Главная > Maraqlı > Şuşada izi qaldı...
Şuşada izi qaldı...21-09-2022, 18:10. Разместил: admin44 |
Oçerk Adi payız günlərinin birində Məmmədovlar ailəsinin sevinci yerə-göyə sığmırdı. Axı Ağacan kişinin kiçik oğlu Familin ilk oğul övladı dünyaya galmişdi. Hamı gülürdü, bu körpə bala isə dayanmadan ağlayırdı. Heç kimin ağlına gəlməzdi ki, bir gün gələr, bu körpə bir igid cəngavərə çevriləcək, 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızın azad olunmasında vuruşacaq, Şuşa uğrunda döyüşlərin birində şəhid olacaq, bütün şəhidlər kimi üzündə təbəssüm və gülüş doğmalarını tərk edəcək, bütöv bir el-oba onu ağlar gözlərlə son mənzilə yola salacaq. Amma bunların hamısı sonra baş verəcəkdi. Uşağın adını Röyad qoydular. Məmmədov Röyad Famil oğlu 2000-ci il oktaybr ayının 25-də Masallı rayonunun Mahmudavar kəndində sadə, zəhmətkeş bir ailədə anadan olmuşdur. Hamı kimi uşaqlığını keçirən Röyad 2006-cı ildə Mahmudavar kənd tam orta məktəbində ilk təhsilini almağa başlayır. Lakin getdikcə həmyaşıdlarından fərqlənməyi ilə diqqəti cəlb edir. Belə ki, Royad əlinin zəhməti ilə çətinliklə dolanan ailəyə kömək etməyə başlayır. Ev və təsərrüfat işlərində ata-anasına dayaq olur, xəstə babasına xidmət etməyi, demək olar ki, öz öhdəsinə götürür. Atası Familin dediklərindən: “Röyad çox çalışqan və əzmli uşaq idi, heç bir çətinlik onu qorxutmazdı, təsərrüfatda mənimlə bərabər çalışardı. Atamın yatağa düşdüyü vaxtlarda isə balaca qardaşı ilə ona qayğı göstərərdi. Röyad həmişə mənə dayaq olub”. Röyad incə zövqü və musiqi duyumu olan bir gənc idi. Məhz buna görə də 2010-cu ildə Masallı Uşaq İncəsənət Məktəbinin balaban şöbəsinə daxil olur, 2016-cı ildə oranı, 2018-ci ildə isə orta məktəbi bitirir. Həmin ilin sentyabr ayında Qərbi Kaspi Kollecinə daxil olur. Bir aydan sonra həqiqi hərbi xidmətə çağırılır. Aprel ayının 29-da hərbi xidmətini başa vurmaq üçün 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissəyə yollanır, 2 ay xidmətdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tovuz rayonun “N” saylı hissəsində həqiqi hərbi xidmətini davam etdirir. 2020-ci ilin aprelin 21-də topçu Röyad Məmmədov hərbi xidmətini “Fərqlənmə nişanı” ilə başa vurur. 2020-ci ilin sentyabr ayının 21-də ilk səfərbərliyə alınanlardan olur və sentyabrın 27-də Füzulidə şərəfli döyüş yoluna başlayır. Müharibə onu qətiyyən qorxutmurdu. Atasının dediklərindən: “Röyad Bakıdan evə gəldi. Dedi ki, Masallıya Hərbi Komissarlığa gedirəm. Bizimlə vidalaşdı. Onu son dəfə gördüm. Heç vaxt döyüşdən qorxmazdı. Hələ uşaq yaşlarından deyirdi ki, ata, mən Qarabağa döyüşməyə gedəcəyəm”. Döyüş yoldaşı Əsəd Məmmədov cəbhə dostunu belə xatırlayır: “Röyad çox ayıq, diribaş, cəld və qorxmaz bir dövüşçü idi. Bir gün bizim yeməkxanaya artilleriya zərbəsi endirdilər, səhv etmirəmsə, həmin günü Röyadın ad günü idi. Bu qəfil zərbədən çoxumuz bir anlıq özümüzü itirdik. Mən şoka düşmüşdüm. Röyad cəld məni sığınacağa apardı. Yadımdadır, Röyadın boğazı bərk ağrıyırdı. Həkimlər məsləhət gördülər ki, 2-3 gün xəstəxanada yatsın. Röyad isə dedi ki, burda qəlpə yarası almış ağır yaralılar yatır, mən sağlam bədənlə hansı üzlə onların yanında yatım. Həkimdən dərmanı alıb yenə döyüşə qayıtdı. Röyad Füzulidən başlanan döyüş yolunu Füzuli azad olunandan sonra Xocavənddə davam etdirdi”. Döyüş yoldaşı Səid Abdullayev o günləri belə xatırlayır: “27 sentyabrdan 31 oktyabra kimi Füzuli və digər ətraf rayonlarda döyüşdük, taboru mühafizə etdik, 31 oktyabrda keçid olundu, qarnizonu götürdük və arxadan gələnlərə təhvil verdik. Ondan sonra Xocavəndin Tuğ qəsəbəsinə getdik və orada 3 gün qaldıq. Bu müddətdə ermənilər olan kəndə gedir və onları məhv edirdik. Röyad igidliyi və cəldliyi ilə seçilirdi. 3 günün tamamında bizə Şuşaya gedəcəyimizi dedilər. Yol olmadığı üçün buludlu, yağışlı havada gecəni səhər açılana qədər meşəlik və sıldırım qayalarla torpağı azad edə-edə irəliləyirdik. Şuşaya çatanda saat 10 olardı. Oradan Şuşa-Laçın dəhlizinə doğru irəliləyirdik. Oranı, nəyin bahasına olur-olsun, saxlamalı idik. Çünki düşmənə silahlar bu yolla göndərilirdi. Biz minaatanlarla və 35 kq yüklərlə irəliləyirdik. 3 gün ac qaldıq, yalnız qarşımıza çay çıxanda su içirdik. Çatandan sonra Şuşa-Laçın dəhlizinə yerləşdik. Səhəri ermənilər meşədən və yoldan hücuma başladılar. Aramızdakı məsafə 500 metr idi. Biz əks dağda pusqu qurmuşduq. 5-6 hərbi maşın vurduq, meşədən gələn 100-ə yaxın əsgəri öldürdük. Artıq noyabrın 8-i idi. Röyad cəsarətlə döyüşürdü, gözlərində qorxu yox idi. Axşamüstü yerimizi öyrəndilər, minaatan və toplarla bizi atəşə tutdular. Həmin vaxt Röyad şəhid oldu. Röyadla yanaşı 9 şəhid verdik, 28 nəfər yaralandı. 2 gündən sonra müharibə bitdi”. Atası Famil deyir ki, oğlumdan zəng gözləyirdim, amma heç bir xəbər yox idi. Çox narahat idik, anası da həyəcan və təşvişlə Röyadın zəngini gözləyirdi. Əfsuslar olsun ki, sabahkı gün böyük qardaşım o acı xəbəri bizə gətirdi. Röyadın böyük əmisi Valeh Məmmədovun dediklərindən: “Müharibə vaxtı zəng edəndə yerini deməzdi, həmişə narahat olmayın, hər şey yaxşıdır, söyləyirdi. Artıq iki gün idi ki, müharibə bitmişdi, amma Röyaddan nə bir xəbər, nə də zəng var idi. Səhərisi mənə onun şəhid olması xəbərini verdilər. Bu xəbəri qardaşımgilə vermək mənim üçün çox ağır idi. Çətinliklə olsa da, bu xəbəri çatdırandan sonra Füzuliyə xəstəxanaya getdim. Məndən son dəfə ayrılanda gülə-gülə, “Əmi, tezliklə görüşərik”, – demişdi. Həmin gülüş dodaqlarında, nur isə simasında donub qalmışdı. Yadıma onun anadan olması düşdü, o ağlayırdı, biz hamımız gülürdük, indi o gülür, bütün el-oba ağlayırdı”. Röyad ölməmişdi, şəhid olmuşdu, şəhidlər isə ölmürlər. Röyadın müəllimi kimi hər dəfə onu xatırlayanda Mirzə İbrahimovun “Azad” hekayəsindəki Azad obrazı yadıma düşür. Röyad da, Azad kimi sakit təbiətli, az danışan, ilk baxışdan adi təəssürat yaradan bir gənc təsəvvürü bağışlayırdı. Lakin Vətənin dar günündə hər ikisinin sinəsindəki Vətənə məhəbbət, düşmənə nifrət hissi aşıb-daşırdı. Hər ikisi döyüş yoldaşlarının qolları üstündə şəhid oldu. Budur Vətənə məhəbbət, budur şərəfli ölüm, budur ölümsüzlük, budur şəhidlik zirvəsi. Kəndimizdə Röyadın adına şəhidlər bulağı abidəsi salınmış, məktəbimizdə onun xatirə lövhəsi vurulmuşdur, rəhbəri olduğum sinif isə onun adını daşıyır. Bütün şəhidlər kimi, Röyad Məmmədovun da igidliyini dövlətimiz layiqincə qiymətləndirmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən, Röyad Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Şəhidlər ölməz, Vətən bölünməz! Elşad NƏSİROV, Azərbaycan Jurnalistlar Birliyinin üzvü. 10 avqust 2022-ci il. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |