəzərdə tutan məlum Sərəncamından sonra daha da intensivləşib. Məqsəd respublikada torpaq qanunvericiliyinin daha ciddi şəkildə qorunması ilə dövlət, bələdiyyə və özəl mülkiyyətə münasibətdə hüquqların və mənafelərin daha səmərəli təmin olunmasıdır. Qeyd edilməlidir ki, adı çəkilən Sərəncam Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılmasında da mühüm əhəmiyyətə malikdir. Belə ki, Sistemdə hər bir torpaq sahəsinin təyinatı, torpağın yerləşmə vəziyyətini göstərən koordinatları, mühafizə zonaları, tikintilər və onların xarakteristikası barədə müfəssəl məlumatlar toplanır ki, bu da mükəmməl hüquqi baza və ciddi nəzarət mexanizmi olmadan çox çətindir. Belə Sistemin yaradılması məqsədilə hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların elektron kadastr uçotuna alınması işi həyata keçirilir. Ərazilərin rəqəmsal xəritələri hazırlanır, torpaq informasiya bankı formalaşdırılır. Bu Sərəncamın verilməsi ilə torpaq sahələri barədə yol verilən qanunsuzluqlar və özbaşınalıqların qarşısı alınacaq ki, bu da Sistemin yaradılması işini sürətləndirəcək. Torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayır. Sərəncamın icrasını təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyətini digər aidiyyəti qurumlarla da əlaqələndirir. Yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyası torpaq qanunvericiliyinin ölkə üzrə daha effektiv qorunmasına imkan verir. Qeyd edək ki, Sərəncam ilə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparanlara isə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir. Habelə, qanunsuz hasarlama, özbaşına tikinti və digər qanuna zidd əməllərə kənd təsərrüfatı təyinatlı torpaqlarda yol verilərsə, 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, əgər şəxslər tərəfindən belə hərəkətlər təkrar, eləcə də qulluq mövqeyindən istifadə edilməklə törədilərsə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur. Dəyişikliklər dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələri barədə qəbul edilən qanunsuz qərarlara da aiddir. Belə ki, dövlətin mülkiyyətində olan torpaqların bələdiyyələrə, fiziki və ya hüquqi şəxslərə mülkiyyətə (istifadəyə və ya icarəyə) verilməsi barədə qanunsuz qərar qəbul edən vəzifəli şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin belə şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilir. Bunlarla yanaşı, belə cəza tədbirləri dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinə də şamildir. Bu torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edilməsi də cinayət məsuliyyətinə səbəb olur. Belə ki, belə qərarlar qəbul edən vəzifəli şəxslər məsuliyyətə cəlb olunur və 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilir. Bütün bu fəaliyyətlər nəticəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması, istifadəsiz və ya təyinatına zidd istifadədə olan torpaqların qanunauyğun şəkildə yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi təmin edilir. Dövlət, bələdiyyə və özəl mülkiyyət barədə hər hansı qanunsuz qərarların qəbul edilməsi, qeyri-qanuni sənədlərin verilməsi aradan qaldırılıb. Bununla da, respublikada torpaq münasibətlərinin səmərəli şəkildə tənzimlənməsinə və mülkiyyət hüquqlarının yüksək səviyyədə təmin olunmasına böyük dəstək verilir. Azər BAXIŞOV, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı Masallı şəhər ərazi partiya təşkilatının sədri. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |