Главная > Maraqlı > Laçın şəhərinin yenidən Azərbaycanın nəzarətinə keçməsi tarixi hadisədir

Laçın şəhərinin yenidən Azərbaycanın nəzarətinə keçməsi tarixi hadisədir


29-08-2022, 09:37. Разместил: admin44

1992-ci il may ayının 18-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan Laçın rayonu 28 il sonra – İkinci Qarabağ müharibəsindəki parlaq qələbəmizlə düşməndən azad edildi. Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, dekabrın 1-də bir güllə belə atılmadan Laçın rayo­nu geri qaytarıldı. Ancaq Laçın şəhəri, rayonun Zabux və Sus kəndləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olduğu ərazilərimizdə yerləşdiyinə görə, həmin yaşayış sahələrində qeyri-qanuni məskunlaşan ermənilər torpaqlarımızdan çıxarılması bir müddət təxirə salındı.

 Xatırladım ki, üçtərəfli Bəyanata əsasən, Azərbaycan Laçın şəhərindən yan keçən avtomobil yolu inşa etməli və bundan sonra sülhməramlılar Laçın dəhlizinə alter­nativ olan həmin magistral ətrafında yerləşməli idilər. Azərbaycan üzərinə düşən bu öhdəliyi qısa zamanda uğurla reallaşdıraraq həmin yolun inşasını başa çatdırdı və bununla da Rusiya sülhməramlılarının dəhlizdəki müvəqqəti fəaliyyəti başa çatdı. Buna görə də Laçın şəhəri, Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşan ermənilərin ərazidən çıxarılması zərurəti yarandı.

Yeri gəlmişkən, Azərbaycanın yeni inşa etdiyi avtomobil yolu Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçın­dan yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu ya­şayış məntəqəsində mövcud magist­ralla kəsişir.

Xatırladaq ki, Vətən müharibəsindən ötən iki ilə yaxın bir müddətdə Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən ge­nişmiqyaslı tikinti, bərpa-quruculuq layihələri sırasında Ermənistanı Xankəndi ilə birləşdirən 32 kilometr uzunluğunda olan yeni alternativ yol da mühüm yer tutur. Bu magistralın qısa müddətdə inşa edilməsi infrast­rukturun strateji əhəmiyyət daşıma­sından xəbər verir.

Prezident İlham Əliyev avqus­tun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin 2020-ci il 10 noyabr Bəyanatı ilə üzərinə götür­düyü bütün öhdəliklərə sadiq qaldı­ğını, respublikamızın Laçından yan keçən yeni yolun tikintisini və digər addımları da bu öhdəliklər əsasında atdığını bildirib. Dövlətimizin başçısı, eyni zamanda, Ermənistanın yenə də fitnəkarlıqla məşğul olduğunu, müxtəlif vasitələrlə vaxtı uzatmağa çalışdığını vurğulayıb: “Əgər onlar fikirləşirlər ki, bir ildən, yaxud il yarım­dan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Nəsə dəyişə bilər, amma bizim xeyrimizə. Çünki dünyada, bölgədə gedən geosiyasi vəziyyət göz qabağındadır. Böyük siyasətçi olmaq lazım deyil ki, bunu hər kəs görsün. Azərbaycanın artan gücü, həm hərbi, həm iqtisadi, həm siyasi gücü, Ermənistanın faktiki ola­raq, əgər belə demək mümkündürsə, təklənməsi. Nə üçün təklənməsi? Ona görə ki, onlar haqsızdır. Onlar nahaq iş görürlər. Onlar hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyiblər…”

Ölkə rəhbəri, həmçinin tezliklə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə də qayıdılacağının əminliyini diqqətə çatdırıb: “ Mən artıq Dövlət QAÇQINKOM-a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxla­sınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq”.

Ölkə rəhbəri fikirlərinin da­vamında Laçın şəhəri, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşdırılan ermənilərin çıxarıl­ması məsələsinə də toxunub. Dövlət başçısı onların o ərazilərdə yaşa­malarının hərbi cinayət olduğunu, Cenevrə konversiyalarının qaydaları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb: “İşğalçı ölkə işğal edilmiş torpaqlar­da qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır”.

Bəli, o gün gəldi. Laçın şəhəri, Za­bux və Sus kəndləri sakinlərinin yurd həsrətinə son qoyuldu. Ermənilər azərbaycanlılara məxsus həmin yaşayış sahələrindən çıxarıldı. Amma bu zaman əvvəllər olduğu kimi, yenə də vəhşiliklər, barbarlıqlar nümayiş etdirildi. Evlər, meşələr yandırıldı. Düşmən, hətta öz doğmalarının qəbirlərini də dağıdaraq cəsədləri özü ilə apardılar.

Ermənilər ötən 30 il ərzində yaxşı bilirdilər ki, gec-tez bu torpaqların əsl sahibləri gələcək və onlar bu əraziləri tərk edəcəklər. Amma indi vandal əməllər törətməklə – evləri, meşələri yandırmaqla, infrastrukturu dağıt­maqla bütün dünyaya naqisliklərini, vəhşiliklərini bir daha göstədilər. Amma unutdular ki, bu murdarlıqları ilə heç nəyə nail ola bilməyəcəklər. İndi xaraba qoyduqları bu yerlər də Şuşa, Füzuli, Zəngilan və digər şəhər və rayonlarımız kimi yenidən tikilib-qurulacaq, gülüstana çevriləcək.



Məhərrəm SƏFƏRLİ,
Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü


“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад