Главная > Maraqlı > Ağac kötüklərinə yeni nəfəs verən gənc dülgər
Ağac kötüklərinə yeni nəfəs verən gənc dülgər19-08-2022, 16:26. Разместил: admin44 |
Azərbaycanda xalq sənətkarlığının tarixi qədim zamanlara gedib çıxır. Qədim sənət növləri nəsildən-nəslə ötürülərək bu gün də qorunub saxlanılır. Belə sənətlərdən biri də dülgərlikdir. Ölkəmizin bir çox bölgələrində yaşadılan bu sənət Masallı rayonunda da qorunub saxlanılır. Masallının İsgəndəri kənd sakini Aqil Süleymanlı dülgərlik sənəti ilə uşaqlıqdan məşğuldur. Dülgər ailəsində dünyaya göz açan Aqil bu sənətin sirlərini atasından öyrənib. 28 yaşlı gənc ilk dəfə meşədən topladığı quru ağac parçalarından müxtəlif fiqurlar düzəltməyə başlayıb. Beləliklə bu sənətə həvəsi və marağı artıb. İllər ötdükcə seçdiyi sahədə püxtələşən gənc dülgər müxtəlif suvenirlər, saatlar, gül dibçəkləri hazırlayaraq, satışa çıxarır. O, əl işlərini hazırlayarkən, əsasən qoz və palıd ağaclarından istifadə edir. Gənc sənətkar əvvəlcə kompüter vasitəsilə hazırlayacağı əl işinin 3D modelini çıxarır, daha sonra onu hazırlamağa başlayır. O, bir suveniri ərsəyə gətirmək üçün 5 günə yaxın vaxt sərf edir. Deyir ki, bu iş ilk baxışdan bəlkə də çox asan görünür. Amma elə də asan deyil, çünki insandan səbir və diqqət tələb edir. Aqilin üzərində işlədiyi bir çox əl işi var. Onların arasında ən maraqlısı ağac kötüklərindən hazırladığı divar saatlarıdır. Onun əl işlərini Masallı və ətraf rayonlardan gələn müştərilər alaraq, öz evlərinin və ya ictimai iaşə obyektlərinin interyer dizaynında istifadə edirlər. İsmayıl CƏFƏRLİ “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |