Главная > Maraqlı > Ağdamda keçirilən ilk böyük beynəlxalq tədbir kimi tarixə düşən forum

Ağdamda keçirilən ilk böyük beynəlxalq tədbir kimi tarixə düşən forum


10-10-2022, 09:34. Разместил: admin44

Oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başladı.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva forumun açılış mərasimində iştirak edirlər.Prezident  Azərbaycan Milli Şəhərsalma Forumunu burada - Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkanda təşkil edilməyini sevinclə vurğulamışdır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Forumda çıxış edib. Dövlət başçısının çıxışı öz dərin məzmunu, informativliyi, beynəlxalq aləmə ismarıcları, ehtiva etdiyi qətiyyət və iradə ilə seçilir.  “İndi görə bilərsiniz ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. O, dağıdılıb, işğal dövründə dağıdılıb” kimi cümlələrlə başlayan bu çıxış Ağdamın işğalöncəsi və işğal illərini, işğalsonrası dönəmi yığcam şəkildə çatdıran çox təsirli çıxış kimi yaddaşlarda qalacaq: “Artıq qeyd etdiyim kimi, Ağdam işğal illərində dağıdılıb. O, Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb.” “Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz. Bilirəm ki, qonaqlarımız buraya təyyarə ilə yeni tikilmiş Füzuli Hava Limanına gəliblər. Füzuli şəhəri tamamilə dağıdılıb. Bir tikili belə qalmayıb. Eynilə Cəbrayıl, eynilə Qubadlı, Zəngilan da. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Lakin bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur”.
             
Bu, Ağdamda keçirilən ilk böyük beynəlxalq tədbir kimi tarixə düşəcək. Ümumən Ağdam şəhərinin tarixində belə miqyas, format və məzmunda tədbir ilk dəfə keçirilirdi. 44 gün”dən sonra 44 ölkə rəsmisinin Ağdamda forumda iştirak etməsi rəmzi məna daşıyır.Forumun beynəlxalq birliyə  ismarıc və ümumən faydaları çoxdur. Forumun məhz Ağdamda və məhz BMT-nin strukturu ilə birgə keçirilməsi, həmin strukturun rəhbərinin Forumda çıxış etməsi dünya erməniliyinə, revanşistlərə növbəti güclü siyasi-diplomatik zərbədir. Şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli işbirliyi üçün yeni imkan yaradan Ağdam  Forumu şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyənləşdirilməsi, uyğun həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün önəmli bir platforma rolunu oynayır.Ağdam Forumu şəhərsalma sahəsində müxtəlif coğrafiyalarda yerləşən ölkələrdən olan müvafiq sahə bilicilərinin təcrübəsinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün işbirliyinin genişləndirilməsi baxımından da nadir platformadır.Bu  platformanı  uğur platforması adlandırsaq daha doğru olar.

 Bir tərəfdən beynəlxalq təcrübə Ağdama (Azərbaycana) gəlir, digər tərəfdən Ağdamın yenidən təməlinin qoyulması, sürətli və keyfiyyətli quruculuq təcrübəsi dünyaya ötürülür.Prezident  Azərbaycan Milli Şəhərsalma Forumunun açılış nitqində dediyi- “Bizim sözümüz imzamız qədər keçərlidir” –fikrinə sadiq olduğunu sübut etdi.Belə ki, 27 iyun 2022-ci ildə Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzulu XI sessiyasında videoformatda çıxış edən Azərbaycan Prezidenti respublikamızın Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə evsahibliyi etmək arzusunu və buna hazır olduğumuzu bildirmişdi. Milli Şəhərsalma Forumu bizimçün ilk təcrübədir. Bu ilk təcrübənin məhz Ağdam şəhərində - daha doğrusu, şəhər yerində qazanılması özlüyündə bir uğurlu hadisədir.  Ağdam böyük bir Foruma evsahibliyi etdi. Forumda bütün dünyaya Ermənistanın özünün  mənfur siyasətinin bu gün də davam etdirdiyi duyuruldu. İşğal dönəmində ərazilərimizə 1 milyondan çox  mina basdırılması, mülki əhaliyə qarşı sürünən terror siyasəti bu gün də davam edir.  İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalının çox acı sonuclarını öz gözləri ilə görür. “Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik.”-Prezident , Ali Baş Komandan cənab İlham Əliyev Ağdam Forumunda bu fikirləri xüsusi vurğulamışdır.

                       

Ağayev İlham Abidin oğlu,
Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin direktoru.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад