Главная > Maraqlı > Redaksiyamızın  qonağı. Qayıdış: Çempion çempion yetişdirir                                               

Redaksiyamızın  qonağı. Qayıdış: Çempion çempion yetişdirir                                               


12-10-2022, 09:26. Разместил: admin44

Onunla üzbəüz oturmuşuq. Müsahibim orta boylu əsl idmançı görünüşü, danışığı ilə seçilən qətiyyətli, gülümsər çöhrəli, adını çox eşidib üzünü görmədiyim, sərbəst güləşdə böyük uğurlara imza atan həmyerlimiz Azər İsayevdir. Uzun illər rayona az gəldiyindən, başı saysız-hesabsız məşqlərə, yarışlara qarışdığından uşaqlıq dostlarının unutduğunu deyib, boya-başa çatdığı Masallının son vaxtlar nə qədər gözəlləşdiyini  söyləyir.
Ömürlüyündən: İsayev Azər Qiyas oğlu 1967-ci ilin yanvarın 17-də dünyaya göz açıb. Qiyas kişinin, Tubu xalanın böyüdüb ərsəyə çatdırdıqları 4 bacı, 2 qardaşın sonuncusudur.

Şəhərdəki 2 saylı tam orta məktəbin səkkizinci sinfini bitirib Bakı idman təmayüllü orta məktəbdə təhsilini davam etdirib. Onun bu məktəbdə oxuması SSRİ çempionu, həmyerlimiz Yaqub Məmmədov və 6 saylı uşaq-gənclər idman məktəbinin direktoru Cavanşir Qurbanovun istəyi ilə olub.
–Deməli güləşdəki uğurlarına görə onlara minnətdarsan.
–Əsla. Hər yerdə bu sualı mənə verirlər. Elə bilirlər hansısa tanınmış bir
pəhləvanın adını çəkəcəyəm. Ancaq cavabım gözlənilməz olur: Atamın. Atam ailəni dolandırmaq üçün hər cür əziyyətə qatlaşırdı.   Mənim 7-8 yaşım olanda atam kəndlərə dəftər, kitab, qələm və başqa məktəb ləvazimatlarını aparıb satardı. Atam məni başımıza yığışan yaşıdlarımla güləşdirirdi.Onun da güləşə böyük həvəsi vardı. Odur ki, müsahibələrdə məndən ilk idman müəllimimi, güləş ustadımı soruşanda atamın  adını çəkirəm. Cavabında “maraqlıdır” eşidirəm.
İdman məktəbində isə müəllimim Mehdi idi.  Çox tələbkar, eyni zamanda qayğıkeş insandı. İstedadlılara xüsusi diqqət yetirirdi. Deyərdi ki, güləşçinin yorğunluğu hiss olunmamalıdır. Bunu özünə vərdiş etməlidir.
İdman məktəbində oxuduğu vaxtlarda axşamlar SSRİ çempionu Yaqub Məmmədovun məşqçilik etdiyi “Məhsul” idman cəmiyyətində çalışırdı. Güləşin bir çox sirrini ondan öyrənib. Eyni zamanda ölkənin sərbəst güləş üzrə yığma komandasında məşqlərə gedirdi. 27 yaşına kimi bu cəmiyyətdə məşq edib. Həmin bu illərdə Azərbaycan birinciliklərində iştirak edib, özünü ümidverici güləşçi kimi göstərib.

Sərbəst güləşə həvəs, gecə-gündüz çalışqanlıq nəhayət ki, bəhrəsini verdi. 1983-cü ildə 16 yaşında respublika birinciliyində ölkə çempionu adını qazandı. Bu, Azərin idman karyerasının ilk mərhələsi olmadı. Uğur uğur üstə gəldi. Azərbaycan çempionu 1984-cü ildə SSRİ birinciliyində iştirak edib gənclər arasında ikinci oldu. Bir il sonra daha böyük uğurlara imza atdı. Məktəblilər arasında SSRİ spartakiadasında 1-ci yerə çıxdı. Gənc güləşçi İtaliyanın Bolonya şəhərində keçirilən Avropa birinciliyinin qalibi oldu.  turnirdə 56 kiloqram çəki dərəcəsində Avropa çempionu kürsüsünə yüksəldi. SSRİ məkanında keçirilən bütün yarışlarda iştirak edib yüksək nəticələrə imza atırdı. SSRİ kubokuna sahib çıxıb. Altı dəfə Beynəlxalq turnirin qalibi və mükafatçısıdır. Azərbaycanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi kimi onlarca gəncin yetişməsində əməyi olub.
–Azər müəllim, indiyə kimi hansı yarışda həyəcanlanmısan?
–Bir dəfə. İtalyadakı turnirdə Bolqarıstan idmançısı ilə güləşəndə.

Bu vaxt ayağım topuqdan çıxdı. Mən dərhal həkimə müraciət etdim.Yenidən xalça üzərinə çıxdım. Rəqibə xal hesabı ilə məğlub olurdum. Bütün gücümü topladım, ani olaraq fəndləri yadıma saldım. Sonuncu dəqiqədə qalib oldum – 12:2.
Azər idmandakı çətinliklərinə baxmayaraq təhsilini də unutmayıb. O, 1990-cı ildə Azərbaycan  Bədən Tərbiyəsi İnstitutunu bitirib. Son illərdə Mərkəzi Ordu İdman klubunda məşqçi işləyən Azər İsayev fikrində doğma rayona gəlib burada çalışmaq, güləşə böyük marağı olan Masallıda istedadlı gəncləri tapıb yetişdirmək istəyəndə ilk öncə rayon rəhbərliyi ilə görüşüb məqsədini bildirəndə cənab Araz Əhmədov ona Masallıda onlarca istedadlı gəncin olmasını və onları axtarıb tapmasını söyləyib. Deyib ki, Masallıda sərbəst güləş üzrə özünəməxsus bir məktəb yarat. İllər keçdikcə yaratdığın bu məktəb sənin adını xatırlatsın.

Rayon rəhbəri Azərin güləşdə özünəməxsus metodları, jestləri olduğunu zəhmətkeşliyini, cəsarətini çox yaxşı bilir. Odur ki, onun tapşırığına əsasən şəhər bir nömrəli tam orta məktəbin idman zalının əsaslı təmirini iş adamı Zeynalabdul Zeynalova həvalə edib.
Artıq burada işlər başa çatmaqdadır. Zalın döşəməsi təmir olunmuş, soyunub-geyinmə otağı qaydaya salınmış, duşxana bərpa edilmişdir.
Söhbət əsnasında çempion Azər məktəbin direktoru Mehriban Sultanovadan razılıq edib, təşəkkürünü qəzet vasitəsi ilə  ona çatdırmağı bildirdi.
Azər İsayev 5 oğul, 1 qız atasıdır. Ömür-gün yoldaşı Natəvan ingilis dili müəlliməsidir. Evin böyük oğlu atası Qiyasın adını daşıyır.

Ordudan yeni qayıdan Ayxan da Masallıya gəlib atasından sərbəst güləşin sirlərini öyrənəcək. Məhəmməd və Əli isə Masallıda təhsilini davam etdirəcəklər.  Vurğunla bacısı Dəniz Bakı şəhərindəki 258 nömrəli məktəbdə oxuyurlar.
 Azər İsayev idman karyerasında onlarca gənc yetişdirib ki, onların arasında ölkə, Avropa, dünya birinciliklərində 1-3-cü yerləri tutanlar var.

Sərbəst güləş ustası boya-başa çatdığı Masallıya qayıdıb. Məqsəd və məramı aydındır, doğma rayonda yeni güləş məktəbi yaratmaq, gənclərin vətənpərvərlik ruhunu yüksəltmək.

Azər deyir ki, ölkəmizdə idmana qayğı yaxşıdır. Axı, idman sağlamlıq deməkdir. Ulu öndər idmançılara hər cür şərait yaradırdı.
Möhtərəm Prezidentimiz də idmanın inkişafı üçün ölkədə onlarca olimpiya mərkəzlərinin yaradılmasına nail olub. Bu da bəhrəsini verir. İdmançılarımız müxtəlif beynəlxalq yarışlardakı uğurları ölkə rəhbərinin bu sahəyə diqqət və qayğısından irəli gəlir.
Çempiona sonuncu sualımız: bu xeyirxah istəyə nədən başlamısınız?
– İlk növbədə güləş üçün bəzi avadanlıq sifariş vermişik. Bu işdə rayon gənclər və idman idarəsinin rəisi Sabiq Cahangirov da kömək göstərir. Şəhərdəki 1,2 və 3 nömrəli məktəblərdə məşqlər aparacağıq. Hələlik 6-14 yaşlı istedadlı, sağlam yeniyetmələri tapıb dəvət edirik.
Uğur olsun, Azər müəllim. İnanırıq ki, yaxın vaxtlarda güləşin sirrlərini öyrədəcəyiniz gənclərin səsi ölkə, Avropa və Beynəlxalq turnirlərdən gələcək. O gün uzaqda deyil.




HƏSƏNAĞA.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az



шаблоны для dle 11.2
Вернуться назад